waplog

Xarici dillərin tədrisində innovativ texnologiyalar problemləri araşdırılıb



Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu (BPKİYİ), Azərbaycan Dillər Universiteti və Britaniya Şurasının (British Council) birgə təşkilatçılığı ilə "Xarici dillərin tədrisində yeni tendensiyalar: mövcud təcrübə və inkişaf strategiyaları" mövzusunda keçirilən beynəlxalq elmi-praktik konfrans öz işini başa çatdırıb. İki gün davam edən konfransın plenar iclasında və üç elmi bölməsində (müasir xarici dil təhsilinin metodoloji aspektləri və tərcümənin problemləri; xarici dillərin tədrisində innovativ texnologiyalar; xarici dillərin tədrisinin psixoloji-pedaqoji problemləri)  mütəxəssis alimlərin 50-yə qədər məruzəsi dinlənilib və geniş müzakirə edilib.
 
BPKİYİ-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Quliyevanın sözlərinə görə, konfransın plenar iclası Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda Heydər Əliyev muzey-lektoriyası ilə tanışlıqdan sonra öz işinə başlayıb. Konfransa ev sahibliyi edən BPKİYİ-nin rektoru, professor Asəf Zamanov respublika prezidentinin rəhbərliyi ilə uğurla aparılan daxili və xarici siyasətin bütün sahələrə olduğu kimi, elm və təhsil sahəsinə də müsbət təsirini xüsusi vurğulayıb.
 
 Azərbaycanın 2011-ci ildə BMT-nin Təhlükəsizlik Şurasının 15 üzvündən biri seçilməsi, 2013-cü ildə dünyanın "kosmik ölkələri" sırasına daxil olması, BMT-nin 2010-cu il üzrə insan inkişafı hesabatına əsasən "orta insan inkişafı" qrupundan "yüksək insan inkişafı" qrupuna daxil olmasına diqqət çəkərək, təhsilin maddi-texniki bazasının gücləndirilməsi, həmçinin kadr potensialının formalaşdırılması istiqamətində görülən işlərdən söz açıb. Prezidentin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın əhəmiyyətini xüsusilə vurğulayıb.
 
Rektor müasir dünyada insan kapitalının dövrün tələblərinə uyğun formalaşması üçün zəruri olan yeniləşmiş ali təhsilin istənilən ölkənin sosial, siyasi və texniki problemlərinin həllində zəruriliyindən, bütün bu problemlərin uğurlu həlli üçün az əhəmiyyətli olmayan məsələlərdən birinin də xarici dillərin yüksək səviyyədə öyrədilməsindən, məhz bu mənada həmin mövzuda beynəlxalq konfransın keçirilməsinin aktuallığından danışıb. Son beş ildə BPKİYİ-nin dünyanın 35-dən çox ali məktəbi və elmi tədqiqat institutu ilə səmərəli əməkdaşlığını, professor-müəllim heyəti tərəfindən respublikamızda və xaricdə nəşr etdirilmiş 700-dən çox elmi əsərin (monoqrafiya, kitab, elmi məqalə və s.) 150-nin xarici dövri jurnallarda nəşr edildiyini məmnuniyyətlə qeyd edib. 
 
 
Plenar iclasda Təhsil Nazirliyinin şöbə müdiri Fərzəli Qədirov, Britaniya Şurasının Azərbaycan üzrə direktoru xanım Yelizavet Vayt, Azərbaycan Milli TEMPUS Ofisinin rəhbəri Pərviz Bağırov, Belarus səfirliyinin rəsmisi Dmitri Avsianski, Özbəkistan səfirliyinin rəsmisi Cahangir Aminov, Azərbaycan Təhsil Şurasının sədri professor Əjdər Ağayev, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini dosent Şaiq Əsgərov, Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal İsmayılov və ali məktəblərin nümayəndələri son 5 ildə BPKİYİ-nin əsas təşkilatçılığı ilə keçirilən artıq 9-cu beynəlxalq konfransın elmi və pedaqoji potensialın formalaşması, təhsilin keyfiyyətinin yüksəlməsi üçün əhəmiyyətini vurğulayaraq,  iştirakçıları təbrik ediblər. Özbəkistan Dövlət Dünya Dilləri Universitetinin kafedra müdiri professor Layloxan Axmedova "Özbəkistanda xarici dillərin tədrisində innovasiyalar", Britaniya Şurasının rəsmisi Gülşən Hüseynova "Davamlı peşəkarlığın inkişafı çərçivəsində atılan uğurlu addımlar" mövzularında məruzələrlə çıxış ediblər.
Konfransın proqramına Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutu, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Böyük Britaniyanın Norveç Dil Təhsili İnstitutu, Özbəkistan Dövlət Dünya Dilləri Universiteti, Kiyev Milli Linqvistika Universiteti, Minsk Dövlət Linqvistika Universiteti, Volqoqrad Dövlət Təhsil İşçilərinin İxtisasartırma və Yenidənhazırlanma Akademiyası, Gürcüstan Elm və Təhsil Nazirliyinin Müəllimlərin Peşəkar İnkişafı Mərkəzi, Azərbaycan Turizm İnstitutu, Qafqaz Universiteti və digər təhsil müəssisələrinin mütəxəssislərinin məruzələri daxil edilib.  
 
Həqiqət İSABALAYEVA
                                         

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL