waplog

Almaniya elektrik və İT sahələrində Azərbaycanla sıx əməkdaşlıq etmək niyyətindədir


Danimarkanın Kopenhagen şəhərində Avropa Standartlaşdırma Komitəsinin (CEN) növbəti Baş Assambleyası və II Avropa Standartlaşdırma Sammiti başa çatıb.

Tədbirdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) nümayəndələri də iştirak ediblər. SMPDK-nin İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, tədbir çərçivəsində Çexiya, Slovakiya, Polşa, Makedoniya, Latviya, Litva, Bosniya və Herseqovina, Türkiyə və Gürcüstanın standartlaşdırma qurumlarının rəhbərləri ilə ikitərəfli görüşlər keçirilib.

Görüşlər zamanı ölkələr arasında standartlaşdırma sahəsində əməkdaşlıq haqqında imzalanmış sənədlərin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb və cari il ərzində Çexiya və Polşaya səfərlərin təşkil olunmasına dair ilkin razılıq əldə olunub.

Bundan əlavə, Türkiyə Standartları İnstitutu ilə aparılan danışıqlar zamanı 2009-cu ildə bağlanmış Anlaşma Memorandumunun yenilənməsi məqsədilə standartlaşdırma, sertifikatlaşdırma və dövlət nəzarəti ekspertlərinin iştirak edəcəyi nümayəndə heyətinin cari ilin sentyabr ayında Türkiyəyə səfərinin təşkil olunması planlaşdırılıb.

Həmçinin səfər çərçivəsində Almaniya Standartlar İnstitutunun (DİN) Almaniyanın Elektrik, Elektron və İnformasiya Texnologiyaları üzrə Komissiyası ilə aparılmış ikitərəfli danışıqlar zamanı alman ekspertləri elektrik və İT sahələrində Azərbaycanla sıx əməkdaşlıq etmək niyyətlərini bildiriblər.

Avropa Standartlaşdırma Sammitində gündəlikdə duran əsas məsələ isə xidmət sahəsində standartların qəbulu və bununla bağlı qarşıya çıxan problemlərin müzakirəsi olub. Fikir mübadiləsi zamanı aydın olub ki, bu sahədə əsas problem Avropa ölkələrinin fərqli qanunvericiliyə malik olması, həmçinin bu cür standartların icrası ilə bağlı meydana çıxan dövlət nəzarəti problemləridir.

Həmçinin CEN və MDB-nin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası ilə ikitərəfli Saziş layihəsi hazırlanması da qərara alınıb.

Səfər çərçivəsində SMPDK ilə CEN-in mövcud əlaqələrini genişləndirmək məqsədilə CEN-in bir sıra texniki komitələrində iştirak imkanları müzakirə edilib və prioritetlər təyin edilib. Sonra CEN-in Baş Assambleyasında CEN-ə üzvlük meyarlarını müəyyən edən 20 saylı Təlimata yenidən baxılıb və 2014-cü ildə CEN-in növbəti Baş Assambleyasının Türkiyənin İstanbul şəhərində, 2015-ci ildə Latviyanın Riqa şəhərində, 2016-cı ildə isə Makedoniyada keçirilməsi razılaşdırılıb.


Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL