waplog

RİTN-də rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə videokonfrans keçirilib


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində ölkə prezidenti İlham Əliyevin 2 dekabr 2006-cı il tarixli sərəncamı ilə müəyyən edilmiş 6 dekabr rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə videokonfrans keçirilib.

Rabitə və İnformasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədovun iştirakı  ilə keçirilən tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən “İnternetin dünəni, bu günü və sabahı” adlı virtual konfransla canlı bağlantı yaradılıb və nazir Əli Abbasovun peşə bayramı ilə bağlı təbrikləri dinlənilib.
İ. Məmmədov bildirib ki, Azərbaycanda bu bayramın keçirilməsi rabitə və informasiya texnologiyaları sahəsində çalışan insanların əməyinə verilən yüksək qiymətin nəticəsidir.

“2006-ci ildən bu günədək 120-dən çox rabitə işçisi müxtəlif mükafatlarla təltif ediliblər. İşində yüksək nailiyyətlər əldə edən və sektor üzrə uzun müddət təcrübəsi olan işçilərin mükafatlandırılması onların həvəslə işləməsinə stimul yaradır. Rabitə və informasiya texnologiyaları sahəsinə verdiyi töhfələrə görə gənc əməkdaşları  daha da həvəsləndirmək üçün müxtəlif mükafatlar təsis edilib”,- deyə nazir müavini bildirib. Son illər ərzində həyata keçirilən işlərdən danışan İ.Məmmədov “İnformasiya-kommunikasiya texnologiyaları ili”nin sektorun inkişafı və qlobal layihələrin reallaşdırılması üçün geniş imkanlar yaratdığını qeyd edib. O, ölkəmizin yaxın gələcəkdə  regionun İKT mərkəzinə çevriləcəyinə əminliyini ifadə edib.

“Cari ilin ən mühüm hadisəsi kimi ölkəmizin ilk telekommunikasiya peykinin orbitə çıxarılmasını, “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihəsi ilə bağlı BMT-nin Baş Assambleyası tərəfindən qəbul edilən qətnaməyə əsasən Avrasiya Rabitə Alyansının yaradılmasını və təşəbbüsün reallaşması üçün bu günlərdə operator şirkətlərlə imzalanan memorandumu misal göstərmək olar. Təbii ki, görülən işlər bununla yekunlaşmayıb. Gələcəkdə daha irimiqyaslı layihələrin reallaşması üçün ölkəmizdə münbit şərait, ən ali səviyyədə dövlət dəstəyi və bu işləri həyata keçirmək üçün kifayət qədər savadlı kadrlar  mövcuddur”.

Tədbir çərçivəsində Rabitə və informasiya texnologiyaları sahəsi  işçilərinin peşə bayramı və  Azərbaycanda  telefon rabitəsinin yaradılmasının 132 illiyi münasibəti ilə 26 oktyabr-26 noyabr tarixlərində keçirilən rabitəçilərin ənənəvi “Sağlamlıq-2013” Respublika spartakiadasının qalibləri mükafatlandırıldı. Bu il 21-ci dəfə keçirilən 9 idman növü üzrə  spartakiadanın qalibləri “Aztelekom” İstehsalat Birliyi, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi və Azərbaycan Texniki Universiteti olub.

Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL