waplog

Aprel-may ayları ərzində Bakı və regionlarda bir sıra rabitə obyektləri istifadəyə veriləcək


Aprel-may ayları ərzində Bakı və regionlarda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) qurumları tərəfindən bir sıra rabitə obyektləri istifadəyə veriləcək və bu qurumlar tərəfindən göstərilən müvafiq xidmətlər genişləndiriləcək.

Belə ki, aprel ayı ərzində BTRİB üzrə Qaradağ rayonunun Qobustan qəsəbəsində 3072 nömrə tutumlu, Binəqədi rayonunun Ordubadi küçəsində 1500 nömrə tutumlu, Suraxanı rayonunun Əmircan qəsəbəsində 1472 nömrə tutumlu, Badamdar qəsəbəsi, III yaşayış massivində 1800 nömrə tutumlu, Sabunçu rayonunun Ramana qəsəbəsində 1800 nömrə tutumlu yeni ATS-lərin, Qaradağ rayonunun Sahil-Qobustan qəsəbələrində isə CDMA-nın yeni baza stansiyasının istifadəyə verilməsi nəzərdə tutulub.

Eyni zamanda tədbirlər sırasında XTQ-də abunəçilərə elektron növbəlilik sistemi ilə xidmətin göstərilməsinin təşkil edilməsi, ATS-491 ilə ATS-446 arasında 32 km 144 lifli optik kabelin istifadəyə verilməsi yer alıb. "Aztelekom" İB-nin aprel ayı ərzində üzərinə düşən işlər sırasında isə Zaqatala rayonunun Qazangül qəsəbəsində 512 nömrə tutumlu, DS-200 tipli, Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində 512 nömrə tutumlu, DS-200 tipli, Ağsu rayonunun Aşağı Göyçəli kəndində 256 nömrə tutumlu, DS-200 tipli, Tərtər rayonunun Ələsgərli kəndində 256 nömrə tutumlu, DS-200 tipli ATS-in istismara verilməsi nəzərdə tutulub.

Bu müddət ərzində "Teleradio" İB tərəfindən isə Gədəbəy rayonunun Hacılar kəndində 600 VT-lıq, Tovuz rayonunun Böyük qışlaq kəndində 300 VT-lıq, Quba rayonunun Qonaqkənd kəndində 300 VT-lıq DVB-T vericinin quraşdırılması, Əhmədbəyli RTYS-də 1, eyni zamanda Xızı rayonunda 1 kVt-lıq FM vericinin quraşdırılması kimi işlərin görülməsi nəzərdə tutulub.

"Azərpoçt" MMC-nin üzərinə düşən işlər sırasında isə may ayında Quba Poçt filialının yeni inzibati binasının istifadəyə verilməsi, Daşkəsən Poçt filialının Bayan kəndində, eyni zamanda Göygöl Poçt filialının Qızılca kəndində yeni şöbəsinin istismara verilməsi, aprel ayında isə Lənkəran Regional Poçt filialının 4 saylı şəhər poçt şöbəsinin, Şamaxı Regional Poçt filialının 1 saylı şəhər poçt şöbəsinin, həmçinin, Şəki Regional Poçt filialının 1 saylı şəhər poçt şöbəsinin, Salyan Poçt filialının Qaraçala kəndində yeni poçt şöbəsinin, Kürdəmir Poçt filialının Ərəbxana kəndində yeni poçt şöbəsinin istismara verilməsi yer alıb.

DRİ isə rəqəmli TV siqnal qəbuledicilərinin yoxlanılması üçün test-sınaq avadanlıqlarının istifadəyə verilməsi, DRİ-nin ERNM-də olan AOR-200 tipli qəbuledici analizatorların məsafədən idarə olunmasını və efirdə olan aktiv tezliklərin baza ilə yoxlanılmasını təmin edən interaktiv proqram təminatının hazırlanması və qurulub istifadəyə verilməsini təmin etməlidir.

MHM üzərinə düşən işlərə gəlincə, burada mobil elektron imza sertifikatlaşdırma mərkəzinin yaradılması və istismara verilməsi, mobil cihaz qeydiyyat sisteminin yaradılması və istismara verilməsi, "E-hökumət" portalının yeni platformada, yeni dizaynla hazırlanması və istifadəyə verilməsi, sellülar (mobil) nömrə daşınması üzrə mərkəzi baza sisteminin yaradılması və istismara verilməsi, respublikanın bütün ərazisində internet vasitəsilə rabitə və kommunal xidmət haqlarının ödənilməsinin təmin edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, sözügedən obyektlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsi ilə əlaqədar istifadəyə verilir.

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL