waplog

Mərkəzləşdirilmiş Kredit Reyestrindən ilk rübdə 43 bank və 22 bank olmayan kredit təşkilatı istifadə edib


2013-cü ilin 1-ci rübü ərzində Mərkəzləşdirilmiş Kredit Reyestrindən (MKR) 43 bank və 22 bank olmayan kredit təşkilatı (BOKT) istifadə edib. “ICTnews” elektron xəbər xidmətinə bu barədə məlumat verən Mərkəzi Bankdan (MB) bildirilib ki, bu dövr ərzində reyestrdə 429,385, o cümlədən banklar və BOKT-lər tərəfindən 428,457 sorğu həyata keçirilib.

Ötən ilin eyni dövrü ilə müqayisədə MKR-ə edilən sorğuların sayı (2012 – 151,694) 2.83 dəfə artıb. 928 (2012 – 364) şəxs öz kredit hesabatını əldə etmək məqsədilə MKR-ə müraciət edib. Dövrün sonunda MKR-də haqqında məlumat toplanan borcalanların sayı 1,632,119, kredit məlumatlarının sayı 4,701,592, cəmi zaminlərin sayı isə 580,929 olub.

Qeyd edək ki, Mərkəzləşdirilmiş Kredit Reyestri 2005-ci ildə Mərkəzi Bankda yaradılıb. MKR-də ölkənin bank sektorunda kredit öhdəliyi olan fiziki və hüquqi şəxslərin məbləğindən asılı olmayaraq bütün kreditləri haqqında məlumatlar toplanılır. Bu məlumatlardan istifadə hüququ kredit müraciətçisini qiymətləndirmək məqsədilə yalnız banklara, bank olmayan kredit təşkilatlarına, habelə haqqında məlumat toplanmış şəxslərə məxsusdur.

MKR bankların və “Bank olmayan kredit təşkilatları haqqında” qanuna əsasən fəaliyyət göstərən bank olmayan kredit təşkilatlarının cari və potensial borcalanlarının ödəmə qabiliyyəti haqqında məlumatlar almaq, borcalanların icra intizamını və borcalma nüfuzunun qorunmasını təşviq etmək, habelə bankların və BOKT-lərin kredit risklərini azaltmaq məqsədi daşıyır.

Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL