waplog

Azərbaycandakı bankomatlar xüsusi rəqəmsal izləmə texnologiyası ilə təchiz edilir


Bankların mini-ofisi hesab olunan bankomatların (ATM) təhlükəsiz formada işləməsi xüsusi əhəmiyyət kəsb edir. Çünki bankomatlar vasitəsilə bir çox maliyyə işləmələrinin sürətli həyata keçirilməsi, maliyyə əməliyyatlarının operativləşdirilməsi reallaşır və vaxt itkisinin qarşısı alınır.

Öz müştərilərinə yüksəksəviyyəli xidmət göstərmək üçün və hesablaşmaları sürətləndirmək üçün banklar prioritet məqsədlərdən biri kimi, öz ATM-lərinin ( bankomat) artırılmasını həyata keçirirlər. Dünya praktikasında bankomatların sayının gündən-günə artması müsbət hal olsa da, özü ilə müəyyən problemlər də gətirir.

Çünki əgər əvvəllər ATM-lərdən qanunsuz şəkildə plastik kartların köməyindən istifadə edilməsi ilə pul çəkilməsi, başqa sözlə desək, "virtual pul oğurlanması" hallarına daha çox rast gəlinirdisə, hazırda bankomatlardan oğurluq öz formasını dəyişib. Belə ki, bir çox Avropa ölkələrində tez-tez rast gəlinən hallardan biri də "Fiziki bankomat oğurluğu"dur. ATM-lərin fiziki oğurluğu deyərkən onların yerləşmiş olduqları yerlərindən qeyri-qanuni olaraq müxtəlif alətlərdən istifadə etməklə zorla çıxarılması, qaçırılması, kəsilməsi, deşilməsi və s. başa düşülür.

Azərbaycanda da bu kimi halların qarşısının alınması istiqamətində ölkənin İT şirkətlərindən olan «Solit Azərbaycan» xüsusi həllər (solutions) təklif edir. Şirkətdən "ICTnews" elektron xəbər xidmətinə verilən məlumata görə, onlar bankomat oğurluqlarının qarşısını almaq üçün GPS izləmə sistemlərini tətbiq edirlər:

«ATM-ə xüsusi bir GPS cihazı quraşdırılır. Bu GPS cihazının göndərdiyi siqnallar vasitəsilə bank dəqiq rəqəmsal xəritə üzərindən ATM-i rahat bir şəkildə izləyə bilir.
Normalda avtomobillərə quraşdırılan GPS cihazı öz elektrik mənbəyini avtomobilin akkumulyatorundan aldığı üçün burada əlavə enerji mənbəyinə ehtiyac qalmır. Qeyd edək ki, ATM-lərin pul yerləşdirilən xəzinəsinin seyf qapısına xüsusi sensor yerləşdirilir.
Beləliklə, ATM-in xəzinə qapısının hər açılış və qapanışı xüsusi xəbərdarlıqla sistemə düşür. Bank rahatlıqla ATM-in xəzinə qapısının nəzərdə tutulmuş açılışlarından (ATM-ə pul əskinaslarının qoyulması, ATM-in təmirə dayanması və s.) kənar hər hansı bir açılışından anındaca xəbər tutmaq imkanı əldə etmiş olur. Bununla yanaşı, ATM-lərin daxilinə xüsusi zərbə-təsir sensorları yerləşdirilir. Beləliklə, ATM-lərə zərbə vurularsa, güclü sirkələnərsə (qaldırıldıqda, daşınmada), kəsilməyə və deşılməyə cəhd edilərsə, xüsusi sensorla bu haqda banka xəbərdarlıq verilir».

Şirkətdən qeyd olunub ki, bankomatlara xüsusi mikrofon və kamera yerləşdirilir. Bu aksesuarlar ATM-lərə kənardan hər hansı bir təsir anında avtomatik olaraq işə düşür. Onun sayəsində bank rəhbərliyi soyğunçunun görüntüsünü və səsini əldə etmək imkanı qazanır. Bu funksiyalar bank işçilərinə bankomatlara həqiqətən də təsirin olub-olmadığını aydınlaşdırmağa böyük imkan verir:

«Bu, ATM-lərə xüsusi daxili enerji mənbəyinə malik GPS cihazlarının quraşdırılmasıdır. Sabit şətrlər daxilində GPS cihazı ATM-in qidalandığı enerji mənbəyindən qidalanacaq. Hər hansı bir müdaxilə zamanında isə, məsələn, ATM-in yerindən götürülərək qaçırılması, yerinin dəyişdirilməsi və s. hallarda GPS cihazının alternativ enerji mənbəyi işə düşür. Beləliklə, cihaz ATM-in yeri barədə dəqiq məlumatları göndərməyə davam edir. Bank bu halda həm ATM-ə edilmiş müdaxiləni görə bilir, həm də bu müdaxilə nəticəsində ATM-in qaçırıldığı yeri dəqiq rəqəmsal xəritə üzərində rahatlıqla izləyə bilir».

Şirkətdən qeyd edilib ki, artıq ölkədə fəaliyyət göstərən banklar öz bankomatlarının təhlükəsizliyini təmin etmək üçün bu sistemdən istifadə etməyə başlayıb.

Seymur

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL