waplog

Əsirlikdə keçən 8 gün


İnsan həyatında elə yaralar olur ki, bir ömür boyu sağalmaz və gündən-günə, aydan-aya ağrıları artar, daha da şiddətlənər. Belə yaralardan biri də sözsüz ki, vətən itkisi, müharibə dəhşətləri, evindən-yurdundan uzaq düşməyə məcbur olmaq və bir də şübhəsiz ki, düşmən əlində əsirə çevrilmək, işgəncələrlə, təhqirlərlə, olmazın əzabları ilə üz-üzə qalmaqdır. Məhz bu kimi yaralar insan xatirəsində pozulmayan, silinməyən izlər buraxar, onun gəncliyini, gələcəyini, xoşbəxtliyini, səadətini, arzularını məhv edər.

Bu cür yaralar hər bir insanın uşaqlıq çağlarında ideallaşdırdığı, xəyallarında yaratdığı və canlandırdığı xoşbəxt yaşamın üzərindən elə xəyal ikən qara xətt çəkər, doğulmamış bir körpə kimi ana bətnində ikən öldürər.

Müharibə, elinin-obanın işğal olunması o kənddə, o rayonda yaşayan insanların illərlə yığdıqları əmlaklarının, qoruyub saxladıqları ənənələrinin, mədəniyyətinin, milli-mənəvi dəyərlərinin talan və məhv edilməsi deməkdir. Heç şübhə yoxdur ki, bu cür talanlara məruz qalan bəşər övladı dünyanın hansı bölgəsində, hansı yaşam tərzi və şərtləri altında yaşamasından asılı olmayaraq yenə də qaysaq bağlamayan yaralarından əziyyət çəkəcək, ağrılarını azaltmaq, unutmaq üçün qəbul edəcəyi hər hansı bir dərman dadına yetməyəcək.

Ara-sıra gülməyi bacaran, bəzən müəyyən sevincli anları yaşayan müharibə dəhşətləri görmüş insanın gözündə belə onun xoşbəxt olmadığını sezmək, müşahidə etmək mümkündür. Bu da səbəbsiz deyil. Çünki yaraların dərinliyi heç bir zaman o çağlara qayıtmağa imkan verməz, yenidən arzular qurmağı, xoşbəxt sonluğu olan xəyal göyərçini uçurmağı gözündə qoyar.

Sinəsinə müharibə dağları çəkilmiş bəşər övladının yaralarını isə yalnız bir yolla sağaltmaq mümkündür. Bu da əlbəttə ki, insanın doğulub boya-başa çatdığı, sevincli uşaqlıq illərini keçirdiyi, iyinə, qoxusuna, dadına bələd olduğu ana yurduna, balaca kəndinə, elə lap balaca komasına, daxmasına qayıtmasıdır. Yalnız torpaq həsrəti bitdikdən sonra yaralar sağalmağa doğru yön alar.

Xocalı - arzuların doğulduğu və öldürüldüyü məkan

Bu gün sizə həm müharibə dəhşətləri görmüş, həm də əsir həyatı yaşamış bir azərbaycanlı qadından, xanım rabitəçidən söz açacağıq. Elə bir xanımdan ki, vətənini, dövlətinin müstəqilliyini, elini-obasını öz canından, həyatından üstün tutaraq müharibə şəraitində, top-güllə altında son ana qədər öz işi ilə xalqına yardımçı olmuş, məlumatların alınmasında və ötürülməsində, rabitənin qurulmasında birbaşa iştirak etmişdir.

Elə bir xanımdan ki, sürünə-sürünə mühasirədən çıxan zaman yerə tökülmüş açılmamış güllələri Azərbaycan əsgərlərinə vermək üçün çantasına yığmış, Xocalı faciəsini öz gözləri ilə görmüşdür. Bəli, bu, Ağayeva Dürdanə Allahverdi qızıdır. Onun ağrılı-acılı həyat hekayətinə qulaq asdıqca, yaşadıqlarını təsəvvür etdikcə nə qədər əzablı, dəhşətli günlərlə üzləşdiyini anlamamaq mümkün deyil.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni terrorçu və işğalçı qruplaşmaları Azərbaycan tarixində növbəti bir qanlı soyqırımı törətdilər. Milli kimliyinə görə silahsız, köməksiz insanları – qocaları, qadınları, uşaqları qanına-qaltan etdilər. Bu günləri yaşayan Dürdanə Ağayevanın gördükləri, onun dilindən tökülənlər insanın tüklərini biz-biz edir, istər-istəməz o acıları ürək döyüntülərində hiss etməli olursan, gözlərin dolur və yanağından axan yaşları silməyə belə özündə cəsarət tapa bilmirsən. Hazırda Xəzər Telefon Qovşağının Buzovna qəsəbəsində yerləşən 53 saylı ATS-də elektromontyor işləyən və həmin binada da məskunlaşan Dürdanə xanım başına gələnləri belə xatırlayır:

- Mən o zaman Xocalı Rabitə Qovşağında telefonçu işləyirdim. Bu işə 1989-cu ildə təyin olunmuşdum. Faciə baş verənə qədər sakinlərin demək olar ki, hamısı şəhərdə idi. Çünki hamı elə bilirdi ki, düşmən tezliklə susdurulacaq və geri oturdulacaq. Fevralın 25-də qızğın döyüşlər gedirdi. Ona görə də heç kim yatmamışdı. Topun, tankın səsində qulaq tutulurdu. Gecəyə doğru atəş səsləri daha kəskinləşdi və şəhər gülləboran edilməyə başladı və insanlar pərən-pərən düşdü.

«Yeganə əlaqə telefon və ratsiya ilə mümkün idi»

Dürdanə xanım xatırlayır ki, elektrik enerjisindən məhrum edilmiş Xocalıda yalnız poçt binasında işıq yanırdı: «Dizel-generatorun hesabına yandırılan işıq sakinlərin əsas xəbər mənbəyi olub. Gərgin vəziyyətdə olan sakinlər poçtun həyətinə qoyulmuş televizordan gözünü çəkmirdilər. Ondan düşmənin susdurulması və geri oturdulması ilə bağlı xəbər almaq istəyirdilər. Ona görə də poçtun həyəti gecə-gündüz qocalarla, qadınlarla dolu olardı.

Son günlər isə Bakı, Ağdam, Şuşa istiqamətində yeganə əlaqəmiz telefon və ratsiya ilə mümkün idi. Gündə bir neçə dəfə, elə olurdu ki, 10-15 dəfə Bakıdan, Ağdamdan, Şuşadan zəng edirdilər, xocalılara təskinlik verirdilər. Həmin gecə də, yəni fevralın 25-də də zəng edib camaata təskinlik verdilər, üstəlik, Əsgəran yolunun nəyin bahasına olur-olsun açılacağını dedilər. Amma görünən odur ki, bu, xocalılar üçün sonuncu sözlər oldu».

“Alovlar içində inildəyən Xocalı”

Dürdanə xanım bildirir ki, gecəyarı – daha da ağırlaşanda bir müddət evlərin zirzəmilərində gizlənməli olublar: - Gələn səslərdən anlayırdıq ki, tanklarla, toplarla evlərimizi dağıdırlar. Az keçməmiş xəbər gətirdilər ki, artıq düşmən Xocalı aeroportunu da işğal edib. Aeroport da xocalıların yeganə çıxış yolu idi. Çünki o zaman Xocalı mühasirəyə alınmışdı. Bu xəbərdən sonra zirzəmidə qalmağın mənasız olduğunu başa düşdük. Ona görə də saxlandığımız yerdən çıxıb şəhərdən uzaqlaşmağa məcbur olduq. Təxminən gecə saat 1-2 olardı. Hamı şəhəri tərk edirdi.

Qarlı, şaxtalı qış gecəsində üzü Qarqar çayına tərəf getdik. Hər tərəfdə atışma getdiyindən və hər yerdə qaniçən ermənilərin olduğunu nəzərə alıb meşəyə girməli idik. Bunun üçün də buz kimi suyu olan çayı keçməli olduq. Bu zaman insanlarımız suda islandı, sərt şaxtanın altında donmalı oldular və bir çoxları buna görə də bir qədər irəlilədikdən sonra yollarına davam edə bilmədilər. Çayı keçdikdən sonra qarlı dağları aşıb Ağdama getmək istəyirdik. Dağın başına qalxanda çevrilib bir anlıq Xocalıya baxdım. Son dəfə baxırdım. Gördüm ki, Xocalım yanır. Sanki onunla bərabər arzularım, dünənim, bu günüm də yandı.

«Ana bətnində ikən güllələnən məsum fəryadı»

Qarlı, buzlu, sürüşkən cığırlarla, sıldırımlı, daş-kəsəkli dağ ətəyi ilə getməyə məcbur idik. Çünki çay boyunca hərəkət edə bilməzdik. Əsgəran yolu düşmən tərəfdən bağlanmışdı. Yeganə yol dağlardan keçirdi. Elə bilirdik ki, o tərəfdə düşmən görməyəcəyik. Lakin artıq düşmən ən orta mövqe tutaraq tələ qurmuşdu. Bizim getdiyimiz dəstə çox böyük idi. Onların arasında yaralılar da var idi. Amma havanın soyuqluğu və çayı keçərkən islanmağımız çoxlarını dondururdu, ayaqlarımızı hiss etmirdik, elə titrəyirdik ki, bir-birinə dəyən dişlərimizin səsi açıq-aydın eşidilirdi. Nə qədər ehtiyatla, sakitcə getsək də, qayalardan, uçurumlardan düşüb dünyasını dəyişənlər də olurdu.

Hava işıqlaşmağa başlayanda biz Qara qaya adlanan yerə yenicə çatmışdıq. Bir də gördük ki, ermənilər bizə tərəf atəş açmağa başladılar. Camaat pərən-pərən düşdü, hərə vahimə içərisində bir tərəfə qaçmağa başladı. Biz də sürünə-sürünə ərazidən uzaqlaşmaq istədik. Bu zaman gördüm ki, yerdə açılmamış güllələr var, onları da çantama yığdım ki, əsgərlərə verərəm, lazımları olar. Həmin anda ayağımda istilik hiss etdim. Baxanda gördüm ki, məni də güllə ilə vurublar, yaralanmışam. Bir qədər süründükdən sonra huşumu itirdim. Ayılanda gördüm ki, camaatdan geri qalmışam. Bir qədər tez-tez hərəkət etməyə başladım. Bir qədər gedəndən sonra hamilə bir qadını güllə ilə qarnından vurdular. Qışqırıqlar başladı. Sən demə, ermənilər bizi görürmüşlər. Bir qədər sonra qardaşımı da güllə ilə yaraladılar. Sonra başımızın üstünü kəsdirdilər və dedilər ki, sizi öldürməyəcəyik, bizə sağ lazımsız. Bizi əsir alıb Əsgərana gətirdilər. Burada erməni qadınlar bizi daşa basmağa başladı. Ətrafda çoxlu sayda silah, zirehli maşınlar, toplar, tanklar, BTR gördüm. Dəhşətə gəlmişdim, bu qədər silaha qarşı bizim əsgərlər cəmi 1 BTR və 1 BMP ilə durmuşdu. Bizi «pojarnı» deyilən binanın kameralarına saldılar. Bura gələndə gördüm ki, Xocalının demək olar ki, sakinlərinin böyük bir hissəsini əsir götürüblər. Bütün kameralar, dəhlizlər xocalılarla, tanıdığım insanlarla dolu idi. Sonra bizi ayırmağa başladılar, qadınları bir, kişiləri isə bir kameraya yığdılar. Təxminən 40 qadın qalmışdıq.

«Qocalara və qadınlara məhəl qoymadan vəhşicəsinə döyürdülər»

Dürdanə xanım o anları xatırladıqca göz yaşları Xocalı həsrəti ilə yanan yanaqlarından süzülür. Müsahibim əsirlikdə üzləşdikləri əzablar haqqında danışmağın çətin olduğunu deyərək əlavə edir ki, ermənilər qadınları nəinki təhqir edir, onları alçaldır, eyni zamanda yaralıya, qocaya məhəl qoymadan hər kəsi döyürdülər:

- Sonra başladılar qiymətli əşyaları yığmağa. Kimin üstündə qızılı, gümüşü var idisə, hamısını aldılar. Çiblərimizi, çantalarımızı yoxladılar. Nə var idisə, hamısını vedrəyə yığdılar. Mənim çantamdan isə güllələr çıxdı. Buna görə də onları üzümə çırpıb öldürməklə hədələdilər.

Axşam ermənilər gəlib uşaqlı qadınların hamısını apardılar. Sonradan dedilər ki, onları benzinin əvəzində dəyişiblər. Kamerada 6-7 qadın qalmışdı. Səhərə yaxın içəri girdilər bizi də aparmağa başladılar. Mən qapının arxasında gizləndim, içəri çox qaranlıq olduğundan məni görmədilər. Hamını aparandan sonra tək qaldım, hava tam işıqlaşandan sonra gördüm ki, palçığın içində oturmuşam.

Qardaşım da əsir olduğundan onu qoyub gələ bilmədim. Özümü deyil, daha çox onu fikirləşirdim. Ermənilər biləndə ki, mən kamerada tək qalmışam, olmazın işgəncələrini verdilər. Düz 8 gün min dəfə ölüb-dirildim. Səkkiz gündən sonra məni və yaralı qardaşımı istədikləri qədər benzinə dəyişdilər. Mən Ağdamdan Əli Bayramlıya (Şirvan şəhəri), ordan da Bakıya gəldim. Ayağımdakı gülləni hospitalda çıxartdılar.

Seymur Qasımbəyli

s.qasimbeyli@gmail.ru


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL