waplog

İTİ-də ABŞ-ın şirkətinin prezidenti ilə görüş keçirilib


AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) ABŞ-ın "Applied Professionals International" şirkətinin prezidenti Güvən Yalçıntaş ilə görüş keçirilib.

"ICTnews" elektron xəbər xidmətinə İTİ-dən bildirilib ki, tədbirdə həmçinin AMEA Rəyasət Heyətinin "Xarici əlaqələr" şöbəsinin rəhbəri Ədalət Həsənov, biologiya elmləri doktoru Şəfiqə Topçuyeva və Radiasiya Problemləri İnstitutunun "Beynəlxalq layihələr və informasiya" şöbəsinin müdiri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Mətanət Mehrabova iştirak ediblər.

"Applied professionals international" şirkətinin gənc ixtiraçılara innovasiya fəaliyyəti ilə bağlı konsaltinq xidmətləri göstərdiyini bildirən G.Yalçıntaş burada əsas məqsədin kreativliyin, innovativ təfəkkürün formalaşması və inkişafı, elmi-texniki sahədə innovasiyaların aşkar edilməsi, onlara patentlərin verilməsində əlaqələrin yaradılmasından ibarət olduğunu söyləyib.

Türkiyənin Sənaye və Texnologiya Nazirliyi, TUBİTAK (Türkiyə Elm və Texnoloji Araşdırma Qurumu) ilə əməkdaşlıq əlaqələrinin olduğunu bildirən G.Yalçıntaş 20 ildir ki, CRDF-də (ABŞ-ın Mülki Tədqiqatlar və İnkişaf Fondu) çalışdığını və bu sahədə böyük təcrübəyə malik olduğunu vurğulayıb.

Belə ki, qeyri-kommersiya təşkilatı olan CRDF 1995-ci ildə ABŞ Milli Elm Fondu tərəfindən yaradılıb. CRDF fundamental və tətbiqi tədqiqatlar sahəsində beynəlxalq əməkdaşlığın inkişafına köməklik göstərir, birgə tədqiqatlara və elmi-tədqiqat institutlarına qrantlar ayırır, təhsil proqramlarını reallaşdırır, layihələrin idarə edilməsinə yardım edir. CRDF proqramlarının fəaliyyət sferasına Avrasiya, Şimali Afrika, Cənubi-Şərqi Asiya və Orta Şərqdə 30-dan artıq ölkə daxildir.

"Elmi layihələrin maliyyələşdirilməsi, onlara patent və qrantların verilməsi elmin inkişafında nə qədər mühüm amildirsə, kreativliyin və intellektual təfəkkürün formalaşması və inkişaf etdirilməsi də bir o qədər vacibdir" -bildirən G.Yalçıntaş aktual və perspektivli layihələrin seçilməsi və həyata keçirilməsinin innovativ inkişafın təməl sütunu olduğunu qeyd edib. O, müasir dövrdə istənilən sahədə innovasiyalar tətbiq edilmədən tərəqqiyə nail olmağın mümkünsüzlüyünü vurğulayıb:

"İnnovasiyaya inanmayan ölkələr inkişafdan geri qalmağa, innovativ fəaliyyəti olmayan şirkətlər isə rəqabətdə uduzmağa məhkumdurlar". Görüş zamanı qonağa Azərbaycanda İKT infrastrukturunun inkişafı, əhalinin genişzolaqlı İnternetlə təmini, yeni e-xidmətlərin yaradılması və s. istiqamətdə aparılan işlər haqqında məlumat verilib. Bildirilib ki, hazırda ölkə əhalisinin 65 faizi internet, 30 faizi isə genişzolaqlı internet istifadəçisidir. Hər 100 nəfərə isə 110 mobil telefon düşür.

Bundan əlavə, ölkədə kosmik sənayenin formalaşması və inkişafına dair görülən tədbirlər də qonağın nəzərinə çatdırılıb. 2013-cü ilin fevral ayında Azərbaycan üçün taleyüklü hadisə olan ilk süni peykimizin Yerətrafı orbitə çıxarılmasının əhəmiyyəti qeyd edilib. Bildirilib ki, 2014-2016-cı illərdə daha iki peykimizin istifadəyə verilməsi planlaşdırılır. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının əsas hədəflərindən biri İKT-dən əldə edilən gəlirlərin neftdən gələn gəlirləri üstələməsinə nail olmaqdır.

Tədbirdə, həmçinin sənaye mülkiyyəti obyekti üçün patent, bu sahədə hüquqların tanınması və s. ətrafında qarşılıqlı maraq döğuran məsələlər müzakirə edildi, fikir mübadiləsi aparılıb.

HƏQİQƏT

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL