waplog

Paytaxtda “Kibernetika və informatika problemləri” mövzusunda IV Beynəlxalq konfrans keçirilib


Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) “Kibernetika və informatika problemləri” mövzusunda IV Beynəlxalq konfrans öz işinə başlayıb. “ICTnews” elektron xəbər xidməti bildirir ki, konfrans AMEA, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) və Təhsil Nazirliyinin təşkilatçılığı ilə düzənlənib. Tədbirdə ABŞ, Almaniya, İtaliya, Türkiyə, Rusiya və digər ölkələrdən nüfuzlu alimlər iştirak ediblər.

AMEA prezidenti Mahmud Kərimov konfransın 3 gün davam edəcəyini bildirərək deyib ki, elmi toplantıda informasiya-kommunikasiya texnologiyaları, intellektual texnologiyalar və sistemlər, seysmik cihazlar, sistemlər və texnologiyalar, idarəetmə və optimallaşdırma, modelləşdirmə mövzusunda müzakirələr aparılacaq.

Bu gün Azərbaycanda informasiya texnologiyalarına cavab verə bilən müasir gəncliyin formalaşdığını deyən M.Kərimovun sözlərinə görə, hazırda ölkənin qarşısında duran əsas məsələlərdən biri də təbii resursları intellektual potensiala çevirməkdir: «Bu istiqamətdə də mühüm işlər görülür. Ölkədə müasirləşmə siyasəti aparılır, elmi-texniki tərəqqi ilə bağlı addımlar atılır, Azərbaycanda kosmik sənayenin yaradılması prosesi gedir. Bu, dövlət siyasətidir. İKT-nin inkişafı isə ilk növbədə intellektual potensialın güclənməsinə, ölkədə gedən müasirləşmə prosesinə dəstək verməyə yönəlib”.

Daha sonra çıxış edən Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib ki, Azərbaycanda informasiya kommunikasiya texnologiyaları sahəsi prioritet əhəmiyyət daşıyır. Hazırda ölkəmizin regionun İKT mərkəzinə çevrildiyini vurğulayan nazir müavininin sözlərinə görə, bunun əyani təzahürünü nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında görmək olar: «Azərbaycana yeni texnologiyaların gətirilməsi nəzərdə tutulub. Söhbət kosmik texnologiyalardan gedir.

Bu ilin sonunda Azərbaycan öz milli süni peykini orbitə çıxaracaq. Bu da öz növbəsində ölkənin İKT sahəsinə əlavə təkan verəcək, o cümlədən televiziya, internet, məlumatların ötürülməsinə müsbət təsir göstərəcək. 2014 və 2015-ci illərdə də peyklərimizi orbitə qaldırmagı planlaşdırırıq. Bununla da, Azərbaycan kosmik bazara daxil olub regionda müvafiq xidmətləri göstərə biləcək. Bu da Azərbaycana olduqca mühüm dividendlər verəcək”.

SEYMUR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL