waplog

Ümumdünya Ticarət Təşkilatının İnformasiya Texnologiyaları Sazişinə qoşulan ölkələrin sayı 78-ə çatdı


Ümumdünya Ticarət Təşkilatının İnformasiya Texnologiyaları (İT) Sazişinə qoşulan ölkələrin sayı artıb. Belə ki, cari ilin sentyabr ayında Rusiya Federasiyası İT Sazişinə qoşulub və bununla da qeyd olunan sazişə qoşulan 78-ci üzv ölkə olub. “http://wto.org” –un məlumatına görə, Rusiya ÜTT-yə üzv olarkən (22 avqust 2012-ci il) götürdüyü öhdəliklərdən biri də İT Sazişinə qoşulacağı və bununla da informasiya texnologiyaları məhsulları üzrə idxal tarif dərəcələrinin 5.4 faizdən 0 (sıfır) faizədək endiriləcəyi ilə bağlı olub.
 
Ümumdünya Ticarət Təşkilatı qeyd edib ki, 2012-ci ildə sözügedən ölkənin İT məhsulları üzrə ixracı 0.99 milyard dollar, idxalı isə 20.2 milyard dollar təşkil edib. Mənbədən o da vurğulanıb ki, hazırda İT məhsulları üzrə dünya ixracının 97 faizi İT Sazişinə qoşulan ölkələrin payına düşür. Ümumdünya Ticarət Təşkilatının Baş direktoru Roberto Azevedonun sözlərinə görə, Rusiyanın İnformasiya texnologiyaları üzrə Razılaşmaya qoşulması bu ölkədə İT sektorunun irəliləməsi üçün olduqca əhəmiyyətli addım olmaqla yanaşı, eyni zamanda razılaşmanın əsas hədəfini - bütün dünyada biznes və istehlakçılar üçün informasiya texnologiyaları məhsullarının qiymətlərinin aşağı düşməsini təmin edir.
 
Qeyd edək ki, Azərbaycan da hazırda ÜTT-yə üzvlüklə bağlı danışıqları davam etdirən əsas ölkələrdəndir. Azərbaycan Respublikasının ÜTT-yə üzv olmasına hazırlıq işləri üzrə Komissiyanın məlumatına görə, sonuncu danışıqlar bu ilin yayında keçirilib:
 
“İsveçrənin Cenevrə şəhərində Azərbaycanın ÜTT-yə üzv olması prosesi çərçivəsində ikitərəfli danışıqlar keçirilib, bundan başqa kənd təsərrüfatı üzrə Cairns qrupu üzvləri ilə ikitərəfli məsləhətləşmələr aparılıb.
  
Kanada ilə xidmətlər, Cənubi Koreya və Çinin Tayvan əyaləti ilə mallar və xidmətlər, Honduras ilə mallar üzrə ikitərəfli danışıqlar, eyni zamanda kənd təsərrüfatı üzrə Cairns qrupu üzvləri Avstraliya, Kanada, Braziliya, Pakistan, Argentina, İndoneziya nümayəndələri ilə ikitərəfli məsləhətləşmələr aparılıb. Görüşlərdə aidiyyəti dövlət qurumlarının, həmçinin Azərbaycan Respublikasının BMT-nin Cenevrə bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin əməkdaşlarından ibarət nümayəndə heyəti ilə təmsil olunmuş Azərbaycan tərəfinə xarici işlər nazirinin müavini, baş danışıqçı Mahmud Məmməd-Quliyev rəhbərlik edib”.
 
Görüşlər zamanı Azərbaycanın adıçəkilən dövlətlərə təqdim etdiyi mallar (kənd və qeyri-kənd təsərrüfatı malları) və xidmətlər üzrə təkliflərinə baxılıb. Xidmətlər üzrə danışıqlarda Azərbaycanda xaricilər üçün iş icazələrinin verilməsi və əmək miqrasiyası kvotası məsələləri, telekommunikasiya, nəqliyyat, dağ-mədən, enerji, tikinti xidmətləri üzrə mövcud vəziyyət müzakirə olunub. Həmçinin ÜTT-nin Treninqlər və Texniki Əməkdaşlıq üzrə İnstitutunun nümayəndələri ilə keçirilən görüşdə qurumun ümumi fəaliyyəti haqqında məlumat verilib, cari və gələn il Azərbaycana təqdim ediləcək texniki yardımların mövzuları müzakirə olunub. Hazırda ÜTT Katibliyində Azərbaycan üzrə yaradılmış İşçi Qrupun tərkibinə yer alan ölkələrin sayı 37-yə çatıb. Belə ki, Avropa İttifaqı gömrük ittifaqı şəklində olduğundan məhz bu ad altında 27 dövləti təmsil edir.
 
Qeyd edək ki, Ümumdünya Ticarət Təşkilatı (ÜTT) millətlər arasında ticarətin qlobal qaydalarını müəyyənləşdirən yeganə beynəlxalq təşkilatdır. Onun əsas funksiyası ticarətin tarazlı, maneəsiz, ehtimal olunan şəkildə və azad aparılmasını təmin etməkdir. Çoxtərəfli ticarət sistemi kimi tanınan sistemin əsasını ÜTT-nin dünyada ticarət edən millətlərin əksəriyyəti tərəfindən razılaşdırılmış və imzalanmış, onların parlamentləri tərəfindən ratifikasiya olunmuş sazişləri təşkil edir. Bu sazişlər beynəlxalq ticarət üçün hüquqi normaları təşkil edir.
 
Əslində, bu sənədlər üzv ölkələr üçün mühüm ticarət hüquqlarını təmin edən kontraktlar kimi qəbul olunur. Bununla yanaşı, bu sazişlər hökumətləri onların ticarət siyasətlərini hər kəsin mənafelərini pozmayan limitlər çərçivəsində saxlamağa kömək edir.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL