waplog

İnsanla tematik dialoqu dəstəkləyən intellektual kompüter sisteminin proqram təminatının işlənməsi üzrə araşdırmalar aparılır


Azərbaycanda insanla tematik dialoqu dəstəkləyən intellektual kompüter sisteminin proqram təminatının işlənməsi üzrə tədqiqatlar aparılır. Bu istiqamət AMEA Kibernetika İnstitutunun “Determenik sistemlərdə qərar qəbuletmənin ədədi üsulları” laboratoriyasının əməkdaşları tərəfindən aparılan çoxşaxəli araşdırmanın tərkib hissəsidir.
 
 “Toplanmış və paylanmış parametrli stasionar və qeyri-stasionar proseslərin və obyektlərin modelləşdirilməsi, identifikasiyası, optimallaşdırılması və optimal idarə olunmasının riyazi təminatının işlənməsi” mövzusunda aparılan araşdırmalar institutun direktoru, akademik Telman Əliyev və laboratoriyanın rəhbəri, texnika elmləri doktoru, professor Kamil Aydazadənin rəhbərliyi altında həyata keçirilir.
 
Sözügedən istiqamətlə yanaşı, mövzu üzrə aparılan tədqiqatlar  inteqral şərtli yüklənmiş sistemlər üçün optimal idarəetmə məsələsinin ədədi həlli; neftin qərarlaşmamış hərəkət rejimi zamanı magistral neft kəmərində sızma yerlərinin və həcmlərinin təyin edilməsi; lokal və qeyri-lokal şərtlərə malik parabolik və hiperbolik tənliklərə nəzərən müəyyən sinif tərs məsələlərin ədədi həlli kimi istiqamətləri də əhatə edir.
 
İnstitutdan bildirilib ki, aparılan tədqiqat işləri zamanı meydana çıxan mürəkkəb məsələlərin həllində böyük hesablama və yaddaş resurslarına malik kompüterlərə tələbat yaranıb. Bu məsələlərin həlli üçün “AzScienceNet” elm kompüter şəbəkəsinin “Cloud Computing” xidmətinin köməyi ilə 16 hesablama qovşağı və 16 Gb əməli yaddaş resurslarına malik virtual hesablama maşınlarından istifadə olunub. Bu da qeyd edilən mürəkkəb məsələlərin qısa bir zamanda həll edilməsinə imkan verir.
 
Qeyd edək ki, “AzScienceNet” elm kompüter şəbəkəsinin xidmət siyahısında artıq “AzCloud”, “AzStorage” və “AzVirtual” xidmətləri də mövcuddur. Azərbaycanda ilk dəfə qurulan “AzCloud” xidməti istifadəçilərə qısa bir müddət ərzində böyük hesablama və yaddaş resursları tələb edən mürəkkəb məsələlərin həlli üçün virtual hesablama maşınları təqdim edir. “AzStorage” xidməti isə vacib məlumatların saxlanılması üçün yaddaş resursları təqdim edir. İstifadəçinin kompüterinin yaddaşı kifayət etmədikdə və ya xüsusi əhəmiyyətli faylları daha təhlükəsiz yerdə saxlamaq istədikdə bu xidmətə müraciət etmək olar.
 
“AzVirtual” xidmətinə gəlincə, bu bölmədə istifadəçiyə həll olunması böyük resurslar tələb olunan məsələlərin həlli üçün virtual maşınlar təqdim edilir. İstifadəçinin kompüterinin gücü çatmayan məsələləri asanlıqla bu xidmətdən istifadə edərək həll etmək mümkündür. Sözügedən xidmətlərin hər biri pulsuzdur və yalnız AMEA-nın institut və ya təşkilatları üçün nəzərdə tutulub.
 
Xidmətlərdən istifadə etmək üçün müvafiq müraciət forması doldurulmalı, açılan məktub rəsmi blankda çap edilərək, institutun və ya təşkilatın rəhbərinin imzası ilə AMEA İnformasiya Texnologiyaları İnstitutuna göndərilməlidir.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL