waplog

Bakının bütün, respublikanın isə bir neçə rayonunda “elektron növbəlilik” sisteminin tətbiqinə başlanılıb


Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycanda daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması sahəsində fəaliyyətinin təkmilləşdirilməsi, əhaliyə göstərilən xidmətlərin müasir standartlara uyğun qurulması və daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı orqanına ictimai etimadın daha da artırılması məqsədilə bir sıra tədbirlər həyata keçirir.

Bu barədə “ICTnews” elektron xəbər xidmətinə komitənin mətbuat xidmətindən məlumat verilib. Komitə bildirir ki, görülən işlərin nəticəsi olaraq Azərbaycan Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının  "Doing Business-2013" hesabatına əsasən, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı sahəsində ən yaxşı vəziyyətin olduğu on ölkə arasındadır.

"Doing Business-2013" hesabatına görə, bu göstərici üzrə Azərbaycan reytinqin əhatə etdiyi 183 ölkə arasında 9-cu yerdədir. Həyata keçirilən tədbirlərin əsas istiqamətlərindən biri mülkiyyət hüquqlarının qeydiyyatı prosesində şəffaflığın artırılması, göstərilən xidmətlərin səviyyəsinin yüksəldilməsi, ən əsası əhalinin bu xidmətlərdən istifadəsinin maksimum sadələşdirilməsidir. «Bu tədbirlər bir neçə mühüm istiqamətdə aparılır.

Belə ki, daşınmaz əmlakın qeydiyyatı sahəsində mövcud qanunvericiliyin təkmilləşdirilməsi, şəffaflığın artırılması, eləcə də təşkilati və texniki sahədə tədbirlər görülür. Bu tədbirlərə qeydiyyat prosesinin maksimum sadələşdirilməsi, yerli qeydiyyat bölmələrinin sayının artırılması yolu ilə əhatə dairəsinin genişləndirilməsi, müraciətlərin icrasına nəzarətin, əhali arasında izahat və təbliğat işlərinin gücləndirilməsi və s. aiddir.

Eyni zamanda həyata keçiriləcək işlər çərçivəsində daşınmaz əmlaka dair hüquqların qeydiyyatı üçün qaydaların sadələşdirilməsi, bunun üçün tələb olunan müddətlərin azaldılması, daşınmaz əmlakın dövlət reyestrinin aparılması sahəsində yeni elektron xidmətlərin göstərilməsi, ərazi qeydiyyat idarələri tərəfindən göstərilən xidmətlərin tariflərinin təkmilləşdirilməsi barədə təkliflərin hazırlanması nəzərdə tutulur.

Qeyd edilməlidir ki, artıq may ayının 1-dən elektron xidmətlərin tətbiqinə başlanılıb. Bu xidmətlər sayəsində hər bir vətəndaş daşınmaz əmlakını qeydiyyatdan keçirmək üçün ərazi qeydiyyat idarələrinə internet vasitəsilə onlayn müraciət edə bilər. Hazırda məhdudiyyət haqqında arayışların verilməsi və təkrar bazardan qayıdan əmlakların qeydiyyatı ilə bağlı müraciətlər elektron qaydada qəbul olunur.

Gələcəkdə isə ipotekanın qeydiyyatı, ləğvi, hüquqların tanınması kimi proseslərin də elektron formada aparılması nəzərdə tutulub. Elektron xidmətlərin tətbiqi əmlak bazarının şəffaflığının daha da yüksəlməsinə, əmlak bazarı iştirakçılarının etibarlılığının artmasına, vətəndaşların əmlaklarını daha rahat və operativ şəkildə, əlavə vaxt itkisinə yol vermədən dövlət qeydiyyatından keçirmələrinə imkan yaradır».

Komitə bildirir ki, 2012-ci ilin may-oktyabr ayları ərzində 700-ə yaxın elektron müraciət daxil olub və icra edilib: «Vətəndaşların daşınmaz əmlaklarının qeydiyyatının daha rahat və operativ qaydada aparılması məqsədilə artıq bütün yerli qeydiyyat idarələrində sənəd qəbulu həftənin bütün iş günlərində və iş gününün sonunadək həyata keçirilir. Bundan başqa, DƏDRX-in Bakı Şəhər Ərazi İdarəsinin bütün rayon şöbələrində, Abşeron, Sumqayıt, Gəncə və Xaçmaz ərazi idarələrində “elektron növbəlilik” sisteminin tətbiqinə başlanılıb».

Komitədən o da vurğulanıb ki, həyata keçirilən tədbirlər nəticəsində vətəndaşlar, əmlak sahibləri, biznes qurumları daşınmaz əmlaklarını daha qısa müddətdə dövlət reyestrində qeydiyyata aldıra bilərlər. Belə ki, artıq ərazi qeydiyyat idarələrində əmlaklara dair arayışlar 1 gün ərzində, təkrar bazardan keçmiş əmlaklara dair reyestrdən çıxarışlar isə 7 gündən gec olmayaraq təqdim edilir. Bu müraciətlər elektron qaydada da qəbul edilir.

Qeydiyyat sahəsində digər yeniliklər təşkilati tədbirlərə aiddir. Bu tədbirlərə əsasən xidmətin əhatə dairəsinin genişləndirilməsi və geniş əhali kütlələri üçün əlçatanlığının artırılması nəzərdə tutulur. Bu addım vətəndaşları daşınmaz əmlakın qeydiyyatı, məhdudiyyət arayışlarının alınması və onunla bağlı digər əməliyyatların aparılması üçün uzun məsafə sərf edib vaxt itirməsinin qarşısını alacaq.

Bu məqsədlə ilk olaraq, xidmətin ərazi idarələrinin strukturu təkmilləşdirilir, Bakı Şəhər Ərazi İdarəsinin yeni filialları yaradılır. Belə ki, Yasamal, Suraxanı, Nəsimi, Nizami və Səbail  rayon qeydiyyat şöbələri yaradılıb: «Bu filiallar bina, avadanlıq və texniki vasitələrlə, kommunikasiya şəbəkələri ilə  təmin edilmişdir.

Bundan başqa, ərazi idarəsi və ya rayon şöbəsinin yerləşmədiyi böyük yaşayış məntəqələrində ərazi qeydiyyat idarələrinin sənəd qəbulu məntəqələrinin yaradılması, onların bina, avadanlıq və texniki vasitələrlə, kommunikasiya şəbəkələri ilə təmin edilməsi nəzərdə tutulur. Daşınmaz əmlakın qeydiyyatı prosesinin sadələşdirilməsi sahəsində tədbirlərdən biri də bunun üçün dövlət rüsumları və xidmət haqlarını istənilən ödəmə məntəqəsində aparmaq imkanının yaradılması olacaq.

Bu ödənişlər avtomatik olaraq Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemində aidiyyəti üzrə vətəndaşdan qəbul olunmuş ərizənin qarşısında görünəcək. Bu məqsədlə Daşınmaz Əmlakın Milli Qeydiyyat Sistemi ilə ödənişlərin aparıldığı bank arasında əlaqənin yaradılması nəzərdə tutulur. Bu tədbirlərin həyata keçirilməsinin başlıca məqsədi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatının maksimum sadələşdirilməsi, əhalinin və biznesin bu xidmətlərə çıxışını asanlaşdırması, prosesin daha şəffaf və effektiv olmasına şərait yaratmasıdır».

SEYMUR


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL