waplog

Avropa İttifaqında vahid rəqəmli bazar yaradılacaq


Avropa Komissiyası Avropa İttifaqında (Aİ) vahid rəqəmli bazar yaratmaq və təşkilata üzv ölkələr arasında elektron ticarət qurmaq məqsədilə internet mağazalarından yüklərin çatdırılması sahəsində islahatlar aparmaq niyyətindədir.
Strategiya müəllifləri rəqəmli iqtisadiyyatı stimullaşdırmaqla elektron ticarət bazarının artımına və yüz minlərlə yeni iş yerinin yaradılmasına nail olmağı düşünürlər.
 
Qeyd olunur ki, Aİ-nin çatdırılma xidmətləri vahid qiymətqoyma standartlarına əməl etməli olacaqlar. Bağlamaların göndərilməsi üçün qiymətlərin tənzimlənməsi ilə Avropa Komissiyası məşğul olacaq. Vahid standartların regionda elektron kommersiyanın inkişafı üçün şəraiti yaxşılaşdıracağı gözlənilir.
 
Avropa Komissiyası nümayəndələrinin sözlərinə görə, hazırda Aİ alıcılarının yalnız 15 faizi qonşu ölkələrin internet mağazalarından alış-veriş edir. İstehlakçıların 44 faizi məhsulları milli internet məkanında almağa üstünlük verir.
 
Alıcıların əksəriyyəti (85 faiz) bunu bəzən məhsulun faktiki qiymətini üstələyən transsərhəd çatdırılma üçün qiymətlərin yüksək olması ilə əlaqələndirir.
 
Bundan başqa, malların göndərilməsi üçün xərclərin yüksək olması ilə əlaqədar olaraq sahibkarların 62 faizi malları xaricə satmağa bir o qədər həvəs göstərmir. Çatdırılma üçün xərclərdən başqa pərakəndə satışla məşğul olanlar malı xaricilərə satmaq üçün əlavə icazəni rəsmiləşdirməli olurlar ki, bu da onlara 9 min avroya başa gəlir.
 
Vahid standartların tətbiqi xaricdən malların çatdırılması üçün eyni tarif dərəcəsini yaratmağa, ƏDV qaydalarını sadələşdirməyə, eləcə də fərdi məlumatların və müəllif hüquqlarının mühafizəsi ilə bağlı qaydalar məcəlləsini təkmilləşdirməyə imkan verəcək, - "Payspacemagazine" yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL