waplog

Azərbaycanda göz vurmaqla mobil telefonu işə salacaq sistem hazırlanır



Azərbaycanda fərdi kompüter və internet istifadəçilərinin sayının artması, informasiya-kommunikasiya texnologiyaları sahəsində böyük irəliləyişlərin əldə olunması, onlayn ticarətin həcminin getdikcə böyüməsi, hökumətin elektron xidmətləri təşviq etməsi İKT bazarının, innovasiyalı iqtisadiyyatın imkanlarını genişləndirib.

Bunun məntiqi nəticəsi olaraq ölkədə gənclər tərəfindən informasiya texnologiyaları ilə bağlı ideyalar irəli sürülür və onların reallaşdırılması üçün addımlar atılır.

Məhz bu şəraitin yaranması fonunda «Startup Azərbaycan» müsabiqəsi keçirildi və 6 komandanın layihəsi qalib seçildi. Bu qaliblərdən biri də,  «Mimics2digi»  layihəsinin müəllifi Zöhrab Niftəliyevdir. «Rabitə dünyası»na müsahibə verən Z.Niftəliyevin qarşısına böyük bir məqsəd qoyduğu və heç də asan olmayan işin qulpundan yapışdığı elə ilk andaca bəlli olur. Bu barədə bir az sonra. Hələlik müsahibimizi yaxından tanıyaq:
 
 - Mən 1985-ci il fevralın 14-də Sumqayıt şəhərində doğulmuşam. İlkin orta təhsilimi də bu şəhərdə almışam. Daha sonra türk liseyində təhsilimi davam etdirdim,  2007-ci ildə Qafqaz Universitetinin Kompüter mühəndisliyi fakültəsini bitirmişəm. Universiteti bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanmışam. Bundan sonra professional karyeraya başlamışam. Universitetdə oxuduğum illərdə də bir sıra layihələrdə iştirak edirdim. İT sahəsində geniş təcrübəmi isə işlədiyim yerlərdə əldə etmişəm. Hazırda  «Azərcell» şirkətində çalışıram.

 
- Maraqlıdır, informasiya texnologiyaları ilə nə vaxtdan ciddi şəkildə maraqlanmağa başlamısız?
 
- Mən orta məktəbi 2003-cü ildə bitirmişəm. Həmin dövrdə informasiya-kommunikasiya texnologiyaları indiki kimi inkişaf etməmişdi. Bu sahənin o qədər də populyarlığı yox idi. İKT tədrisi də istənilən səviyyədə deyildi. Amma buna baxmayaraq ilkin proqramlaşdırma dillərini öyrənməyə başlamışdım. Məsələn, məktəbdə bizə paskal və sairə kimi dilləri öyrədirdilər. Ona görə də yüksək, peşəkar səviyyədə olmasa da, ilkin biliklərimiz var idi. Amma proqramlaşdırma, texnologiya ilə işləməyi əsasən universitetdə oxuduğum illərdə öyrəndim.
 
 - Bir qədər qalib gələn layihəniz haqda danışaq...
 

 
 - Layihə, adından da göründüyü kimi,  («Mimics2digi») mimikaların rəqəmli həyata ötürülməsindən ibarətdir. Hazırda mimikalarla işləyən bəzi sistemlər, proqramlar var. Sadəcə olaraq biz bunları bir qədər də genişləndirmək istəyirik. Məsələn, hər hansı bir göz hərəkəti ilə müəyyən bir əməliyyatın həyata keçirilməsini təmin etmək. Tutaq ki, mobil telefonlarda əyləncə strukturlu proqram yaratmağı fikirləşirik. Misal üçün, insan göz vuranda hansısa bir əməliyyat həyata keçsin, yəni kamera işləsin, hansısa nömrəyə zəng getsin və ya gələn zəngə cavab verilsin və sairə. Yəni telefonda ola biləcək hər bir əməliyyatı bir göz vurmaqla işə salmaq. Belə bir ideyamız var. Əsasən bizim layihə iki hissəyə ayrılır. Onlardan biri əyləncə məqsədi daşıyır. Bu hissədə pul qazanmağı bir o qədər də düşünmürük. İkinci hissədə isə əsasən daha professional işlərlə məşğul olacağıq. Bu konsepsiya ilə daha ciddi proqramlar yazmaq istəyirik. Sözün düzü, mən görəcəyimiz işləri çox açıqlamaq istəmirəm. Çünki ideyamız patentləşdirilməyib.
 
 - Amma indi hökumətin təqdim etdiyi elektron xidmətlər vasitəsilə bu iş çox asanlaşdırılıb. Nə üçün bu vaxta qədər ideyanızı qeydiyyatdan keçirməmisiniz?
 
 - «Startup Azərbaycan»ın qaliblərinin açıqlanması mərasimində Rabitə və informasiya texnologiyaları naziri cənab Əli Abbasov özü də bizə üz tutaraq ideyalarımızı tezliklə qeydiyyatdan keçirməyimizi məsləhət bildi. Hətta dəstək də verdi bizə. İdeyamızı patentləşdirmək üçün fikirləşirik.
 
 
 - Göz vurmaqla mobil telefonlarda hansısa əməliyyatın həyata keçirilməsinə nail olmaq bir o qədər də asan məsələ deyil. Bu sistemi yaratmaq üçün sizin indiyə kimi hansısa buna bənzər nailiyyətləriniz olub?
 
 - Göz vurmaqla hansısa əməliyyatı həyata keçirmək ilk baxışdan çətin kimi görünə bilər. Əslində isə bu, o qədər də çətin bir proses deyil. Çünki artıq texnologiya o qədər inkişaf edib ki, bu cür əməliyyatları həyata keçirmək üçün elə də böyük riyazi modelə, böyük alqoritmləri bilməyə ehtiyac yoxdur. Bu dəqiqə şəkillər üzərində əməliyyatlar sistemi o qədər inkişaf edib ki, haqqında danışdığım əməliyyatları çox asanlıqla yaratmaq olar. Hazırda o qədər kitabxanalar var ki,  bir çox məsələləri reallaşdırmaqda sənə köməkçi olur. Gözün, ağzın seçilməsi kimi çoxlu hazır funksiyalar var ki, biz bunları öz proqramlarımızda istifadə etməyi düşünürük. Bu mənada göz vurmağın hansısa proqrama tanıdılması o qədər də çətin iş deyil. Sualınızın ikinci tərəfinə gəldikdə isə deyim ki, bu vaxta qədər mənim belə bir işim olmayıb. Sadəcə olaraq geniş məlumatım var.

Araşdırmışam və görmüşəm ki, bunu həyata keçirmək olar, realdır. Bəzi çox gözəl ideyalar olur ki, bunlar ilk baxışdan abstrakt kimi görünür. Məsələn, «Google»-ın hər il aprelin 1-də zarafatı olur.  Sonuncu zarafat günündə belə bir ideya səsləndirdilər ki, guya mobil telefonu hər hansı bir əşyaya yaxınlaşdırırsan, onun iyindən hiss edir ki, o nədir. Tutaq ki, telefonu gülə yaxınlaşdıranda, dəqiq formada müəyyən edərək deyir ki, bu, nərgiz gülüdür. «Google» belə bir funksiyanı yaratdığını açıqlayaraq zarafat etmişdi. Əslinə baxanda isə bu, ideya olaraq çox super bir şey kimi görsənir.

Amma reallığa gələndə belə bir sistemin yaradılması çox çətindir. Çünki gülün kimyəvi strukturuna, sensorun onu anlamasına qədər gedib çıxır. Bəlkə də bu sistem yaxın gələcəkdə hazırlanacaq. Lakin göz vurmağı hansısa bir çihaza başa salmaq kompleks tədbirlər həyata keçirməyi tələb etmir. Bunların hamısı real şeylərdir. Bunlar hazırda təcrübədə var. Məsələn, bəzi fotoaparatlar insanın gülümsəməyinə görə özü avtomatik şəkil çəkir. Daha onda hansısa düyməni sıxmağa ehtiyac qalmır.
 
 - İlk baxışdan ideyanız çox cəlbedicidir. Yəqin oxucular üçün də maraqlı olar. Sizdə bu ideya nə vaxtdan yaranıb?
 
 - Bu ideyanın konkret yaranma səbəbini deyə bilmirəm. Yəqin ki, sadəcə olaraq ehtiyaclara görə meydana gəlib. Texnologiyanın inkişaf istiqamətinə baxanda ağlıma belə bir şey gəlmişdi. Tutaq ki, əvvəllər telefonların çoxu düymə ilə işləyirdi. Az-çox indi də istifadə olunur. Amma get-gedə telefonlar sensora doğru irəliləyir, insanlar üçün daha asan proqramlar yazılır. Texnologiya ilə həyat daha da asanlaşır. Bu istiqamətdə fikirləşəndə öz-özümə sual verdim ki, nə etmək olar ki, bir qədər də asan olsun. Yəni cihaza əl vurmadan ona hansısa bir əməliyyatı reallaşdıra bilərsən. Bu mənada hazırda haqqında danışdığımız layihə ağlıma gəldi.
 
 - «Startup» birinci növbədə biznes strukturu olmalıdır. Siz məhsulunuzu satıb qazanc əldə etməlisiz. O baxımdan gəlirinizi nədən götürəcəksiz?

 
 - Birinci mərhələdə  «Android», «ıOS» əməliyyat sistemləri üçün sadə, əyləncə proqramları (tətbiqetmə) yazmaq istəyirik. Bundan başqa, düşünürük ki, «çat»da (söhbətlər aparılan pəncərə) mimikalarla əməliyyatlar yerinə yetirə bilək. Yəni iki nəfər «çat»da danışan zaman telefonun kamerası onun sahibini izləyəcək və onun gülüşünü, göz vurmasını avtomatik olaraq qarşı tərəfə «smaylik» kimi göndərəcək. Belə bir proqramlar yazmağı düşünürük. Bunların da müəyyən hissəsi pulsuz olur. Yəni onların elementarları hamı üçün açıq olur. İstifadəçilər işlədir, əyləncəli olduğu üçün xoşuna gəlir. Bu zaman yeni funksiyalar əlavə etmək üçün pullu versiyalarını da alırlar. İlk öncə bunlardan başlamaq istəyirik. Lakin bunlar da böyük gəlirlər gətirmir. Çünki «Android» «aplication»lar 1-2 dollardan yuxarı olmur. Ən super «aplication»lar 5 dollardır.
 
 - Bu proqramları hazırladıqdan sonra hansı bazara çıxardacaqsız?
 
 - Hazırda «Android»lə «ıOS»-un özünün onlayn bazarı var. Hər kəs bu bazarlara daxil olaraq qeydiyyatdan keçir. Kim öz proqramını yazırsa, bu bazara çıxardır. Artıq bütün mobil telefonların üzərində «playmarket» gəlir. İndi telefonlar vasitəsilə «playmarket»lərə daxil olanda bütün «aplication»lar orda görsənir. Yəni kim nə istəyir, bura daxil olmaqla ala bilər. Məsələn, mən yaratdığım proqramı bu bazarda satışa çıxardıram. Dünyanın istənilən  yerindən bura daxil olan şəxs həmin proqramı axtarıb tapıb ala bilər. Bu, artıq lisenziyalı proqram olur. Sözügedən bazarda onun üzünü köçürtmək, oğurlamaq mümkün deyil. Onsuz da pulsuz versiyanı hər kəs istifadə edə bilər və başqasına da verə bilər. Lakin pullu versiyanı heç kim digərindən əldə edə bilməz. O, mütləq özü alıb telefonuna yükləməlidir. Bu bazardan artıq gəlir əldə etmək olar.
 
 - Necə düşünürsüz, sizin bu layihəniz gözlədiyiniz vəsaiti gətirə bilirmi?
 
 - Birinci mərhələdə qazanc az olacaq. Yəni 1-2 dollarlıq «aplication»lar olacaq. Biz təxmin edirik ki, ayda təxminən 500 yükləməmiz, 500 nəfər alıcımız olsa, onda 1000 dollar gəlir əldə edə bilərik. Bu, böyük vəsait deyil. Lakin startup üçün, başlanğıc üçün hər bir halda nəsə deməkdir. İlkin mərhələdə bizim xərclərimiz də o qədər böyük olmayacaq. Çünki onları özümüz öz gücümüzə hazırlayırıq. Bu mərhələdə xərclərimiz yalnız yazdığımız proqramın reklamına ola bilər. Bu da zənnimcə, böyük məbləğlər deyil. Sonrakı mərhələdə artıq konkret hardverlər, cihazlar üzərində proqramlar yazacağıq. Bu cihazlar da müəyyən qiymətlərə satılacaq. Ona görə də hələlik Azərbaycan bazarını düşünürük. Amma gələcəkdə onları da onlayn bazar vasitəsilə başqa ölkələrə də sata bilərik.
 
 - «Startup»da başlıca məsələlərdən biri də işləyəcək komandanın olmasıdır. Sizin komandanız varmı və artıq layihəniz üzərində işləməyə başlamısınızmı ?
 
 - Bizim komandamız var və  iki nəfərdən ibarətdir. Artıq işlərə başlamışıq. Yəqin ki, yaxın gələcəkdə müəyyən proseslər ortaya çıxmağa başlayacaq.
 
 - Azərbaycanda "startup" müsabiqəsinin keçirilməsini necə qarşıladınız və nə qədər vəsait aldınız?
 
 - Biz müsabiqədə qalib gələn 6 komandadan biri olsaq da, konkret olaraq vəsait almadıq. İnvestorlarla görüşümüz oldu. Bizim layihəyə ilkin mərhələdə o qədər də pul lazım olmadığına görə düşündük ki, investorlardan vəsait almayaq. Reklamları da öz hesabımıza etməyə çalışacağıq. Startup müsabiqəsində bizə müəyyən treninqlər keçirildi. Burada ekspertlər də məsləhət gördülər ki, investorlardan ən son anda vəsait almağa çalışmalısınız. Yoxsa ola bilər ki, lap əvvəldən investorun yanına gedib layihəni təqdim edərsən, o da ideyanın gözəl olduğunu nəzərə alıb layihənin müəyyən hissəsini ala bilər. Bundan sonra layihə pul qazanmağa başlayanda vəsaitin böyük qismi investora gedə bilər. Ona görə qərara aldıq ki, ilkin mərhələdə investordan vəsait almayaq. Əgər sonra ehtiyac olarsa, onda investor axtarmağa başlayarıq.
 
- Dünyanın uğurlu startup layihələrinə baxdıqda görürük ki, onların sahibləri buna qədər bir neçə uğursuzluğa düçar olublar. İnvestorlar da məhz belə insanlara üstünlük verir. Bəs sizin bu layihəniz neçənci addımınızdır?
 
 - Bilirsiniz ki, ideyaların irəli sürülməsi üçün mühit və maraq olmalıdır. Azərbaycanda İKT sahəsində aparılan geniş işlərin məntiqi nəticəsi olaraq artıq ölkəmizdə bu mühit formalaşmağa başlayıb. Startup müsabiqəsinin keçirilməsi də bazarın formalaşmasından xəbər verir. Bu cür müsabiqələr insanlarda həvəs yaradır ki, hər hansı bir ideyanı mən də ortaya atım. Amma mühit olmayandan sonra insan da düşünmək istəmir. Bu vaxta qədər mühit olmadığı üçün heç bir ideya irəli sürməmişdim. Ona görə də hazırkı layihəm birinci işimdir. Yeri gəlmişkən qeyd edim ki, bu gün Azərbaycanda texnoparklar yaradılır.

RİTN-in tərkibində fond təsis edilib ki, bundan da həm qrandlar, həm də aşağı faizlə kreditlər götürmək mümkündür. Yəni Azərbaycan hökuməti İKT sahəsində iş görmək istəyən hər kəs üçün böyük meydan açıb. Mən bir gənc İT mütəxəssisi kimi belə bir şəraitin yaradılmasından çox məmnunam. Çünki biz universitetdə oxuduğumuz illərdə belə şeylər yox idi. Bildirim ki, startup müsabiqəsinə fikir versək görərik ki, ora layihə təqdim edənlərin əksəriyyəti tələbələrdir.  Bu da o deməkdir ki,  artıq mühit formalaşıb.
 
Seymur Qasımbəyli
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL