waplog

Azərbaycanda dünya təcrübəsinə əsaslanan elm texnoparkının yaradılması planlaşdırılır


Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) dünya təcrübəsinə əsaslanan elm texnoparkının, elm və biznesin birgə inkişafına xidmət edəcək İnnovasiya Fondunun, eləcə də biznes inkubatorlarının yaradılması nəzərdə tutulub.
 
 Bu fikri AMEA prezidenti, akademik Akif Əlizadə Avropa İttifaqının (Aİ)  nümayəndəliyinin rəhbəri, səfir Malena Mard və nümayəndəliyin Əməliyyatlar Bölməsinin rəhbəri Yerun Villems ilə görüşündə bildirib. Qonaqları salamladıqdan sonra akademiyanın elmi müəssisə və təşkilatlarında müxtəlif istiqamətlərdə aparılan tədqiqatlar haqqında məlumat verən akademik A.Əlizadə müasir dövrdə Azərbaycan elminin nailiyyətlərinin xüsusilə innovativ xarakter daşıdığını diqqətə çatdırıb. Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Malena Mard isə səmimi qəbula və ikitərəfli əlaqələrin inkişafında göstərdiyi xidmətlərə görə öz təşəkkürünü bildirib.
 
 
Görüşdə qonaqlara Azərbaycan elminin dünyaya, həmçinin təhsil sistemlərinə inteqrasiyasından və AMEA-da magistratura təhsilinin təşkilindən də bəhs olunub. Qeyd edilib ki, AMEA gənc kadr hazırlığı sahəsində beynəlxalq təcrübənin tətbiqini genişləndirməkdədir. AMEA-dan verilən məlumata görə, görüşdə ölkəmizdəki palçıq vulkanlarının müalicəvi əhəmiyyətindən, AMEA Təcrübə-Sənaye Zavodunun istehsalı olan sürtgü yağları və digər məhsulları haqqında da danışılıb.
 
 Ötən ay ölkəmizdə ilk dəfə təşkil olunmuş Bakı Elm Festivalına toxunan akademik Azərbaycanda elmin inkişafı və onun populyarlaşdırılmasına ciddi diqqət göstərildiyini vurğulayıb.
 
Sonda Aİ və Azərbaycan innovasiya mühitinin qiymətləndirilməsi və perspektiv istiqamətlər üzrə fikir mübadiləsi aparılıb, innovativ layihələrin dəstəklənməsi üzrə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL