waplog

Azərbaycanda əlillik təyinatı prosesinin tam avtomatlaşdırılması ilə bağlı işlər davam etdirilir


Azərbaycanda əlillik təyinatı prosesinin tam avtomatlaşdırılması ilə bağlı işlər davam etdirilir. Bu məqsədlə artıq Tibbi-Sosial Ekspertiza və Əlillərin Reabilitasiyası İnformasiya Sistemi yaradılaraq, funksional tələblərə uyğunluğu yoxlanılır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) qeyd edilib ki, yeni sistem əlillik müayinələrinin aparılması üçün müvafiq qurumlar arasında elektron məlumat mübadiləsini təmin edəcək.
 
 
Belə ki, Tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən vətəndaşların əlillik vəziyyətlərinin müəyyən olunması üçün göndəriş formalarının (88 nömrəli forma) səhiyyə müəssisələrindən qəbulu bu sistem üzrə elektron qaydada yerinə yetiriləcək. Sözügedən sistem vasitəsilə əlillik müayinələrinin nəticələri ilə bağlı elektron məlumat bazası da yaradılıb.
 
Əlillik qrupları almaq üçün müraciət edən vətəndaşların xəstəlik vəziyyətləri, müayinələrinin nəticələri, hər bir ilkin və təkrar əlillik təyinatı barədə məlumatlar TSEK-lər tərəfindən bu bazaya yerləşdirilir. Məlumatların işlənməsi ilə bağlı TSEK-lərin işçilərinə mütəxəssislər tərəfindən İnformasiya texnologiyaları və Əlillərin sosial müdafiəsi siyasəti şöbələrinin əməkdaşlarının iştirakı ilə müvafiq treninqlər keçirilib, onlara bu sistemdən istifadə bacarığı aşılanıb.
 
 Eyni zamanda İKT üzrə biliklərin artırılması ilə bağlı tövsiyələr verilib. TSEK-lər tərəfindən  bildirilən irad və təkliflər araşdırılıb və sistemin daha da təkmilləşdirilərək funksional imkanları genişləndirilib:
 
 “Beləliklə, əlillik təyinatı barədə aidiyyəti dövlət orqanına təqdim olunmaq üçün vətəndaşlara kağız arayışların verilməsinə artıq ehtiyac qalmır. Çünki bu sistem aidiyyəti təşkilatların informasiya ehtiyatlarına inteqrasiya olunduğundan  onlar vətəndaşlara əlilliyə görə pensiya və ya müavinət təyin olunması üçün müvafiq informasiyaları həmin bazadan elektron qaydada əldə edəcəklər”.
 
Nazirlikdən qeyd olunub ki, bərpa mərkəzlərinin fəaliyyətinin də əsasən elektron məlumat bazasındakı məlumatlar əsasında təşkili nəzərdə tutulur:
 
 “Eyni zamanda vətəndaşlar da öz əlillik müayinələrinin nəticələri ilə elektron qaydada tanış ola və lazım gəldikdə əlillik müayinələri barədə elektron arayışlar əldə edə biləcəklər”.
 
 
Qeyd edək ki, tibbi-sosial ekspertiza və reabilitasiya xidməti əməkdaşlarının sistemdə işləmək imkanına malik olmaları üçün elektron imzalarla təmin olunması və müvafiq bacarıqlara yiyələnmələri üçün treninqlərə cəlbi də həyata keçirilib.
 
Hesab olunur ki, görülən bu tədbirlər əlillik təyinatı zamanı şəffaflığın təmin edilməsinə, neqativ halların qarşısının alınmasına, o cümlədən məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsinə, tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin iş üsullarının müasir texnologiyalar əsasında təkmilləşdirilməsinə imkan yaradacaq.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL