waplog

Azərbaycan coğrafi informasiyanın hazırlanmasında ən müasir texnologiyalardan istifadə edən assosiasiyanın həqiqi üzvü seçilib



Azərbaycan coğrafi informasiyanın hazırlanmasında ən müasir texnologiyalardan istifadə edən "EuroGeographics" assosiasiyasının həqiqi üzvü seçilib.

Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) bildirilib ki, nüfuzlu beynəlxalq təşkilatlardan olan "EuroGeographics"-in cari ilin 11–12  iyun tarixlərində Belçikanın Luven şəhərində keçirilən Baş Assambleyasında təşkilat üzvlərinin səsverməsi nəticəsində üç yeni qurum təşkilata üzv qəbul edilib. "EuroGeographics" assosiasiyasına yeni qəbul edilmiş üzvlər sırasında Əmlak Məsələləri Dövlət Komitəsinin tabeliyində olan Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi də var. Hazırda assosiasiya 46 ölkədən olan xəritəçəkmə, kadastr və əmlak qeydiyyatı sahəsində ixtisaslaşmış 59 milli qurumu təmsil edir.

Böyük Britaniyanın Ülyahəzrət Əmlak Qeydiyyatı Təşkilatı, Azərbaycan Respublikasından iki qurum – Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Texniki İnventarlaşdırma Mərkəzi təşkilata həqiqi üzv seçiliblər. Bununla yanaşı, Gürcüstanın Dövlət Qeydiyyatı üzrə Milli Agentliyi üzvlüyə namizədlikdən həqiqi üzvə çevrilib.  "EuroGeographics" qeyri-kommersiya təşkilatı olub, Avropa milli xəritəçəkmə, əmlak qeydiyyatı və kadastr üzrə səlahiyyətli üzvlük assosiasiyasıdır. Bu təşkilat özündə Portuqaliyadan Ukraynaya və İslandiyadan Türkiyəyə qədər olan 46 ölkənin 59 üzv qurumunu birləşdirir. "EuroGeographics"in üzvləri hər il coğrafi informasiyanın inkişafına təxminən 1,5 milyard avro vəsait ayırmaqla dürüst milli məlumat bazalarının yaradılması, idarə edilməsi, istismarı və əlçatan edilməsi üçün ən müasir texnologiyalardan istifadə edirlər. Onlar birlikdə topoqrafik və əmlak informasiyası da daxil olmaqla milli məlumat bazalarının birləşdirilməsi və geniş diapazonlu müxtəlif istifadəçilərə çatdırılması məqsədi ilə bütün Avropa ölkələrinin yerləşmə strukturu üçün dəqiq infrastruktur yaradırlar.

"EuroGeographics" təşkilatının məqsədi qabaqcıl təcrübənin təşviqi, standart məlumat spesifikasiyalarının və taktikasının yaradılması yolu ilə üzvlərin fərdi coğrafi məlumat bazalarının uyğun olmasını və onların bir-biri ilə qarşılıqlı təmasını təmin etməkdir. Bu, ətraf mühit, biznes rəqabəti, dövlət xidmətləri, qanunvericilik sistemi, təhlükəsizlik və digər sahələr üçün ehtiyac duyulan siyasətlərin və qanunvericiliyin yaradılması məqsədi ilə Avropanı yüksəkkeyfiyyətli coğrafi informasiya ilə təmin edəcək.


Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL