waplog

Azərbaycanın Mərkəzləşdirilmiş, Avtomatlaşdırılmış Radiomonitorinq Şəbəkəsi üçün nəzərdə tutulmuş avadanlıqlar sınaqdan keçirilib


Azərbaycanın Mərkəzləşdirilmiş, Avtomatlaşdırılmış Radiomonitorinq Şəbəkəsi üçün nəzərdə tutulmuş avadanlıqların yerli mütəxəssislərin iştirakı ilə ABŞ-da istehsalçı şirkət "TCI International"ın zavodunda sınağı keçirilib.

Dövlət Radiotezliklər İdarəsindən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, sınaqlar layihənin həyata keçirilməsində bilavasitə iştirak edən yerli mütəxəssislərin, "Sinam" şirkətinin, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, Dövlət Radiotezliklər İdarəsinin, "Test Solutions" nümayəndələrinin iştirakı ilə baş tutub.

"Biz "TCI International"ın zavodunda avadanlıqların sınağında iştirak etdik, yerində onların işi ilə tanış olduq. Zənn edirəm ki, yaxın bir ay ərzində bu avadanlıqlar Azərbaycana gətiriləcək və onların quraşdırılması işinə start veriləcək. Layihənin şərtlərinə əsasən, şəbəkənin genişləndirilməsi işləri bu ilin dekabrında başa çatmalıdır", - deyə Dövlət Radiotezliklər İdarəsindən bildiriblər.

Xatırladaq ki, "Sinam" şirkəti Bakı və Abşeron yarımadasında Mərkəzləşdirilmiş, Avtomatlaşdırılmış Radiomonitorinq Şəbəkəsinin yaradılması üçün avadanlıqların çatdırılması və istifadəyə verilməsi üzrə tenderin qalibi olub.

Monitorinq şəbəkəsinin yaradılması layihəsi çərçivəsində Yeni Günəşlidə, Mehdiabadda və Gəncədə yerləşən üç mərkəzləşdirilmiş radiomonitorinq sistemi məntəqəsindən istifadə edilir.

Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL