waplog

ABŞ Quru Qoşunlarında ilk kibermühafizə briqadası fəaliyyətə başlayıb



ABŞ Silahlı Qüvvələrinin Quru Qoşunlarında kibermühafizə briqadası adlandırılan informasiya kompüter şəbəkələrinin təhlükəsizliyinin təmini üzrə ilk xüsusi bölmə fəaliyyətə başlayıb. ABŞ Ordusunun kiberkomandanlıq bölməsinin rəhbəri Edvard Kardonun bildirdiyinə görə, polkovnik Donald Breyin komandiri olacağı briqada Corciya ştatındakı Fort-Qordon bazasında yerləşəcək.
 
Bölmədə həm kadr hərbçilər, həm də mülki mütəxəssislər qulluq edəcək. Briqadaya kibermühafizə üzrə 20 komanda (hər birində 40 əməkdaş) daxildir və onların vəzifəsi quru qoşunlarının müstəqil və ya silahlı qüvvələrin digər növləri ilə birlikdə həyata keçirdiyi əməliyyatlar zamanı informasiya kompüter şəbəkələrinin mühafizəsinin təmin edilməsindən ibarət olacaq.  
 
Cari ilin əvvəlində ABŞ müdafiə naziri Çak Heygel bəyan edib ki, Pentaqon yaxın iki ildə dövlət və özəl informasiya şəbəkələrini və idarəetmə sistemlərini xarici kəşfiyyatlardan, kiberterrorizm və haker hücumlarından mühafizə etmək məqsədilə kibertəhlükəsizlik sahəsi mütəxəssislərinin sayını üç dəfə artırmağı planlaşdırır. ABŞ Müdafiə Nazirliyinin müasir kiberqüvvələrin yaradılmasını davam etdirdiyini deyən nazir cari ilin sonunadək kibertəhlükəsizlik mütəxəssislərinin sayının 1,8 min nəfərə, 2016-cı ilin əvvəlinə isə 6 min nəfərədək çatacağını bəyan edib.
 
“Bu, kiberməkanda təcavüzün qarşısını almaq üçün imkanları genişləndirəcək, düşmənlərimizə məqsədlərinə nail olmağa imkan verməyəcək və ölkənin milli təhlükəsizliyini təhdid edən kiberhücumlardan qoruyacaq”, - nazir qeyd edib. O vurğulayıb ki, informasiya şəbəkələrinə, o cümlədən mühüm idarəetmə sistemlərinə və infrastruktur obyektlərinə müdaxilə etmək cəhdləri azalmır və getdikcə aqressiv xarakter daşıyır, - “İTAR-TASS” yazır.   

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL