waplog

Naxçıvan MR RİTN-də kollegiya iclası keçirilib


Naxçıvan Muxtar Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində 2012-2013-cü ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar kollegiya iclası keçirilib.

"ICTnews" elektron xəbər xidmətinin nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iclas 17 avqust 2012-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2012-2013-cü ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar keçirilmiş müşavirənin qarşıya qoyduğu vəzifələrə həsr olunub. İclası  Naxçıvan Muxtar Respublikası rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov açaraq payız-qış mövsümünə hazırlıq işlərinin gedişi, həyata keçiriləcək tədbirlər barədə çıxış edib.

O qeyd edib ki, əhalinin dayanıqlı rabitə ilə təmin olunması, rabitə xidmətinin keyfiyyətinin yüksəldilməsi məqsədilə nazirlikdə tədbirlər planı hazırlanıb. Qəza hallarının qarşısını almaq üçün ehtiyat hissələrinin əldə edilməsi bütün il boyu nəzarətdə olmasına baxmayaraq, qış mövsümündə elektrik kəsintiləri,  normadan fərqli elektrik verilişləri zamanı baş verə biləcək hadisələrin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir. Gərginliyin dəyişməsinə ani reaksiya verən rele qurğuları, stabilizatorlar, abunə qutuları, arabağlantı xətləri üçün qoruyucu bloklar tətbiq edilib.

Xətt təsərrüfatının normativə uyğunlaşdırılması, rabitə kabellərinin elektrik xətləri ilə təhlükəli kəsişmələri qaçılmaz olan yerlərdə yeraltı keçid,  yaxud rezin borulardan istifadə edilməsi, rayon mərkəzlərində və kəndlərdə abadlıq işləri ilə əlaqədar yeraltı rabitə qurğularının tikilməsi ilə rabitə xətlərinin yer altına keçirilməsi həm kabellərin istismar müddətinin xeyli yüksəlməsinə, həm də qəza hallarının əhəmiyyətli dərəcədə azalmasına səbəb olub.

Nazir bildirib ki, qış aylarında generatorlara və akkumulyatorlara ehtiyac artdığından bir neçə ildir ki, bu avadanlıqlara mərkəzləşmiş qaydada ixtisaslı mütəxəssislər tərəfindən xidmət göstərilir. Hər rübdə bir dəfə bütün yardımçı qurğulara texniki baxış keçirilir, generatorların iş saatına uyğun yağı, müxtəlif filtrləri dəyişdirilir, akkumulyatorların məhlulu və onun faizi normativə uyğunlaşdırılır. Avadanlıqlara vahid mərkəzdən xidmət edilməsi, qeyri-peşəkar müdaxilənin qarşısının alınmasına və nəticədə avadanlıqların daim saz olmasına, daha uzun müddət istismar edilməsinə  şərait yaradıb.

Son illər dövlətimizin rabitəçilərə göstərdiyi qayğılardan biri də onlar üçün beynəlxalq standartlara uyğun iş şəraiti olan yeni binaların inşa edilməsidir. Ayrı-ayrı yaşayış məntəqələrində istifadəyə verilən kənd mərkəzlərinin qazanxana sistemi ilə  təmin olunması belə binalarda çalışanların istilik problemini həll edib. Hazırda 117 avtomat telefon stansiyasından 68-i, 128 poçt bölmə və şöbələrindən isə 87-si yeni tikilmiş binalarda yerləşir.

Sonra sahələr üzrə 2012-2013-cü ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar görülmüş və görüləcək işlər barədə məlumat verilib.
 
CAHANGİR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL