waplog

RİTN-da əhalinin genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətləri ilə təmin edilməsi müzakirə olunub


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) Azərbaycan Respublikası Dövlət Neft Fondunun, "Booz&Co" məsləhətçi şirkətinin və aidiyyəti rabitə birlik və müəssisələrinin rəhbərlərinin iştirakı ilə Bakı şəhərində, respublikanın digər bölgələrində və Naxçıvan MR ərazisində əhalinin genişzolaqlı internet və digər müasir telekommunikasiya xidmətləri ilə təmin edilməsi məqsədilə hazırlanmış layihənin müzakirəsi keçirilib.

Layihədə 2013-2015-ci illərdə və sonrakı dövrdə "Hər evə optika" prinsipi üzrə yüksəksürətli və keyfiyyətli genişzolaqlı internet xidmətlərinin təşkili üçün telekommunikasiya şəbəkəsinin müxtəlif istiqamətlərinə, ucqar yaşayış məntəqələrinə və magistral şəbəkədə ATS-dən iki km-dən çox məsafədə yerləşən telefon şkaflarına fiber-optik kabel xətlərinin çəkilişi, kommutasiya və transmissiya qurğularının yeni xidmətlərə uyğun modernləşdirilməsi, telefonlaşdırılmamış yaşayış massivlərinin, çoxmərtəbəli binaların, qismən telefonlaşdırılmış yaşayış məntəqələrinin ən yeni texnologiyaların tətbiqi ilə telefonlaşdırılması, yeni ATS binalarının tikintisi, struktur və tarif islahatlarının həyata keçirilməsi, tənzimləmənin təkmilləşdirilməsi və digər məsələlər öz əksini tapıb.

Müzakirədə Rabitə və informasiya texnologiyaları naziri cənab Əli Abbasov layihə çərçivəsində 2015-ci ilə qədər və sonrakı dövrdə Bakı şəhərində 100 mb/s, digər iri şəhərlər və rayon mərkəzlərində 30 mb/s, qəsəbə və kənd yerlərində 10 mb/s və daha çox sürətli genişzolaqlı internetlə əhalinin təmin ediləcəyini, layihənin effektiv həyata keçirilməsi və müəyyən edilmiş hədəflərə nail olunması üçün müvafiq islahatların aparılmasının zəruriliyini vurğuladı.

Müzakirədə Dövlət Neft Fondunun icraçı direktorunun müavini cənab İsrafil Məmmədov çıxış edərək layihənin həyata keçirilməsinin əhəmiyyətini qeyd etdi. "Booz&Co" məsləhətçi şirkətinin layihənin texniki, kommersiya, əməliyyat, tənzimləmə modelləri üzrə müzakirəyə təqdim etdiyi məlumat dinlənildi və iclas iştirakçılarının məlumata dair rəy və təkliflərinin nəzərə alınması vacib sayıldı.

2013-cü ildə layihənin birinci mərhələsinin maliyyələşdirilməsi üçün Dövlət Neft Fondu tərəfindən 103,6 milyon manat vəsaitin ayrılmasının nəzərdə tutulduğu və yaxın günlərdə layihənin maliyyələşdirilməsinə və tədbirlərin icrasına başlanılacağı qeyd edildi.

Layihənin "elektron hökumət" həllərinin regionlarda tətbiqinin genişləndirilməsi, şəhər və kəndlər arasında rəqəmli fərqin aradan qaldırılması, sektorun sağlamlaşdırılması və İSP-lərin səmərəli fəaliyyəti üçün münbit şəraitin yaradılması üzrə əhəmiyyətli rolu xüsusi vurğulandı.

Genişzolaqlı internet xidmətlərinin "Hər evə optika" prinsipi əsasında inkişaf etmiş ölkələrin göstəricilərinə yaxınlaşdırılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsinin əhəmiyyəti vacib sayılıb.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL