waplog

Türk texnologiya lideri “KoçSistem” Azərbaycanda ilk beynəlxalq şirkətini yaradıb


Bu gün Bakıda türk texnologiya lideri "KoçSistem"in Azərbaycanda ilk beynəlxalq şirkətinin - "KoçSistem Azərbaycan"ın təqdimatı keçirilib.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən tədbirin açılışında çıxış edən Azərbaycan rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini  İltimas Məmmədov bildirib ki, ölkənin perspektiv sahələrindən biri olan İKT sektorunda gələcək inkişafın əsasını qoyan bir sıra layihələr həyata keçirilir.
 
"Bu kontekstdə ölkədə xarici İT şirkətlərinə olan tələbat artır və onların yerli bazarda fəaliyyət göstərməsi üçün hər bir şərait yaradılır ki, həmin müəssisələr yeni avadanlıq və texnologiyaları Azərbaycanda tətbiq edə bilsinlər. Bu şirkətlərdən biri də data xidmətləri, elektron xidmətlər sahəsində böyük təcrübəyə malik "KoçSistem" şirkətidir. Azərbaycanda informasiya texnologiyaları və elektron hökumət sahəsində bır sıra böyük yeni layihələr həyata keçirilir. Bu layihələr tək Bakını deyil, ölkənin bütün regionlarını əhatə edir. Yeni layihələrin reallaşdırılması prosesində "KoçSistem" kimi İT üzrə təcrübəli şirkətlərin iştirakı  olduqca vacibdir. "KoçSistem" hazırda Azərbaycanda 4-5 layihədə iştirak edir. Şirkət tərəfindən  "ağıllı" binaların, stansiya mərkəzlərinin yaradılması ilə bağlı konkret təkliflər   təqdim edilib. Eyni zamanda,  elektron innovasiyaların tətbiqi, Avropa Olimpiya Oyunlarının təşkilində iştirakla bağlı da şirkətin planları var", - deyə nazir müavini qeyd edib.
 
"KoçSistem" şirkətinin rəhbəri Məhmət Nalbantoğlu öz növbəsində  "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının reallaşmasında iştirak etmək, ölkənin rəqəmləşməsi prosesinə dəstək vermək niyyətində olduqlarını bildirib.
 
"Biz Azərbaycanda təkcə gəlir əldə etmək üçün fəaliyyət göstərmirik. Bizim əsas məqsədimiz ölkədə "Yüksək Texnologiyalar Parkı"nın fəaliyyətinin inkişafına dəstək olmaq, yeni texnologiyaların yaradılmasına, tətbiqinə və xarici bazarlara çıxarılmasına kömək etməkdir. Azərbaycanın beynəlxalq əməliyyatlarda iştirak etməsi üçün mövcud potensialının səmərəli  istifadəsi   bizim üçün maraqlıdır və biz bu prosesdə ölkəyə dəstək olmaq istərdik.  70 illik təcrübəmizi sizinlə bölüşmək istərdik", - deyə o bildirib.
 
Qeyd edək ki, "KoçSistem" Türkiyə və Azərbaycanla yanaşı, İngiltərə, Almaniya başda olmaqla bir sıra Avropa bazarlarında fəaliyyət göstərir. "KoçSistem" brendi altında  rəqəmsal nəşriyyat məhsulu - "Pixage",  avtomatik sayğac oxuma sistemi - "Sistemetriks" və "Elektron Faktura", "Elekton Dəftər" kimi fəaliyyət istiqamətlərini saymaq mümkündür.

Aynur Vəliyeva
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL