waplog

Ümumtəhsil müəssisələrinin 6-cı sinifləri üzrə “İnformatika” fənnindən yeni dərslik hazırlanıb


Ümumtəhsil müəssisələrinin 6-cı sinifləri üzrə “İnformatika” fənnindən yeni dərslik hazırlanıb. Yeni  dərslikdə təlim materialları idrak taksonomiyasının mərhələlərinə uyğun olaraq qruplaşdırılıb. “ICTnews” elektron xəbər xidmətinə bu barədə “http://www.informatik.az/” saytının rəhbəri, əməkdar müəllim Naidə İsayeva məlumat verib. Onun sözlərinə görə, qruplaşdırılmış təlim materialları fəal təlimin mərhələləri üzrə yerləşdirilib və şagirdə müstəqil təlim imkanı yaradır:

“Təlim materialları kurikulum sənədində informatika fənni üzrə məzmun standartlarının reallaşdırılmasını təmin edən fəaliyyət xətlərinə uyğun hazırlanıb. Dərslik “Kompüter”, “Proqram təminatı”, “Alqoritm”, “Proqramlaşdırma” və “İnternet” kimi 5 fəsildən ibarətdir. “Proqram təminatı” bölümündə şagirdlər mətn redaktorlarının formatlama imkanları, təqdimat hazırlanma proqramlarının sadə imkanları ilə tanış olur.

Təqdimatların hazırlanması, əsasən, “OpenOffice Impress” və “Microsoft PowerPoint” proqramları vasitəsilə tədris olunur. 4-cü fəsil tamamilə “Logo” proqramlaşdırma dilinə həsr olunur və yalnız kompüter sinfində keçirilməsi nəzərdə tutulur”. N.İsayeva qeyd edib ki, 5-ci sinifdən tanış olan “ALPLogo” proqramlaşdırma mühitinin genişləndirilmiş imkanları əsasında şagirdlərdə yeni bilik və bacarıqlar formalaşdırılır.

“ALPLogo” proqramının yeni 2.1 versiyasına dəyişənlər, dövr və şərt operatorları, musiqi redaktoru və digər mühüm əlavələr edilib. Proqramın yeni versiyası da üç dildə (Azərbaycan, rus, ingilis) işləməyə imkan verir. “ALPLogo” proqramının yeni versiyasını “www.informatik.az” saytından pulsuz yükləmək olar.

Qeyd edək ki, yeni dərsliyin həmmüəllifləri Ramin Mahmudzadə, İsmayıl Sadıqov və Naidə İsayevadır.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL