waplog

RYTN-də 6 dekabr - rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 02 dekabr 2006-cı il tarixli sərəncamı ilə  hər il dekabrın 6-da Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsinin işçiləri peşə bayramlarını qeyd edirlər.
 
Rabitə və Yüksək Texnologiyaları Nazirliyinin kollektivi peşə bayramı günü münasibətilə Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.











Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə gül dəstələri düzülüb.







Sonra tədbir iştirakçıları Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.






Daha sonra, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 6 dekabr - rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramına həsr olunmuş  tədbir keçirilib.
 

Bu münasibətlə çıxışına təbrik sözləri ilə başlayan rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov nitqini Xəzər və Qafqaz regionlarının telekommunikasiya və informasiya texnologiyaları sahəsində ən böyük sərgisi olan "Bakutel-2014"-ün yekunları ilə davam etdirib. 20 illik yubileyini qeyd edən Azərbaycan beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransını hər il olduğu kimi, bu il də respublika prezidenti İlham Əliyevin ziyarət etdiyini xatırladan nazir bu addımı İKT sahəsinə verilən böyük dəstək və dövlət qayğısı kimi dəyərləndirib.
 
Nazir, xüsusilə Azərbaycan və Fransa arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində bu ilin iyun ayında orbitə çıxarılmış və yeni adı "Azersky" olan "Spot 7" yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peykinin ölkəmizin milli peyk operatoru və Fransanın "Airbus Defence and Space" şirkəti arasında imzalanmış müqaviləyə əsasən, sərginin açılışında "Azərkosmos" ASC-yə təhvil verilməsini, bu mərasimdə prezident İlham Əliyevin iştirakının ilin əlamətdar hadisəsi olduğunu vurğulayıb. Sahə üzrə digər uğurları da diqqətə çatdıran nazir cari il ərzində həyata keçirilən islahatları, o cümlədən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN), RYTN-in tabeliyində "Milli Nüvə Tədqiqatları Mərkəzi" QSC-nin yaradılmasını ilin mühüm hadisələri sırasına daxil edib.
 
Ümumilikdə rabitə və yüksək texnologiyalar sahəsində ənənəvi atım və inkişaf tempinin 2014-cü il ərzində də qorunub saxlandığını qeyd edən nazir bu nailiyyətlərin beynəlxalq təşkilatların müvafiq reytinq cədvəlləri və hesabatlarında öz əksini tapdığını xatırladıb.
 
Belə ki, Dünya İqtisadi Forumunun "Qlobal İnformasiya Texnologiyaları 2014" hesabatında Azərbaycan "Şəbəkələşmə Hazırlığı İndeksi"nə görə əvvəlki mövqeyindən 7 pillə irəliləyərək dünyanın 148 ölkəsi arasında 49-cu yerə yüksəlib. BMT-nin "E-Hökumət müayinəsi 2014" adlı hesabatında isə Azərbaycan 193 ölkə arasında "Elektron hökumətin inkişafı indeksi" üzrə əvvəlki mövqeyini 28 pillə artıraraq 96-cı yerdən 68-ci yerə yüksəlib. Həmçinin Dünya İqtisadi Forumunun dərc etdiyi "Qlobal rəqabətqabiliyyətlilik 2014-2015" hesabatına əsasən, Qlobal Rəqabətqabiliyyətlilik İndeksi üzrə Azərbaycan əvvəlki mövqeyini 1 pillə artıraraq dünyanın 144 ölkəsi arasında 38-ci yeri tutub. Beləliklə, Azərbaycan builki hesabatda da MDB məkanında öz liderliyini qoruyub saxlaya bilib.
 
 
Tədbirin sonunda bütün rabitəçiləri peşə bayramı münasibətilə bir daha təbrik edən nazir Əli Abbasov gələcək fəaliyyətdə də dayanıqlı inkişaf dinamikasının təmin olunması üçün bütün səylərin gücləndiriləcəyinə əminliyini bildirib və qazanılan bütün nailiyyətlərə görə ölkə prezidenti İlham Əliyevə RYTN işçiləri adından minnətdarlıq edib.
 
 Sonda bir qrup rabitəçi fəxri fərman və diplomlarla təltif olunublar.
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL