waplog

“Bakıfilekspo-2014” IV Milli filateliya sərgisi işə başlayıb


Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin  (RYTN) “Azərmarka” şirkəti və Azərbaycan Filatelistlər  İttifaqının (AFİ) təşkilatçılığı ilə “Bakıfilekspo-2014” IV Milli filateliya sərgisinin açılış mərasimi keçirilib.
 
 9 Noyabr - Dövlət Bayrağı Gününə həsr edilmiş sərgidə çıxış edən rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov ölkə başçısı İlham Əliyevin yürütdüyü siyasətin bütün sahələrdə olduğu kimi, humanitar sahədə də öz bəhrəsini verdiyini, eyni zamanda bu sahənin bir istiqaməti olaraq, Azərbaycanda filateliya, numizmatikanın inkişafına yol açdığını bildirib. Dövlət Bayrağı Gününə həsr edilmiş filateliya sərgisinin təşkilini respublikanın ictimai həyatında mühüm hadisə kimi dəyərləndirən nazir qeyd edib ki, ölkəmizdə son illər geniş vüsət alan, elmə, mədəniyyətə töhfə verən filateliya sahəsi poçt rabitəsi tarixinin öyrənilməsində də mühüm yer tutur.
 
 
Azərbaycan Respublikası Baş nazirin müavini Elçin Əfəndiyev də sərginin həsr olunduğu tarixin ölkəmiz üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq, dövlətçiliyimizin möhkəmləndirilməsində dövlət rəmzlərinə olan ehtiramın əsas yer tutduğunu qeyd edib. Filateliyaya  xüsusi marağı və bu sahədə böyük təcrübəsi ilə də seçilən E.Əfəndiyev burada ikitərəfli amilin əsas rol oynadığını deyib: “Belə ki, filateliyanın inkişafı sayəsində həm dünyanı tanıyırıq, həm də dünya bizi tanıyır”.
 
 
Azərbaycan Filatelistlər İttifaqı Rəyasət Heyətinin sədri, Azərbaycanın Moldova Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Namiq Əliyev qeyd edib ki, Azərbaycanın dövlət rəmzlərinin təbliğinin gücləndirilməsi,  onlara hörmət və ehtiramın artırılması, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, eyni zamanda respublika prezidenti İlham Əliyev tərəfindən 9 Noyabr - Dövlət Bayrağı Gününün təsis edilməsi, Dövlət Bayrağı meydanının tikilməsi ilə davam edən tədbirlər dövlət rəmzlərimizə verilən yüksək dəyərin təcəssümüdür: “Dövlət rəmzlərinin tərənnüm edilməsi sahəsində önəmli fəaliyyəti olan amillərdən biri də məhz Azərbaycan filateliyasıdır”.
 
 
“Azərmarka” şirkətinin prezidenti İntiqam Bağırlı isə Azərbaycan filateliyasının keçdiyi yola nəzər salaraq, dövriyyəyə buraxılan  müxtəlif məzmunlu markalar, poçt miniatürləri,  zərflər və s. haqda ətraflı məlumat verib. Şirkətin Ümumdünya Filateliya sərgilərində uğurla iştirakından da söz açan İ.Bağırlı qeyd edib ki, bu cür beynəlxalq tədbirlərdə Azərbaycan poçt markaları dövlət rəmzlərimiz, görkəmli siyasi və ictimai xadimlərimiz, tarix, incəsənət, memarlıq, zəngin flora və faunamızın dünya ictimaiyyətinə daha yaxından tanıdılmasında xüsusi rol oynayır.
Daha sonra filateliya sərgisinin qonaqlarına Azərbaycan tarixinin önəmli səhifələrinə həsr olunmuş  bir neçə maraqlı kolleksiya və bu sahədə dərc olunmuş yeni kitablar təqdim edilib, IV Milli filateliya sərgisi üçün xüsusi hazırlanmış zərfdə xatirə ştempelin vurulması mərasimi keçirilib. Eyni zamanda reqlamentə uyğun olaraq sərgidə təşkil olunan filateliya, numizmatika və ədəbiyyat nominasiyaları üzrə müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi də keçirilib.
 
 
Qeyd edək ki, sərginin işi müddətində “Azərmarka” şirkəti və “Num.az” MMC-nin köşkləri fəaliyyət göstərərək, kolleksiyaçılara və sərginin qonaqlarına filateliya və numizmatika üzrə aksesuarların satışını da təşkil edir.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL