waplog

Azərbaycanda xidmət obyektlərinin məlumat bazası hazırlanır


 Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı İT ideyalarının meydana gəlməsinə və həyata keçirilməsinə geniş şərait yaradıb. Elə bu səbəbdəndir ki, gənclər öz ideyalarını irəli sürməyə çəkinmirlər.  Ölkədə keçirilən "Startup Azərbaycan" müsabiqəsinə qoşulanların sayının çox olması da gənclərimizin İKT-yə böyük marağının olmasından xəbər verir.

"Rabitə dünyası"nın budəfəki qonağı "Startup Azərbaycan" müsabiqəsinin qaliblərindən olan Fuad Həşimzadədir. Onunla  həyata keçirdiyi layihəsi ətrafında danışmamışdan əvvəl qəhrəmanımızın kiçik həyat yoluna nəzər salaq:
 
 - 1992-ci ildə Bakıda doğulmuşam. 276 saylı orta məktəbi bitirmişəm. Bakı Dövlət Universitetinin Kimya fakültəsini bitirmişəm. Hazırda sənaye şirkətlərindən birində müqavilələr üzrə menecer vəzifəsində çalışıram.
 
 - "Startup" layihələri ilə nə vaxtdan maraqlanırsan?
 
- Startup layihələri ilə bir ildir ki məşğulam. Artıq bir ideyamız reallaşıb işləyir. Bu layihəmiz "MyDj.az" adlanır. "MyDj.az" vasitəsilə Azərbaycanda fəaliyyət göstərən DJ-lərin müxtəlif mərasimlərə onlayn sifarişlərini həyata keçirmək mümkündür. Bu layihəmiz artıq gəlir gətirir. Burada gəlirimizi faizlə götürürük. Yəni biz DJ-lərlə işləyirik, saytda onlar barəsində məlumatlar yerləşdiririk və sifariş olduğu təqdirdə DJ-lərdən öz faizimizi alırıq. Yəni bir növ onlayn dəllal xidməti göstəririk.
 
  - "Startup Azərbaycan" müsabiqəsində qalib gəldiyiniz layihədə hansı addımların atılması nəzərdə tutulub?
 
 - Biz müsabiqəyə "Brandevu.az" layihəsi ilə qoşulmuşduq. Bu layihə ilə Azərbaycanda xidmət göstərən bütün müəssisələr, yəni kafe-restoranlar, hotellər, dükanlar, benzindoldurma məntəqələri, avtotəmir salonları və sair haqqında məlumat əldə edə bilər, onların yerləri, əlaqə telefonları, xidmətlərinin qiymətlərini öyrənə və aldıqları xidmətlə bağlı müştərilər öz rəylərinin yaza bilərlər. Bundan başqa, xidmət göstərilən obyektlə bağlı istifadəçi 5 ballıq şkala üzrə reytinq qiymətləndirməsi apara bilər. Həmin müəssisənin foto və videogörüntüləri ilə tanış olmaq mümkündür. Üstəlik, mobil tətbiqetmələr (application), mobil əlavələr yazılır. Bu əlavələr GPS sistemi əsasında işləyəcək. Vətəndaşlar həmin tətbiqetməni telefonlarına yükləyəcəklər. Burada hansı kateqoriyadan olan müəssisələr haqqında məlumat almaq istədiklərini seçəcəklər.

Qeyd edim ki, burada 20 kateqoriya var. Əgər istifadəçilər «Restoranlar» kateqoriyasını seçibsə, bu zaman onların telefonuna yaxın 200 metr məsafədə yerləşən restoranların marşrut xətti, qiymətləri, menyusu, servis səviyyəsi, müştərilərin yazdıqları rəylər gələcək. Qeyd edim ki, bu tətbiqetmələr istifadəçilərin telefonuna tam pulsuz olaraq yüklənəcək. Biz qazancımızı istifadəçilərdən, saytımıza daxil olanlardan götürmürük. Gəlirlərimiz müəssisə sahiblərindən əldə olunacaq. Yəni yalnız müqavilə bağladığımız müəssisələri istifadəçilərə təqdim edəcəyik. Hər həftə və hər gün müəssisələrin məlumatları yeniləcək.
 
 - Bunun üçün müəssisələr sizə nə qədər vəsait ödəməlidir?
 
 - Bizdə aylıq ödəniş minimum 15 manatdır. Maksimum məbləğ isə şirkətin istəyindən asılıdır. Qeyd edim ki, bizdə 4 xidmət paketi var. Bura  15, 25, 35 və 49 manatlıq paketlər daxildir. 49 manatlıq paketə bütün xidmətlərimiz daxildir.
 
 - Layihəniz konkret nə vaxtdan işləməyə başlayacaq?
 
 - Biz planlaşdırırıq ki, 4 aydan sonra artıq tam fəaliyyətə başlayacağıq. Saytla mobil tətbiqetmələr bir-birinə inteqrasiya edilmiş formada işləyəcək. Çünki ola bilər ki, hansısa müəssisənin xidməti ilə bağlı istifadəçi saytda öz rəyini yazsın. Bu zaman həmin rəy mobil telefonlarda da görünəcək.
 
 - İnvestorunuz varmı? Layihənizin ərsəyə gəlməsi üçün nə qədər vəsait lazımdır?
 
 - İnvestorumuz var və görüşüb, müzakirələr aparmışıq. Hazırda investorla müqavilə bağlamaq ərəfəsindəyik. Təxminən 50 min manata yaxın vəsait tələb olunur. Ola bilər ki, məbləğ artsın. Nəzərdə tutulub ki, investor bir il müddətində bu vəsaiti təqdim etsin. Qeyd edim ki, layihəyə cəlb edəcəyimiz məbləği proqramın bir hissəsinin hazırlanmasına, serverlərin alınıb Bakıya gətirilməsinə, layihədə çalışanların əməkhaqqısına, veb-dizayna yönəldəcəyik. Biz investorla belə bir qərara gəlmişik ki, serverləri Bakıda yerləşdirək. Çünki, məsələn, serverlər ABŞ-da olarsa, hansısa hal baş verdikdə, bu, bizə problemlər yaradacaq. Amma Bakıda, yəni bizim ofisimizdə yerləşdiyi zaman qarşıya çıxa biləcək problemləri dərhal həll edə biləcəyik. Qeyd edim ki, büdcənin böyük hissəsi reklama xərclənəcək.

Məlumat üçün bildirim ki, ikinci ildən bizim layihəmiz öz-özünü maliyyələşdirmə etapına çıxacaq. Çünki hesablamalarımız onu göstərir ki, ikinci ilin əvvəllərində artıq bizim gəlirlərimiz olacaq.
 
 - Necə düşünürsüz, müəssisələr sizin xidmətlərinizə maraq göstərəcəklərmi?

 
 - Biz artıq bir neçə müəssisə ilə danışıqlar aparmışıq. Onların arasında məşhur restoran və biznes mərkəzləri də var. Hazırda 14 müəssisə bizimlə müqavilə bağlamağa hazır olduğunu bildirir. Onların məlumatları artıq alınıb və layihə hazırlandıqdan sonra informasiyalar sistemə inteqrasiya ediləcək.
 
 - Saytınız hansı dillərdə fəaliyyət göstərəcək?
 
 - Sayt əsasən Azərbaycan dilində olacaq. Çünki biz Azərbaycan bazarına çıxırıq. Bununla belə, ingilis və rus dilində də modul olacaq. Nəzərə alsaq ki, Bakıda kifayət qədər rusdilli əhali yaşayır, onları da unuda bilmərik.
 
 - Xidmətiniz yalnız məlumat verməkdən ibarət olacaq?
 
 - Biz nəzərdə tutmuşuq ki, həm də sayt üzərindən onlayn sifariş vermək olsun. Məsələn, istifadəçilər restoranı, menyunu seçəcək, istədiyi yeməyi və yeri sifariş verəcək. Artıq istifadəçisi restorana çatanda xörək hazır olacaq, gözləməli olmayacaq.
 
- Bəs obyekt sahibləri haradan biləcəklər ki, müştərilər məhz sizin sayta daxil olaraq onun xidmətini seçib?

 
 - Biz məsələnin bu tərəfini də fikirləşmişik. İnsanlara bizim sayta daxil olmaq və öz seçimini bizim xidmətimiz vasitəsilə həyata keçirməsi üçün maraq yaratmışıq. Belə ki, onlara 10 faizlik güzəştlər tətbiq edəcəyik.
 
 - Maraqlıdır, nə üçün adını «Brandevu» qoydunuz?
 
 - Biz layihəni 8 ay əvvəl təqdim edəndə tam başqa bir formatda planlaşdırırdıq. O zaman biz istəyirdik ki, müştərilər sadəcə olaraq öz şikayətlərini yaza bilsinlər. Ona görə də adını ingilis və fransız sözlərinin Azərbaycan dilində yazılış forması olan «Brandevu» qoymuşduq. Hesab edirəm ki, layihəmiz fəaliyyətə başlayanda ad dəyişiləcək. Lakin təzə adla bağlı hələlik son qərara gəlməmişik. Hazırda adla bağlı 5-6 variant var. Yəqin ki, onlardan birini seçəcəyik.
 
 - Komandanızda neçə nəfər çalışır?
 
 - Bizim komanda 8 nəfərdən ibarətdir. Lakin layihədə müxtəlif işləri görən şəxslərlə birlikdə götürsək, onun sayı 19 nəfərə gəlib çıxır. Qeyd edim ki, ideya müəllifi, layihənin rəhbəri mənəm. Lakin mən tək deyiləm. Yəni bizim partnyorlarımız da var.
 
 - Son zamanlar ölkədə startup layihələri irəli sürülür və onların reallaşdırılmasına nail olunur. Bu baxımdan bir gənc startupçı kimi  əvvəlki illərlə müqayisədə Azərbaycanın bugünkü İKT səhnəsini necə görürsünüz?
 
 - Mən bir gənc kimi deyim ki, Azərbaycanın bugünkü İKT mənzərəsi çox irəli gedib. Yəni əvvəlki illərlə heç müqayisə etməyə dəyməz. Təsəvvür edin ki, 6-7 il bundan əvvəl ölkəmizdə startup anlayışı yox idisə, bu gün o, hər kəs tərəfindən anlaşılır. Təkcə bu il ərzində 5-6 startup müsabiqəsi keçirilib. Bilirsiniz, İT ideyaları o vaxt yaranır ki, onun üçün şərait, meydan olsun. 10 il bundan əvvəl ona görə startup layihələri yox idi ki, onda ideyaların reallaşdırılması üçün lazımi ab-hava mövcud deyildi. İndi yerli qurumlar və firmalarla yanaşı, xarici şirkətlər də Azərbaycana gəlib startup müsabiqələri keçirir.

Əvvəllər gənclər internetdə saytdan başqa nə yaratmaq lazım olduğunu bilmirdilər. Amma bu gün yeniyetmələr belə, internetdə müxtəlif ideyaların reallaşdırılmasını bilirlər. Hər kəs anlayır ki, onlayn bizneslə çoxlu vəsait əldə etmək mümkündür. Bilirsiniz, bu gün hər addımda hiss olunur ki, dövlət öz gəncinə İKT üzrə inkişaf etmək üçün stimul verir. Stimul olanda da hər bir şəxs öz ideyasını həyata keçirməyə can atır. Hazırda ölkəmizdə hökumətin dəstəyindən başqa, eyni zamanda investorlar da yaxşı ideyaları dəstəkləməyə hazırdırlar. Onlar əllərindəki pulu məhz İKT sahəsinə yönəltməkdə maraqlı görünürlər. Çünki anlaşılır ki, bu sahə çox gəlir gətirən sahələrdən biridir. Bir startupçı üçün 2 əsas nüans olduqca vacibdir: şərait və investor. Bunların hər ikisi hazırda bizim ölkədə mövcuddur. Sadəcə olaraq normal ideya lazımdır.
 
 - Bəs bəzi hallarda startupla məşğul olmaq istəyən şəxslər vəsaitin olmamasından şikayətlənirlər. Bunun səbəbi nədir?

 
 - Bilirsiniz, bu fikirlərlə razılaşmıram. Doğrudur, mən də bəzən bu cür çıxışlarla qarşılaşıram. Amma həqiqət bu deyil. Şəxsən mənim özümün bu günə qədər  4-5 layihəm olub. Bu layihələrin heç birinə nə maraq olub, nə də vəsait xərcləyən. Bunu deməkdə məqsədim odur ki, investor var, sadəcə olaraq yaxşı layihə yoxdur. Sözün həqiqi mənasında dolğun, hərtərəfli düşünülmüş, gəlir gətirmək şansları böyük olan layihələri maliyyələşdirmək üçün investor tapmaqda çətinlik çəkmirsən. Hətta yaxşı layihələrə pul xərcləmək istəyən investorlar özləri ideya müəllifinə müraciət edir. İnvestor layihəyə baxanda bilməlidir ki, bu gün ona 50-100 min manat xərcləyirsə, 2-3 ildən sonra onun üç qatını götürməlidir. Ona görə də güclü biznes-model olmadan investorun qarşısına çıxmaq məsləhət deyil.

Çünki dünyanın hər yerində olduğu kimi, bütün startupçılar layihə həyata keçirəndə onun gəlir tərəfini düşünməlidir. Bəzən bizdə startupçılar bir layihəni həyata keçirəndə bunu nə üçün yaratdıqlarını, məqsədlərinin nə olduğunu unudurlar. Bilirsiniz, burada təkcə pul qazanmaq deyil, eyni zamanda mövcud olan boşluğu doldurmaq haqqında düşünməlisən.
 
Seymur Qasımbəyli

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL