waplog

Təhsil Problemləri İnstitutunun direktoru: “Azərbaycanda İKT-nin təhsildə tətbiqinin gücləndirilməsi sahəsində xeyli işlər görülüb”


Təhsil Problemləri İnstitutunda "Elektron məktəb üçün elektron müəllim" təlim kursunun respublikada ilk müdavimləri ilə görüş keçirilib.

Avqust-oktyabr aylarında kursu bitirmiş müdavimlərə sertifikatların təqdimetmə mərasimində institutun direktoru,  hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov çıxış edərək bildirib ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, hazırda  mövcud  təhsil siyasətini uğurla davam edən prezident İlham Əliyev tərəfindən  təhsildə informasiya-kommunikasiya texnologiyalarının tədrisdə tətbiqinə xüsusi diqqət ayrılır.
 
O, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın əsas prioritet məsələlərindən biri  olan informasiya-kommunikasiya texnologiyalarından tədrisdə  istifadəsinə geniş yer verildiyini deyib. Onun sözlərinə görə, İKT-nin təhsildə tətbiqinin  gücləndirilməsinə daha çox xüsusi diqqət artıran bir çox ölkələr kimi Azərbaycanda da bu istiqamət üzrə çox işlər görülür: "Artıq təcrübədə özünü doğrultmuş həmkarların öyrənmə  və öyrətmə  potensiallarını təhsildə birləşdirərək peşəkar inkişafa yönəltməklə təhsilə dəstək olan Təhsil Problemləri İnstitutu növbəti dəfə uğurlu bir layihəyə imza atdı. İnstitutda ilk dəfə olaraq məsafədən – distant yolla "Elektron məktəb üçün elektron müəllim" təlim kursları keçirildi". 
 
 
Qulu Novruzov təhsilverənlərin təhsilalanların maraqlarına uyğun olaraq  tədrisin daha maraqlı olması üçün elektron dərs resurslarının hazırlanması və internetdə milli resursların sayının artması zərurətindən irəli gələrək bu kursun məqsədəuyğun olduğunu vurğulayıb:

"Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın (2.2.1. yeni kurikulumlara və informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyalarına uyğun metodiki vəsaitlərin, didaktik materialların və təlim vasitələrinin hazırlanmasını stimullaşdıran yeni mexanizmlərin yaradılması) məzmununu əsas götürərək TPİ-də uyğun kurslara start verilib". 
 
 
Təhsil Problemləri İnstitutunun Beynəlxalq əməkdaşlıq və informasiya şöbəsindən qeyd edilib ki, "Elektron məktəb üçün elektron müəllim" təlimi Azərbaycanın əməkdar müəllimi, beynəlxalq dərəcəli təlimçi Almaz Həsrət tərəfindən keçirilib. Kursun 3 günü auditoriya şəraitində müəllimlərin birbaşa iştirakı ilə, digər günlər isə məsafədən (distant) olaraq 1 ay müddətində keçirilib. Elektron təhsilə keçidlə əlaqədar olaraq kurs zamanı  müəllimlərə mühazirə, təqdimat, müzakirə, "workshop", debat və  Veb texnologiyalarından istifadə etmə kimi  təlim formatından istifadə olunub. 

Kursun keçirilməsi üçün bir sıra mövzulara toxunulub. Buraya "Elektron məktəb üçün elektron müəllim hazırlığının ən vacib aspektləri", "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası sənədi", "Distant - məsafədən təhsil zamanı virtual sinfin yaradılması, Distant təhsilin keçirilməsi yolları", "İKT-nin pedaqoji sahədə tətbiqi imkanları", "İKT-nin  şagirdlərdə informasiya mədəniyyətinin formalaşdırılmasında rolu", "İKT, ev, məktəb və mədəniyyət", "Sosial şəbəkələr və təhsil", "Veb texnologiyalar", "Elektron dərslərin hazırlanması mexanizmi" və s. daxildir.

Kursa Azərbaycanın şəhər və rayonlarından 60-dan çox təhsil işçisi qatılıb.
 
 
 Onlardan  Qazax, İmişli, Şəmkir,  Ağstafa, Yevlax, İsmayıllı, Kürdəmir, Laçın (Bərdə), Salyan,  Lənkəran,  Lerik,  Abşeron, Sumqayıt, Qaradağ və Bakı şəhər orta məktəb, ali məktəb müəllimləri, direktorlar, tələbə və psixoloqlar iştirak edirdilər.  

Görüş zamanı müzakirələr olub, keçirilən kursla bağlı maraqlı fikirlər səsləndirilib.

Çıxış edən müdavimlərdən İmişli rayonu  Aranlı kənd 2 nömrəli orta məktəbin direktoru Qəhrəmanlı  (Aranlı)  Malik  və Bakı şəhəri təqaüdçü müəllim Rafiq Qasımov, Qazax rayonu Daş Salahlı kəndinin A. Əmilov adına 1 nömrəli orta məktəbin müəlliməsi Şükufə Cəfərova "Elektron məktəb üçün elektron müəllim" kursunun davamlı olaraq keçirilməsini, xüsusilə də bu kursun əhəmiyyəti və müasir zamanla ayaqlaşan təhsil sisteminə önəmliliyi barədə danışıblar.
 
 Sonda institutun direktoru Qulu Novruzov bir daha kursun müdavimlərini  təbrik edərək onlara sertifikatları təqdim edib.

Görüşdə ARTPİ-nin direktor müavini, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Ənvər Abbasov, şöbə müdiri İlham Cavadov, Təlim Texnologiyaları Mərkəzinin direktoru Muxtar Həsənov  və 60-dan çox Azərbaycanın şəhər və bölgə müəllimləri iştirak ediblər. 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL