waplog

Azərbaycanda COOMET Regional Metrologiya Təşkilatının Texniki Komitəsinin iclası keçirilib


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Metrologiya Xidmətinin təşkilatçılığı ilə Bakı şəhərində COOMET Regional Metrologiya Təşkilatının Texniki Komitəsinin 2 günlük iclası keçirilib.
 
“İnformasiya və təlim” mövzusunda keçirilmiş iclasda yerli mütəxəssislərlə yanaşı, Rusiya, Ukrayna, Almaniya, Moldova, Özbəkistan və Tacikistanı təmsil edən nümayəndələr də iştirak ediblər. İclasda Komitə yanında Dövlət Metrologiya Xidmətinin rəisi Oqtay Abbasov son illər ölkəmizdə ölçmələrin vəhdətinin təmin edilməsi, dövlət etalon bazasının təkmilləşdirilməsi, yeni dövlət etalonlarının alınması istiqamətində görülmüş işlərlə bağlı məlumat verib:
 
“Ölkə rəhbərliyinin xüsusi diqqəti nəticəsində metrologiya sürətlə inkişaf etməkdədir. Belə ki, son 5 il ərzində komitədə Kütlə, Qüvvə və təzyiq, Elektrik kəmiyyətləri, Vaxt və tezlik, Temperatur, Sıxlıq və özlülük və Dozimetrik dövlət etalonları laboratoriyaları yaradılaraq milli etalon bazası formalaşıb. Beynəlxalq əməkdaşlıq əlaqələrinin inkişafı nəticəsində Azərbaycan 2007-ci ildən COOMET Regional Metrologiya Təşkilatında təmsil olunmaqdadır”.
 
Sonra COOMET-in vitse-prezidenti, TK 04 “İnformasiya və təlim” Texniki Komitəsinin sədri Pavel Neejmakov TK-nın son bir ildə gördüyü işlər barədə çıxış edib. İclasda TK-nın növbəti il üçün perspektiv planları, COOMET ilə Komitə yanında Dövlət Metrologiya Xidmətinin gələcək əməkdaşlıq əlaqələri, gənc metroloqların təcrübə mübadiləsi proqramlarında iştirakı və gündəlikdə duran digər məsələlər barədə məruzələr dinlənilib.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL