waplog

"Azerfon" şəbəkənin müasirləşdirilməsinə investisiyaları artırır


"Azerfon" şirkəti şəbəkənin müasirləşdirilməsi və xidmət keyfiyyətinin qaldırılması üçün Bank Standard-la əməkdaşlıq çərçivəsində əlavə 15 milyon manat vəsait cəlb edir.

"Azerfon" ilə Bank Standard arasında əldə olunan razılaşmaya əsasən, 2011-ci ilin iyul ayından etibarən 15 milyon manat məbləğində vəsaitin ayrılması məqsədi ilə veksel satışı elan edilib.

Veksel satışından əldə edilən vəsait mobil operator tərəfindən qısa müddət ərzində yeni texnologiyaların tətbiqi, xidmət keyfiyyətinin yüksəldilməsi və şəbəkə əhatəsinin gücləndirilməsi üçün istifadə olunacaq.

Müqaviləyə əsasən, veksellərin hazırlanması və satışı ilə bağlı bütün işləri, o cümlədən potensial investorların cəlb edilməsi Bank Standard tərəfindən həyata keçirilir.

"2011-ci il "Azerfon" abunəçiləri üçün böyük dəyişikliklər ili olacaq. Azərbaycanın ən böyük özəl banklarından olan Bank Standard-la həyata keçirdiyimiz veksel proqramı, ilk növbədə, 3G şəbəkəsinin qısa müddətdə gücləndirilməsinə yönəlib.

Hazırda mobil rabitə bazarı artıq doymuş vəziyyətdədir, əhalinin 100%-i mobil telefondan istifadə edir.

Lakin data-xidmətlərin istifadəsinin artımında böyük potensial var və biz də ilk 3G operator olaraq əhaliyə 3G xidmətlərinin çeşidini çoxaltmaq, 3G şəbəkəsini gücləndirmək məqsədilə investisiyalarımızı artırırıq.

İki ay əvvəl Nokia Siemens Network (NSN) şirkəti ilə şəbəkəmizin genişləndirilməsi və modernləşdirilməsi üçün 65 milyon ABŞ dolları məbləğində müqavilə imzaladıq.

Bank Standard vasitəsilə həyata keçirəcəyimiz növbəti yatırım qısa müddət ərzində şəbəkə əhatəmizin və xidmət keyfiyyətinin artmasına səbəb olacaq", - "Azerfon" şirkətinin baş icraçı direktoru Yurgen Pitz qeyd edib. "Azərbaycan bank sektorunun liderlərindən biri olan Bank Standard "Azerfon" şirkətinin maliyyə tərəfdaşı kimi vəsaitlərin cəlb olunmasını təşkil edir.

Apardığımız araşdırma onu göstərir ki, "Azerfon" şirkəti sürətli inkişaf templərinə görə sərmayəçilərin böyük marağını cəlb etməkdədir.

Bu sahədə olan təcrübəmizi, habelə "Azerfon"un maliyyə qurumları və geniş ictimaiyyət arasında olan etibar və nüfuzunu nəzərə alaraq əminik ki, "Azerfon" şirkəti ilə hazırladığımız veksel proqramı çərçivəsində lazım olan vəsait qısa müddət ərzində tam şəkildə cəlb olunacaq.

Bank Standard üçün bu layihə ölkənin ən böyük və aparıcı şirkətləri ilə qurduğumuz uğurlu maliyyə tərəfdaşlığının daha bir önəmli nümunəsi kimi ön plana çıxır", - Bank Standard idarə heyəti sədrinin birinci müavini Cavid Quliyev bildirib.

"Azerfon" MMC öz kommersiya fəaliyyətinə 27 Mart 2007-ci il tarixində Nar Mobile ticarət nişanı ilə başlayıb.

"Azerfon" Azərbaycanda ilk dəfə olaraq Nar Mobile vasitəsilə bütün rabitə xidmətlərində manatla tarifikasıyanı və 2009-cu ildə Azərbaycanın ilk 3G operatoru kimi 3G texnologiyası əsasında xidmət və məhsullar təqdim edib.

Vodafone ilə strateji tərəfdaşlıq imzalamaqla, "Azerfon" sürətli genişzolaqlı mobil rabitə və ən qabaqcıl rouminq xidmətləri ilə tanınan ikinci Azerfon-Vodafone ticarət nişanını bazara təqdim edib.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL