waplog

Müasir insanları texnologiyaların köməyi ilə öz beyinlərinin “musiqi”si müalicə edəcək



Müasir dünyada "Hi-Tech" məhsullarının - yüksək texnologiyaların uğurlu tətbiq sahələrindən biri də tibb sahəsidir. Ölkəmizdə bu sahədə aparılan işlərə gəlincə, bu gün gələcək hədəflərində yüksək texnologiyaların (YT) inkişafını əsas götürən Azərbaycanda elm tutumlu YT-ya əsaslanan məhsulların alınması üzrə tədqiqatlar davam edir.
 
Yüksək texnologiyaların tibdə istifadəsi üzrə Azərbaycanda aparılan tədqiqatlar
 
Sözügedən tədqiqatlar Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində olan Yüksək Texnologiyalar üzrə Tədqiqat Mərkəzində aparılır.
Nanotexnologiya, biotexnologiya, neyroelektronika və süni intellekt kimi istiqamətləri özündə cəmləşdirərək, XXI əsr konvergensiya texnologiyasını həyata keçirən mərkəzdə yüksək texnoloji məhsullar alınır. Məsələn, bionanotexnologiya üzrə porfirin nanoboruları (dərman preparatlarının orqanizmdə nişangah-hüceyrələrə istiqamətli çatdırılmasını təmin etmək məqsədi ilə) və DNK (informasiya daşıyıcı biomolekul) sintez olunur. Bu sintez də tibdə müasir diaqnostikada tətbiq olunacaq.
 
Cip texnologiyasının qurulması Azərbaycanda "Hi-Tech"-i daha da inkişaf etdirəcək
 
Ümumiyyətlə, Tədqiqat Mərkəzində nanotexnologiyalar üzrə laboratoriyanın quraşdırılması tədqiqat və yüksək nanotexnologiya əsaslı məhsulların alınmasında yeni imkanlar açıb. Sözügedən laboratoriyada nanomaterialların, energetik texnologiyaların, nanorobotlar və bionanorobotların alınması və praktikada bilavasitə tətbiq olunması istiqamətində işlər hazırda davam edir. Artıq mərkəzdə rəngli və ağ işıq mənbələrinin (İşıq diodları) prototipləri hazırlanıb, özünüquraşdırma üsulu ilə profirin nanoboruları alınıb və xassələri tədqiq olunur. Nanohissəciklərin ölçüləri 50 nm olan maqnit nanomaye alınıb. Alınan nanoboruların və maqnit mayenin nanohibridinin alınması nəzərdə tutulur ki, bu da onların xəstə orqanlara ötürülməsinə imkan verəcək. Mərkəzdə çip texnologiyasının qurulması da nəzərdə tutulur ki, mütəxəssislərin fikrinə görə, bu texnologiya olmadan və inkişaf etdirilmədən Azərbaycanda "Hi-Tech" məhsullarının hazırlanması və kommersiyalaşdırılması mümkün deyil.
 
"Həkim – cihaz texnologiyası - pasiyent" üçbucağı
 
Amma "Hi-Tech" məhsullarının istehsalı məsələnin yalnız bir tərəfidir. Ölkədə bu texnologiyalarla işləyə, ümumilikdə yeni texnologiyaları tibdə tətbiq edə biləcək kadrlara da tələbat duyulur. "Rabitə dünyası" ilə söhbətində Nevrologiya Klinikasının rəhbəri, nevroloq, tibb elmləri doktoru Rövşən Həsənov da məsələnin aktual olduğunu vurğulayıb: "Tibb elmi həddən böyük sürətlə inkişaf edir. Yeni müayinə və müalicə texnologiyalarının tətbiqi bir neçə on il əvvəl mövcud olan "həkim – pasiyent" ikitərəfli münasibətlərinə üçüncü tərəf kimi aparatura imkanlarının qoşularaq, "həkim – cihaz texnologiyası - pasiyent" üçbucağının əmələ gəlməsinə səbəb olub".
 
"Müasir həkim bu yeniliklərdən geri qalmamalıdır"
 
Nevroloqun sözlərinə görə, artıq elə tibbi sahələr var ki, instrumental müayinələr diaqnostikada həlledici əhəmiyyət kəsb edir. Müasir həkim bu yeniliklərdən geri qalmamalı, öz fəaliyyətində elmin nailiyyətlərindən istifadə etməyi bacarmalıdır. Bununla yanaşı, pasiyentlərin qarşısında duran "yaxşı həkim tapmaq" əbədi problemi də aktuallığını itirməyib, bəlkə  daha da artıb. Belə ki, dövlət tibb müəssisələri ilə yanaşı, ilbəil sayı artan özəl klinikaların və onların apardığı aqressiv reklam kampaniyalarının təzyiqi insanların seçimini çətinləşdirir".
 
Gərgin işdə çalışan sağlam insanların adaptasiya imkanlarının artırılması üçün yeni qeyri-farmakoloji müalicə üsulu - "Beynin musiqisi"
 
Bu baxımdan, daim tibbi elmin yeniliklərini izləyərək, onun çalışdığı sahədə - nevrologiyada tətbiqinə müvəffəq olmağa çalışan R.Həsənov "Beynin musiqisi" (Music of the Brain) metodunun Moskva şəhərindəki ilkin sınaqlarında fəal iştirak edib. Bəs "Music of the Brain" nə deməkdir? Nevroloq deyir ki, bu, yuxu pozulmaları, vegetativ və həyəcan sindromları, depressiya, alkoqolizm və narkomaniyanın  bəzi klinik əlamətlərinin müalicəsi, gərgin iş şəraitində çalışan sağlam insanların adaptasiya imkanlarının artırılması üçün yaradılmış yeni qeyri-farmakoloji müalicə üsuludur: "Beynəlxalq Səhiyyə Təşkilatının məlumatlarına görə, əhalinin 64 faizində yuxu pozulmaları, həyəcan, depressiyaya rast gəlinir. Sözsüz ki, bu xəstəliklərin müalicəsində farmakoloji metodlar liderdir. Amma bu preparatlar vərdiş, asılılıq, ləğvetmə sindromu, preparatın dozasının daim artırılmasının vacibliyi, allergiya, mədə-bağırsağa mənfi təsir kimi çoxsaylı fəsadlara səbəb olur. Buna görə müalicə zamanı qeyri-farmakoloji metodların istifadəsi daim aktuallıq kəsb edir. Bu cür təbii, dərmansız, yüksək effektli müalicə metodikalarından biri "Beynin musiqisi"dir".
 
 
Kompüter özü yaratdığı fəsadları özü ortadan qaldıracaq
 
Maraqlı məqam odur ki, gündəlik həyatımızda birbaşa rolu olan və bu səbəbdən əksər insanlara gərgin, stressli iş şəraiti yaradan kompüter yaratdığı fəsadların ortadan qaldırılmasında da elə özü iştirak edir. Metodun məğzi xəstə və ya sağlamın orqanizminin funksional vəziyyətinin dəyişdirilməsi üçün xüsusi tərtib olunmuş alqoritmlər əsasında yaradılmış kompüter proqramı vasitəsilə pasiyentin (sağlamın) öz elektroensefaloqrafiyasının (EEQ) musiqi şəklində transformasiya
olunması və bu musiqiyə audiokaset, CD köməyi ilə qulaq asılmasıdır: "Metodun xüsusiyyətlərinin izahına keçməzdən əvvəl, ümumiyyətlə, musiqi və musiqinin bəşəriyyətin həyatında rolunu nəzərdən keçirək. Musiqi – dəyişkən tezliyi, gücü, tembri ilə xarakterizə olunan ritmik formalaşmış səslərdir. Musiqinin insan həyatında əhəmiyyətini anlamaq üçün geriyə, cəmiyyətin ilkin dövrlərinə qayıtmaq lazımdır. Musiqi tədqiqatçılarının ümumi rəyi ondan ibarətdir ki, musiqi nitq ilə birgə formalaşıb və ondan ayrılmazdır".
 
"Başqa formada təşkil olunmuş sistemin yaranmasına ehtiyac vardı"
 
Klinikanın rəhbəri qeyd edir ki, istər nitq, istərsə də musiqi bir neçə subyekt ilə eyni zamanda təmas qurmaq, insan birliklərinin əsasını formalaşdırmaq
imkanı yaradıb: "Amma nitqin imkanları müəyyən mənada məhduddur, eyni zamanda 4-dən artıq subyektə yönəldikdə yarımqruplar əmələ gəlir, bunlar arasında münasibətlərin gərginləşməsi ehtimalı olur. Buna görə söz konsepsiyasının yeni, başqa formada təşkil olunmuş sisteminin yaranmasına ehtiyac var idi. Bu rolu nəğmə, musiqi yerinə yetirdi. Beləliklə, danışıq nitqi ilə yanaşı, bir neçə nəfərə deyil, böyük kütlələrə yönəlmiş, melodiya və ritmlə səciyyələnən, müəyyən maqnetizmə malik olan yeni nitq forması əmələ gəldi. Musiqinin daxilindəki sözlər isə müəyyən kommunikasiya və sinxronizasiya
yaratmaq əhəmiyyəti daşıyırdı. Bu söz və musiqi tədricən insan qrupları, ana və övladı (layla), insan və Allah arasındakı münasibətlərin (xristian kilsələrində xor və orqan musiqisi, müsəlman aləmində avazla oxunan Quran əsasında durdu).
 
Nəğmə baş beynin 41-ci sahəsi ilə qavranılır
 
Onun sözlərinə görə, musiqinin yaradılması və analizində baş beynin bir sıra strukturları rol oynayır və bunlar insanın yaşı, mədəniyyəti, musiqi savadından asılı deyil. İstər musiqiçi, istərsə də qeyri-musiqiçilərdə nəğmə baş beynin 41-ci sahəsi, ilkin eşitmə analizatorları nahiyəsi ilə qavranılır. Bu nahiyədə səslərin fundamental xüsusiyyətləri – tezliyi (zil, bəm) və gücü qəbul edilir. Sonra səslər ilkin zonanın ətrafında yerləşən 22 və 42-ci sahələrdə - eşitmənin ikinci assosiativ zonalarında daha incə analizə məruz qalır. Burada artıq harmoniya, melodiya, ritm anlaşılır. Daha sonra isə musiqinin multimodal (görmə, hərəkət və s. qıcıqlarla birgə) analizi aparılır, bunlar "girus angularis" və "girus Supramarginalis" nahiyəsində baş verir. Nəticədə insan beynində eşitdiyi musiqi haqda təsəvvür yaranır, ləzzət yaxud əks-hiss formalaşır. Tədqiqatların nəticələri göstərir ki, uşaqlar musiqini böyüklər kimi qəbul və analiz edirlər. Doğulduqdan sonra ilk aylardan körpələr tonları və ritmi, səslərin ardıcıllığını ayırd edirlər. Nəğməni təşkil edən sözlərə və melodiyaya körpələr daha həssasdırlar. Bütün bunlar insanın musiqiyə anadangəlmə bioloji həssaslığına dəlalət edir.
 
"Beynin musiqisi" necə yaradıldı?
 
Nevroloq deyir ki, musiqi EEQ-yə spesifik təsir edir, həm də bu təsir eşidənin musiqiçi, yaxud qeyrisi olmasından asılıdır. Ritmik səslərin təsiri ilə beyin bioelektrik aktivliyi, vegetativ, endokrin parametrlər kəskin dəyişir. Musiqi əsəbi gərginliyi götürür, relaksant və antidepressiv təsir edir: "Ümumiləşdirdikdə 3 əsas effekt ayırd edilir: ləzzət hissi, koqnitiv effekt (Motsart effekti), uzunmüddətli plastik effekt. Musiqi terapiyası haqda olan ədəbiyyat musiqinin müalicəvi effektinin qısamüddətli olmasını qeyd edir. Bu xüsusiyyətinə görə musiqi qısamüddətli ləzzət hissi verən digər stimulyatorlara da (siqaret, dərman maddələri) oxşayır. Qeyd olunanları nəzərə alaraq tədqiqatçıların ümumi yekunu budur ki, əsasında musiqi duran istənilən müalicəvi metod uzunmüddətli tətbiq olunmalıdır. "Beynin musiqisi" müalicə metodu bütün qeyd olunanları nəzərə alaraq yaradılıb".
 
Seçilmiş EEQ yazısı redaktə olunur və xüsusi proqram vasitəsilə musiqiyə çevrilir
 
Metodikaya gəlincə, pasiyentin (sağlamın) relaksasiya vəziyyətində 15 dəqiqəlik EEQ-sı yazılır: "Xüsusi proqram vasitəsilə EEQ-nın vizual analizi aparılır, artefaktlar, aktivasiya epizodları kəsilib atılaraq, 5 dəqiqəlik beynin sinxronizasiya vəziyyətinə uyğun epizod seçilir. Bəzi hallarda (ifrat oyanıqlıq, ajitasiya) bu mümkün deyilsə, EEQ yuxuda aparılır, dərin yuxu dövrünə uyğun epizodlar seçilir. Seçilmiş EEQ yazısı redaktə olunur və xüsusi proqram vasitəsilə musiqiyə çevrilir. Adətən musiqi aləti kimi fortepiano istifadə olunur. Hazırlanmış individual yazı CD-yə köçürülür və pasiyentə təqdim edilir. İnsan həkim tərəfindən tərtib olunmuş sxem üzrə musiqini dinləyərək beynin funksional vəziyyətinə müdaxilə ilə relaksasiya, adaptasiya vəziyyətlərinə köklənə bilir. 1993-cü ildən indiyə qədər 8000-dən çox nevroloji və psixi xəstə və müəyyən emosional gərginlik şəraitində çalışan sağlam şəxslər müalicə olunub".
 
"Beynin musiqisi"nə hansı peşə sahibləri daha çox ehtiyac duyur?
 
 
Xüsusilə yüksək göstəricilər professional idmançılarda və ali, orta məktəb tələbə və şagirdlərində alınıb. R.Həsənov hansı hallarda "Beynin musiqisi"nin tətbiq olunduğunu da deyir. Belə ki, "Sağlamlar" qrupu üzrə tələbə və şagirdlər imtahanönü dövrlərdə; idmançılar, diqqətin cəmlənməsi tələb olunan yarışönü müddətdə, həmçinin yorğunluq halından sonra relaksasiya üçün; rəhbər işçilər psixoemosional gərginliyi azaltmaq məqsədilə; fövqəladə fiziki və emosional gərginlik, stress şəraitində çalışan şəxslər (yanğınsöndürənlər, xilasedicilər,
hərbiçilər və s.) diqqətin və iş qabiliyyətinin artırılması məqsədilə, qeyri-məqbul və aqressiv iqlim iş şəraitində çalışanlarda bu metoddan istifadə edilir. "Xəstələr" qrupu üzrə isə yuxu pozulmaları, panik pozulmalar, depressiyalar, baş ağrıları, stress vəziyyəti, vegetativ pozulmalar, alkoqolizm və narkomaniyanın müalicəsi zamanı bundan istifadə edilir. Uşaqlar üçün isə Enurez, Loqonevroz, Motor tiklər, diqqətin defisiti və hiperaktivlik sindromu (dərs materialının qavranmasını yüksəldir) zamanı BM-yə ehtiyac yaranır.
 
Metodun üstünlükləri 
 
Metodun üstünlükləri  yüksək etibarlı effektlilik (82 – 85%), təhlükəsizlik, fəsadların və əlavə təsirlərin olmaması, bütün yaşlarda istifadəsi, istənilən şəraitdə (işdə, evdə, avtomobildə, səfərdə və s.) tətbiqin mümkünlüyüdür: "Eyni zamanda bu, digər müalicə metodları ilə birgə istifadə oluna bilinməsi kimi üstünlüyə də malikdir.  Metod rəsmi olaraq təsdiqlənib. Rusiya Federasiyası Səhiyyə Nazirliyinin və Rusiya Federasiyası Səhiyyə və Sosial İnkişaf sahəsində nəzarət Federal Xidmətinin sertifikatlarını alıb. Hazırda metodika Rusiyanın əksər şəhərlərində, ABŞ, İsrail, İsveçrə, Fransa, Çexiya və bəzi digər ölkələrin xəstəxanalarında qeyri-medikamentoz müalicə üsulu kimi tətbiq edilir".
 
Həqiqət İSABALAYEVA
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL