waplog

Startaplar nə zaman müflisləşir?


Amerika Birləşmiş Ştatlarının “CB İnsight” Araşdırma Mərkəzi startaplarla bağlı maraqlı araşdırmalar aparıb. Mənzil-qərargahı ABŞ-ın Nyu-York şəhərində yerləşən “CB İnsight” hansı startapların uğursuzluğa düçar olmasını və uğursuzluğun hansı zaman kəsiyində baş verdiyini müəyyənləşdirib.
 
Eyni zamanda ayrılan maliyyə vəsaitlərinin miqdarını, eləcə də boşuna xərclənən, heç bir gəlir gətirməyən pulun miqdarını aydınlaşdırıb.
 
 “ICTnews” elektron xəbər xidməti Türkiyə mətbuatına istinadən bildirir ki, sözügedən mərkəz apardığı araşdırmanın nəticələri ilə bağlı hesabatını özünün rəsmi internet səhifəsində yerləşdirib. Hesabata görə, özünü doğrultmayan startapların yüzdə 55-i 1 milyon dollar yatırım alan şirkətlərdir.
 
Onlar vəsaitin azlığından “ayaqda durmağı”  bacarmayaraq fəaliyyətlərinə xitam verməyə məcbur olublar. Məlum olub ki, “batan” startapların yüzdə 14-ü 1 ilə 5 milyon, yüzdə 9-u 5 ilə 10 milyon, yüzdə 8-i 10 ilə 25, yüzdə 13-ü 20 milyon dollar yatırım əldə edib.
 
Hesabata görə, 2010-2013-cü illər arasında ayaqda durmağı bacarmayan startaplar orta hesabla 11 milyon dollar maliyyə əldə ediblər.
 
20 aylıq fəaliyyət
 
“CB Insights” layihəsinə maliyyə cəlb edən startapların fəaliyyət müddətini də araşdırıb. Məlum olub ki, şirkətlər son maliyyə yardımı aldıqdan sonra onların ömrü əsasən 20 ay olur. Bu müddətdən sonra qarşılarına qoyduqları məqsədlərə çatmadıqları üçün fəaliyyətlərini dayandırırlar. Hesabata görə, maliyyə cəlb etməyi bacaran startapların yüzdə 36-sı 12-20 ay, yüzdə 35-i  isə 0-12 ay  sona gördüyü işlərə son verməli olublar. “CB Insights” bildirir ki, startapların yalnız yüzdə 3-ü maliyyə aldıqdan sonra 5 il fəaliyyət göstərməyi bacarıb. Lakin sonda onlar da uğursuzluğa düçar olublar.
 
 
Daha çox hansı startaplar uğur qazanmır?
 
 
“CB İnsight” Araşdırma Mərkəzi hansı sahələr üzrə fəaliyyət göstərən startapların daha çox uğursuzluqla üzləşdiyini də araşdırma mövzularına daxil edib. Hesabat müəllifləri hesab edirlər ki, ən çox sosial, bazar (alış-veriş), reklamçılıq sahəsində layihə həyata keçirən startaplar uğur qazanmaqda çətinlik çəkir.
Qeyd edək ki, bir çox ekspertlərin qənaətincə, bu sahələrdə startapların uğur qazana bilməməsinin əsas səbəblərdən biri də sözügedən bazarın doyması ilə əlaqədardır. Çünki bu vaxta qədər həmin sahələr üzrə çoxlu uğurlu şirkətlər qurulub və hazırda dünyanın ən böyük şirkətlərinə çevriliblər. Belə olduğu təqdirdə onların yanında yenə  və eyni tipli layihələrin uğur qazanması sual altına düşür. Hətta bir çox startapçılar maliyyə cəlb etməyi bacarsalar da, sonradan fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalırlar.
 
Uğursuz startaplar hansı kateqoriyalara aiddir?
 
“CB İnsight” vurğulayır ki, 2013-cü ildə batan startapların yüzdə 79-u internet, yüzdə 15-i isə mobil texnologiya kateqoriyasına aid olub. Digər uğursuz layihələr isə isə domen, elektronika kateqoriyalarına aid edilib.

Mərkəz qeyd edir ki, sözügedən sahələrin ən çox uğursuzluq gətirməsinə baxmayaraq gənclərin böyük əksəriyyəti də məhz bu sahələr üzrə layihələr reallaşdırmağa cəhd ediblər. Gənclərin bu istəyi də özündən əvvəlkilərin böyük uğur qazanması və yüksək gəlir əldə etməsindən doğur.

Qeyd edək ki, Araşdırma Mərkəzinin açıqladığı rəqəmlər Azərbaycan üçün keçərli olmaya bilər. Çünki ölkəmizdə hələ bir çox sahələr tamamilə boşdur və onları əhatə edən startap layihələrinin həyata keçirilməsinə ehtiyac var. Azərbaycan bazarı hələ bir çox məqamlar üzrə doymamış haldadır. Sadəcə olaraq ABŞ-da sözügedən sahələr üzrə həddindən artıq layihələr reallaşdırıldığı üçün yeni proqramlar istənilən nəticəni vermir.
 
Seymur Qasımbəyli

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL