waplog

Tələbələr arasında informatika fənni üzrə ümumrespublika olimpiadasının final mərhələsi keçirilib


Azərbaycanın ali məktəb tələbələri arasında informatika fənni üzrə ümumrespublika olimpiadasının final mərhələsi keçirilib. AMEA İnformasiya Texnologiyaları İnstitutunda baş tutan yarışın təşkilatçıları Heydər Əliyev Fondu, Rabitə və İnformasiya Texnologiyaları və Təhsil nazirlikləri və İnformasiya Texnologiyaları İnstitutudur. "ICTnews.az" elektron xəbər xidməti bildirir ki, olimpiadanın keçirilməsində əsas məqsəd İT üzrə innovativ təfəkkürə malik istedadlı gənclərin yetişdirilməsi və onların ölkəmizdə bu sahə ilə bağlı həyata keçirilən layihələrə cəlb edilməsidir. Yarışa start verilməmişdən əvvəl çıxış edən Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə ölkədə «İKT ili» çərçivəsində görülən və bundan sonra görüləcək işlərdən danışıb.

Bu gün Azərbaycan gəncliyinin İKT üzrə öz ideyalarını reallaşdırmaq üçün bütün şəraitin yaradıldığını vurğulayan E.Vəlizadə deyib ki, dövlət yeni ideyalarla çıxış edən vətəndaşlara həm maddi, həm mənəvi yardım edir, eləcə də öz məhsulunu istehsal etmək, onu daxili və xarici bazara çıxarmaq üçün lazım olan digər məsələləri həll edir. Azərbaycan dövləti tərəfindən ölkənin ümumi daxili məhsulunun səviyyəsinin 2 dəfə artırılmasının qarşıya əsas məsələ kimi qoyulduğunu deyən E.Vəlizadə bu artımın da qeyri-neft sahələri üzrə həyata keçiriləcəyini qeyd edib.

O bildirib ki, bu artımı təmin edəcək işçi qüvvəsi, mütəxəssislər, elmi potensial lazımdır. “Hazırda bu potensial bizdə var və onun sürətlə inkişaf etdirilməsi üçün dövlət tərəfindən müxtəlif tədbirlər həyata keçirilir”.

Sonra AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev Azərbaycanda son illər İKT üzrə çoxşaxəli siyasətin həyata keçirildiyini vurğulayaraq deyib ki, həyata keçirilən uğurlu siyasət nəticəsində nəinki gənclərin, eləcə də orta və yaşlı nəslin də İT, kompüter bilikləri artıb:

«Bu olimpiadada ilk 5-liyi tutanları İnformasiya Texnologiyaları İnstitutuna işə götürəcəyik. Onlar bizdə həm işləyib maaş alacaqlar, həm də öz ideyaları, ixtiraları istiqamətində araşdırma apara biləcəklər. İnstitutun texnikasından tam formada yararlana biləcəklər». Çıxışlardan sonra olimpiadaya start verilib. Qeyd edək ki, olimpiadanın final mərhələsinə respublikanın 9 ali təhsil müəssisəsindən (Qafqaz, Bakı Dövlət, Azərbaycan Texniki, Lənkəran Dövlət, Naxçıvan Dövlət, Gəncə Dövlət universitetləri, Moskva Dövlət Universitetinin Bakı filialı, Bakı Ali Neft Məktəbi, Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialı) “28 + 2” məktəbli komanda biliklərini sınayıb. Hər komandada 3 iştirakçı olub. Yarış zamanı komandalara 4 saat ərzində 9 məsələni həll etmək tapşırığı verilib.

Məsələlərin həllinin yoxlanılması və qiymətləndirilməsi «e-olimp» saytındakı xüsusi proqramın köməkliyi ilə həyata keçirilib. Yarışda proqramlaşdırma üzrə beynəlxalq olimpiadalarda tətbiq olunan Avtomatik Qiymətləndirmə Sistemindən istifadə olunub.

SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL