waplog

Bakıda texnologiya sahəsində uğurlu qadınlara həsr olunmuş “DigiGirlz” konfransı keçirilib


Bakıda “Microsoft Azerbaijan” şirkətinin və ADA Universitetinin təşkilatçılığı ilə ilk dəfə olaraq qadınların informasiya texnologiyaları sahəsində roluna həsr olunmuş “DigiGirlz” konfransı keçirilib.
 
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirdə çıxış edən ADA Universitetinin nümayəndəsi Şəmsiyyə Mustafayeva bildirib ki, Azərbaycan qızlarının İKT sahəsində inkişaf etdiriləcək böyük potensialı var.
 
“Bizim seçim imkanımız var və istədiyimiz sənət sahibi olmaq bu seçimin bir hissəsidir. Bu gün azərbaycanlı qadınlar müxtəlif sənətlər seçir, onlar elm sahəsində böyük nailiyyətlər əldə edir və xarici universitetlərdə elmi fəaliyyətlə məşğul olurlar, biznes sahəsində əhəmiyyətli nailiyyətlər əldə edirlər”, - deyə o, Azərbaycan qadınlarının rolunu xarakterizə edib.
 
Tədbirdə qeyd edilib ki, “Microsoft” korporasiyası dünya üzrə qadınları dəstəkləyir və onlara potensiallarını həyata keçirməyə yardım edir. “DigiGirlz” konfransının əsas məqsədi də məhz Azərbaycanda texnologiya sahəsində fəaliyyət göstərən qadınlara dəstək olmaq, onların inkişafına təkan verməkdir. Bu konfrans gənc qadınlara sürətlə inkişaf edən texnologiya sahəsində işlər və ən cəlbedici texnoloji innovasiyalarla tanış olmaq imkanını yaradıb.
 
"DigiGirlz" konfransı perspektivli tələbələrə texnologiya sahəsinin onlara verə biləcəyi imkanları və indiyə qədər mövcud istedadının aşkar edilməsinə mane olan gender stereotipləri qırmaq və İKT sahəsində nə cür karyera qurmağı göstərmək üçün yaradılıb. Tədbir zamanı iştirakçılar informasiya texnologiyaları sahəsində karyera qurmuş uğurlu qadınlarla ünsiyyət qurmaq imkanı əldə ediblər.
 
Konfransda “Microsoft” Korporasiyasının Mərkəzi və Şərqi Avropa regionunda satış üzrə direktoru Viki Rentzepi, “Red Communications” agentliyinin baş direktoru Tatyana Mikayılova, ADA Universitetinin müəllimi Şəmsiyyə Mustafayeva, “Microsoft Azerbaijan” şirkətinin marketinq üzrə meneceri Səbinə Pərvizi, İKT şirkətlərinin nümayəndələri və texnologiya sahəsində uğurlu karyera qurmuş digər qadınlar iştirak ediblər.
 
Qeyd edək ki, “Microsoft” bütün dünyada bu təşəbbüslə çıxış edir.  Bu il ilk dəfə olaraq konfrans Azərbaycanda keçirilib  və  tədbirə 100-dən artıq iştirakçı qatılıb.
 
Aynur Vəliyeva
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL