waplog

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Elmin İnkişafı Fondunun dəstək verdiyi layihənin yekun hesabat tədbiri keçirilib


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Kitabxana innovasiyaları: qabaqcıl dünya nəzəriyyə və təcrübəsinin tədqiqi və alınan nəticələrin elmin informasiya təminatında əhəmiyyətli rolu olan AMEA-nın kitabxana sisteminə tətbiqi” adlı layihənin yekun hesabat tədbiri keçirilib.
 
1 il bundan öncə start verilən bu layihə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun maliyyə dəstəyi ilə artıq uğurla başa çatdırılıb.
 
 MEK-dən bildirilib ki, tədbirdə MEK-in əməkdaşları, Elmin İnkişafı Fondunun nümayəndələri və AMEA Gənc Alim və Mütəxəssislər Şurasının üzvləri iştirak edib. Layihənin müəllifi, MEK-in Azərbaycanşünaslıq şöbəsinin müdiri, AMEA-nın M. Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı Nərminə Abdullayeva sözügedən layihə haqqında məlumat verib.
 
Bildirib ki, bu layihə Elmin İnkişafı Fondu və Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İKT-nin inkişafına yönəlmiş əhəmiyyətli layihələrin dəstəklənməsi məqsədi ilə qrantların verilməsi üzrə 2013-cü il üçün 2-ci məqsədli birgə İKT müsabiqəsinin qalibi olub.
 
Məqsəd kitabxanaların timsalında Avropa ölkələrinin elmi kitabxanalarının iş təcrübəsinin, tətbiq olunan innovasiyaların və müasir xidmət növlərinin araşdırılması, elektron kitabxanaların, elektron kataloqların və elmi bazaların yaradılması, idarə olunması prinsiplərinin öyrənilməsidir. Layihənin həyata keçirildiyi müddət ərzində nəzərdə tutulan Belarus Milli Kitabxanası, İstanbul Universiteti Mərkəzi Kitabxanası və Polşa Milli Kitabxanasının iş təcrübəsi öyrənilib.
 
 
Hesabat çıxışında, layihə çərçivəsində fəaliyyəti tədqiq olunan kitabxanaların təcrübəsi öyrənilərkən aşkar olunan oxşar və fərqli cəhətlərdən bəhs olunub. Layihə üzrə alınmış nəticələrin əməli həyata keçirilməsi, gələcək tədqiqatlarda istifadə perspektivlərindən danışılıb.
 
Həmçinin layihənin nəticəsi olaraq hazırlanmış təkliflər MEK rəhbərliyinin diqqətinə çatdırılıb.
 
 
Sonda layihə ilə bağlı səsləndirilən suallar müəllif tərəfindən cavablandırılıb. Layihə çərçivəsində hazırlanmış “Kitabxana innovatikasının elmi-nəzəri və təcrübi məsələləri” adlı monoqrafiya tədbir iştirakçılarına təqdim olunub.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL