waplog

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov: “Rəqabətqabiliyyətli və ixracyönümlü İKT sənayesinin gücləndirilməsi qarşımızda duran əsas vəzifələrdən biridir”


1. Cənab nazir, hazırda İKT sektoru hansı sürətlə inkişaf edir və bu gün onun həcmləri barədə nə demək olar?
 

Azərbaycanda İKT sektoru hazırda həm iqtisadiyyat sahəsi, həm də ölkənin ümumi sosial-iqtisadi inkişafına xidmət edən sahə kimi dinamik inkişaf etməkdədir. Bu sahə hər 3 ildə 2 dəfə genişlənir və son 8-10 il ərzində sektor üzrə orta illik artım tempi 25-30 % təşkil edir. 2011-ci ildə artım 13% olmuş və sektorun həcmi təqribən 1,4 milyard manata çatmışdır. Bu ilin 9 ayı ərzində isə sektorda 1,1 milyard manat gəlir əldə edilmiş, artım tempi isə 18,2 % təşkil etmişdir. Gəlirlərin 80%-i özəl sektorun payına düşür və bu, ölkədə biznes-mühitin yaxşılaşdırılması və özəl sektorun fəaliyyətinin gücləndirilməsi ilə bağlı görülən məqsədyönlü işlərin nəticəsidir. Bu yaxınlarda Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən açıqlanan nüfuzlu "Doing Business-2013" hesabatında Azərbaycanın 185 ölkə arasında 67-ci yerdə qərarlaşması ölkəmizdə biznes və investisiya mühitinin əlverişliliyini bir daha əyani şəkildə göstərir. Artıq ölkə əhalisinin 65 faizi internet, onların yarısı isə genişzolaqlı internet istifadəçisidir və bu iki göstərici üzrə Azərbaycan ümumdünya orta göstəricisini 2 dəfədən çox qabaqlayır. Mobil rabitə sahəsində də göstəricilərimiz yüksək səviyyədədir, hazırda ölkədə  hər 100 nəfərə 110 mobil telefon düşür, ən yeni texnologiya – "4G" xidməti tətbiq edilmişdir.
 
İKT-nin inkişafı sahəsində aparılan fəaliyyət beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Məsələn, Beynəlxalq Telekommunikasiya İttifaqının qiymətləndirməsinə əsasən Azərbaycan son 10 ildə İKT üzrə ən sürətlə inkişaf edən ölkələr sırasındadır. Davos İqtisadi Forumunun "Qlobal İnformasiya Texnologiyaları-2012" hesabatında isə Azərbaycan "Şəbəkə hazırlığı indeksi"nə görə dünyanın 142 ölkəsi arasında 61-ci yerə yüksələrək bir sıra göstəricilər üzrə qabaqcıl ölkələr sırasında olmuşdur.
 
2. Ölkənin İKT sektorunun və telekommunikasiya sahəsinin inkişaf istiqamətində birinci dərəcəli məsələlər hansılardır?
 

Ölkənin davamlı inkişafını təmin etmək üçün iqtisadiyyatın modernləşdirilməsi, neft-qaz amilindən asılılığının minimuma endirilməsi, rəqabət qabiliyyətinin və ixracın artırılması mühüm əhəmiyyət kəsb edir. Məhz informasiya-kommunikasiya texnologiyaları təhsil və elmin inkişafı ilə bərabər bu hədəflərə çatmağı təmin edəcək prioritet istiqamət kimi müəyyənləşdirilmişdir.
 
Bu baxımdan hazırda rəqabətqabiliyyətli və ixracyönümlü İKT sənayesinin gücləndirilməsi  qarşımızda duran əsas vəzifələrdən biridir. Bu məqsədlə ölkədə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun yaradılması  İKT sahəsində fəaliyyətin stimullaşdırılmasına, innovasiyaların tətbiqinə, habelə tətbiqi elmi-tədqiqat işlərinin genişləndirilməsinə, istehsal yönümlü fəaliyyətin dəstəklənməsinə, bu sahəyə yerli və xarici investisiyaların cəlb olunmasına xidmət edir. Güman edirik ki, Dövlət Fondu real mexanizm olaraq İKT sahəsinin güclənməsini təmin edəcəkdir. Həmçinin, "Regional İnnovasiya Zonası" layihəsi üzrə işlər yekunlaşdırılmışdır. Bu layihə çərçivəsində ölkədə İKT məhsullarının  istehsalı və ixrac potensialının artırılması və bu sahədə sahibkarlığın inkişafının sürətləndirilməsi üçün texnoparkın yaradılması, burada xüsusi ixrac rejiminin, o cümlədən vergi-gömrük güzəştlərinin tətbiqi və bir sıra digər mühüm tədbirlər nəzərdə tutulmuşdur.
 
Azərbaycanın İKT sahəsində regional mərkəzə çevrilməsinə, həmçinin, region ölkələrinin sosial-iqtisadi və texnoloji inteqrasiyasına xidmət edən "Transmilli Avrasiya Super İnformasiya Magistralı" və Avropa-Yaxın Şərq informasiya layihələrinin reallaşması da prioritet məsələlərdəndir. Yaxın aylarda ilk geostasionar süni peykimizin orbitə çıxarılması və peyk texnologiyaları əsasında xidmətlərin göstərilməsi Azərbaycanın Qərblə Şərq arasında etibarlı informasiya tranziti mərkəzi kimi mövqelərini möhkəmləndirəcək, ölkədə kosmik sənayeni keyfiyyətcə yeni mərhələyə yüksəltməklə, iqtisadiyyatımızın gələcək perspektivləri baxımından əhəmiyyətli olacaqdır.
 
Qeyd etdiklərimlə yanaşı, ölkədə genişzolaqlı internet xidmətlərinin inkişaf etdirilməsi, rəqəmli televiziya yayımına keçidin yekunlaşdırılması və "elektron hökumət" layihələrinin genişləndirilməsi İKT sahəsində sürətli inkişafın təmin edilməsi məqsədilə yaxın perspektiv üçün gündəmdə olan məsələlərdir.
 
3. "Azərspace" telekommunikasiya peykinin kosmosa çıxarılması istiqamətində nazirlik tərəfindən hansı işlər görülüb? "Azərspace" layihəsinin ümumi dəyəri nə qədərdir? Peykin kosmosa rəsmi buraxılışı hansı dövrə təyin olunub?
 

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması    haqqında" Sərəncamına və "Azərbaycan Respublikasında kosmik sənayenin yaradıması və inkişafı üzrə Dövlət Proqramı"na müvafiq olaraq, görülən işlər çərçivəsində RİTN ilə Malayziyanın "MEASAT Satellite Systems"  şirkəti arasında danışıqlar aparılmış, Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən Malayziyaya ayrılmış "46.0ºŞ. Azerspace/Africasat-1a" peyki üçün  optimal orbital mövqe hesab edilmiş  və həmin şirkətlə bu orbital mövqedən istifadəyə dair müqavilə imzalanmışdır. 

Bundan sonra RİTN tərəfindən ilk telekommunikasiya peykinin istehsalı ilə bağlı tender elan edilmişdir. Tender komissiyası  təkliflərinin qiymətləndirilməsi və müqayisəsi əsasında ABŞ-ın "Orbital Sciences Corporation" şirkətini tenderin qalibi elan etmiş və bu şirkətlə 27 may 2010-cu il tarixində "Azərspace/Afrikasat-1A" peyki və əlavə avadanlıqlara dair müqavilə" imzalanmışdır. Raketdaşıyıcının  seçilməsi üzrə  yerli və xarici ekspertlərin müsbət rəyi, maliyyə və texniki göstəricilər nəzərə alınaraq Fransanın "Arianespace" şirkəti ilə 2010-cu ilin noyabrın 5-də Azərbaycanın ilk telekommunikasiya peykinin  "Ariane -5" raketdaşıyıcısı ilə orbitə çıxarılması haqqında "Buraxılma Xidmətləri Müqaviləsi"    imzalanmışdır.
 
Peykdə C və Ku tezlik zolaqlarında 36 transponder nəzərdə tutulur və peyk vasitəsilə Şərqi Avropa, Şimali Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionuna yüksək keyfiyyətli telekommunikasiya və yayım xidmətləri təşkil ediləcəkdir.
 
Layihənin ümumi dəyəri təxminən 250 milyon ABŞ dolları təşkil edir. Hazırda peykin istehsalı tamamlanmış və zavod testləri mərhələsinə başlanılmışdır. Peyk noyabr ayında zavodda tam hazır vəziyyətə gətiriləcəkdir. Peykin 2013-cü ilin fevralında Cənubi Amerikada yerləşən Fransanın Qviana Kosmik Mərkəzinin Kuru kosmodromundan geostasionar orbitə çıxarılması nəzərdə tutulur.
 
4. Sizcə, bu gün Azərbaycanda "İGF"-in keçirilməsi nə dərəcədə aktualdır?  Ölkəmizdə internet texnologiyalarının inkişafı sahəsində hansı məsələləri daha vacib hesab edirsiniz?
 

İnternet İdarəçilik Forumu 2003-cü il Cenevrədə, 2005-ci il Tunisdə çoxsaylı hökumət və dövlət başçılarının iştirakı ilə keçirilmiş İnformasiya Cəmiyyəti üzrə Dünya sammitlərinin davamı kimi keçirilən illik tədbirdir və növbəti - sayca 7-ci forumun ölkəmizdə keçirilməsi çox sevindiricidir.  Ölkəmizin İnternet İdarəçilik Forumu kimi nüfuzlu tədbirə ev sahibliyi etməsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müəyyənləşdirdiyi İKT siyasətinin uğurla həyata keçirilməsinin nəticəsidir. BMT, həmçinin ABŞ başda olmaqla dünyanın bir sıra aparıcı ölkələrinin bu tədbirin Azərbaycanda təşkilini dəstəkləməsi ölkədə İKT və internetin inkişafına ciddi diqqət yetirildiyini göstərir. Bu forum böyük ölçüdə Azərbaycanın qlobal internet şəbəkəsinin idarə edilməsi və gələcək inkişafı perspektivlərinin müəyyən edilməsi məsələlərində rolunu artıracaq, bu sahədə beynəlxalq təşkilatlarla birgə fəaliyyətini və beynəlxalq əməkdaşlıqda mövqelərini gücləndirəcəkdir.
 
Bundan əvvəl də qeyd etdiyim kimi, hazırda ölkədə, xüsusən də regionlarda genişzolaqlı internetin inkişaf etdirilməsi, əhalinin ondan istifadəsinin genişləndirilməsi və keyfiyyətin yüksəldilməsi həlli vacib məsələlərdir. Bu məqsədlə qabaqcıl ölkələrin təcrübəsi, həmçinin Beynəlxalq Telekommunikasiya İttifaqının Rəqəmli İnkişaf üzrə Genişzolaqlı Komissiyasının tövsiyələrini nəzərə almaqla fəaliyyət proqramı  və onun əsasında investisiya layihəsi hazırlanmışdır. Bu layihənin gələn ildən həyata keçirilməsi milli internet infrastrukturunun potensialının artırılmasına, "evlərə optika" prinsipi ilə internetə çıxışın yaradılmasına, bölgələr və əhali qrupları arasında "rəqəmli fərqliliyin" azaldılmasına, elektron xidmətlərdən istifadə imkanlarının artırılmasına,  ölkədə distant-təhsil, elektron ticarət, teletibb və digər müasir fəaliyyətlərin daha geniş tətbiqinə xidmət edəcəkdir.
 
5. Cənab nazir, Siz "Bakutel" sərgisinin Azərbaycanda İKT sektorunun inkişafındakı rolunu necə qiymətləndirirsiniz? Bu səviyyəli tədbir ölkədə və bütövlükdə regionda texnologiya sahəsi ilə bağlı hansı ən mühüm məsələlərin həllinə kömək etməlidir?
 

Bu mötəbər ənənəvi tədbir ölkəmizdə İKT-nin ən müxtəlif sahələrində əldə olunan mühüm nailiyyətlərin beynəlxalq işgüzar dairələrə çatdırılması, təşəbbüskarı və bilavasitə iştirakçısı olduğumuz regional və beynəlxalq İKT layihələrinin həyata keçirilməsi, eləcə də qarşılıqlı faydalı əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.

Bu sərginin dünya miqyasında tanınmış şirkətlərin dəstəyi və fəal iştirakı ilə keçirilməsi onu göstərir ki, Azərbaycanın beynəlxalq inteqrasiya layihələrində iştirakı genişlənir,  həm ikitərəfli, həm də regional və beynəlxalq əməkdaşlıqda rolu artır, ölkənin İKT sektoruna xarici investorların marağı çoxalır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi, Azərbaycan hökumətinin, eləcə də mötəbər beynəlxalq təşkilatların dəstəyi ilə keçirilən "Bakutel" sərgisi Xəzəryanı və Qafqaz regionlarında ən iri telekommunikasiya və informasiya texnologiyaları sərgilərindən birinə çevrilmişdir və mən çox şadam ki, ildən-ilə onun əhatə dairəsi və iştirakçılarının tərkibi genişlənir. Bu sərginin mühüm əhəmiyyət kəsb edən məqamlarından biri də İKT sənayesinin nümayəndələrinə, maraqlı tərəflərə bir araya gələrək sıx ünsiyyət qurmaq, ideyalarla bölüşmək, işgüzar münasibətləri inkişaf etdirmək və bazarın yeniliklərini araşdırmaq üçün əlverişli imkanlar yaradılmasıdır.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL