waplog

“Azərkosmos” Birinci Avropa Oyunlarının peyk vasitəsilə yayımını həyata keçirəcək


Bu gün Birinci Avropa Oyunlarının Əməliyyat Komitəsi Qafqazın ilk və yeganə peyk operatoru olan “Azərkosmos”u Bakı 2015-in rəsmi peyk yayım təchizatçısı elan etdi.
 
“Azərkosmos” Birinci Avropa Oyunlarının 11-ci rəsmi dəstəkçisi oldu və tədbirin ən maraqlı anlarının Avropa, eləcə də dünyanın digər qitələrindəki milyardlarla televiziya tamaşaçısına  çatdırılmasında mühüm rol oynayacaq.
 
Eyni zamanda, şirkət avarçəkmə yarışlarına ev sahibliyi edəcək Mingəçevirdən informasiyanı Bakıda yerləşən Beynəlxalq Yayım Mərkəzinə ötürmək üçün, Avropa Oyunlarını peyk rabitəsi olan xüsusi avtomobillə təmin edəcək.
 
Azərbaycan Respublikasının gənclər və idman naziri,  “Bakı 2015”-in baş icraçı direktoru cənab Azad Rəhimov bu əməkdaşlıq haqqında aşağıdakıları bildirib: “Azərkosmos” Azərbaycanda böyük əhəmiyyəti olan,  rəğbətlə qarşılanan şirkətdir və  Avropa Oyunları yarışlarının 74 beynəlxalq yayım tərəfdaşımıza ötürülməsində çox önəmli yer tutacaq. Biz çox şadıq ki, “Azərkosmos” beynəlxalq idman aləmində böyük nüfuz qazanacaq Avropa Oyunlarının dəyərli, güclü tərəfdaş və dəstəkçilərinin sırasına qoşulur”.
 
“Azərkosmos” Qafqaz regionunda yeganə olmaqla Azərbaycanın ilk milli peyk operatorudur və dövlət, eləcə də, özəl sektordan olan müştərilərini birbaşa peyk yayımı, səs, video, məlumat, mobil rabitə xidmətləri ilə təmin edir.
 
“Azərkosmos” ASC-nin sədri cənab Rəşad Nəbiyev əməkdaşlıqla bağlı bunları bildirib: “Birinci Avropa Oyunlarına ev sahibliyi etmək Azərbaycan üçün tarixi hadisədir və biz bu cür mötəbər tədbirin rəsmi dəstəkçisi olduğumuz üçün məmnunuq. “Azərkosmos” ən son texnologiyadan istifadə etməklə cəmiyyətin inkişafına dəyər qatdığı üçün qürur hissi duyur və “Bakı 2015” Oyunların hazırlıq prosesi zamanı öz yeniliklərini təqdim edir. Bizim vəzifələrimiz bir-birini mükəmməl şəkildə tamamlayır və biz birlikdə qalib komanda formalaşdıracağıq”.
 
“Azərkosmos” “Bakı 2015” Avropa Oyunlarının rəsmi dəstəkçiləri “Azərsun Holdinq”, “Bazarstore”, “McDonald’s Azərbaycan”, “Milla”, “Motorola Solutions”, “NAZ”, “Nestle”, “Red Bull”, “Sitecore” və “Tickethourun” arasında yer alır.
 
Qeyd edək ki, 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək “Bakı 2015” Birinci Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.
 
“Bakı 2015” Birinci Avropa Oyunları ümumilikdə, 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı olimpiya, 4-ü qeyri-olimpiya idman növündə olacaq. Oyunlarda Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.
 
12 idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, atletika, boks, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş, cüdo və voleybol daxildir.
 
Birinci Avropa Oyunlarının keçirilməsini 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitəsi (AOK) Bakı şəhərinə həvalə edib. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcək.
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL