waplog

Aprel ayınadək Azərbaycanın CERN-ə assosiativ üzv qəbul edilməsi barədə qərarın imzalanması planlaşdırılır


Aprel ayınadək Azərbaycanın Avropa Nüvə Tədqiqatları Mərkəzinə (CERN)  assosiativ üzv qəbul edilməsi barədə qərarın imzalanması planlaşdırılır.
 
Bu barədə AMEA Rəyasət Heyətinin iclasında AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nazim Məmmədov məlumat verib.
 
Akademiyadan bildirilib ki, N.Məmmədov  "CERN-AMEA əməkdaşlığı: inkişaf və perspektivlər" məruzəsini təqdim edib və qeyd edib ki, CERN  1954-cü ildə 12 üzv ölkə tərəfindən təsis edilib. Bu gün üzv ölkələrin sayı artıq 21-ə çatıb:
 
 
 "CERN-lə AMEA-nın elmi əməkdaşlığının daha geniş mərhələyə çıxması 1997-ci ildə ümummilli lider Heydər Əliyevin imzaladığı iki sərəncam əsasında mümkün olub".
 
 Onun sözlərinə görə,  2008-ci il sentyabrın 10-da Böyük Adron Kollayderinin (BAK) sınaq buraxılışı müvəffəqiyyətlə həyata keçirilib:
 
 
"Yüklü zərrəciklərin qarşılıqlı dəstə sürətləndiricisi olan BAK proton və ağır ionların sürətləndirilməsi üçün Avropa Nüvə Tədqiqatları Mərkəzində hazırlanmış qurğudur. Hazırda BAK-ın mexaniki və elektron hissələrinin yenilənməsi prosesi həyata keçirilir. İlk mərhələnin 2015-2018-ci illərdə, 2-ci mərhələnin isə 2024-cü ilədək yekunlaşdırılması nəzərdə tutulur. Bu iki mərhələdə Azərbaycandan müxtəlif sahələrdə çalışan mütəxəssislərin iştirak etməsi tələb olunur. Hazırda Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsi tərəfindən keçirilən müzakirələr nəticəsində namizədlərin CERN-ə təqdim olunması və seçilməsi prosesi icra olunur".
 
 
N.Məmmədov əlavə edib ki, AMEA-da qurulmuş GRİD sistemi CERN-in GRİD şəbəkəsinin tərkibinə inteqrasiya edilmiş şəkildə fəaliyyət göstərir:
 
"Hazırda akademiya ilə əməkdaşlıqda əldə olunmuş nailiyyətlər nəticəsində CERN-lə imzalanmış niyyət protokoluna əsasən, Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində DATA Mərkəz yaradılmaqdadır.
Bu Mərkəzdə CERN-dəki təcrübələrdə qeydə alınmış çox böyük həcmli məlumatların işlənilməsi nəzərdə tutulur".
 
Məruzəçi sistemin imkanlarından istifadə olunması üçün yüksəksəviyyəli kadrların çatışmazlığı kimi ciddi bir problemin mövcud olduğunu da dilə gətirib. CERN-də cox səmərəli tədris infrastrukturunun mövcud olduğunu deyən alim ali məktəb tələbələri üçün yay məktəbləri, orta məktəb müəllimləri üçün ixtisasartırma kursları, orta məktəb şagirdləri üçün tanışlıq ekskursiyalarının təşkil edildiyini, bu baxımdan AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil İdarəsinin bu istiqamətdə məqsədli fəaliyyət göstərməsinə ehtiyac olduğunu diqqətə çatdırıb.
 
 
Qeyd olunanları nəzərə alaraq, AMEA Rəyasət Heyəti bir sıra qərarlar qəbul edib. AMEA alimlərinin CERN-dəki fəaliyyətinin gücləndirilməsi və orada çalışan alimlərin sayının artırılmasına yönəlmiş tədbirlərin əhəmiyyəti qeyd edilib. Həmçinin FRTEB-in akademik-katibinə CERN-lə bağlı yeni texnika və texnologiyaların mənimsənilməsi və tətbiqini tələb edən sifarişlərin ölkəmizin potensialına uyğun adekvat təhlili və bu sifarişlərin icrasında iştirakına dair təkliflər hazırlanaraq, Rəyasət Heyətinə təqdim edilməsi tapşırılıb.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL