waplog

Rabitəçilərin Respublika Spartakiadası keçiriləcək


22 oktyabr 2011-ci il tarixdə RİTN, RİHMİRK və «Spartak» İC-nin təşkilatçılığı ilə rabitə və informasiya texnologiyaları işçilərinin «Sağlamlıq-2011» Respublika Spartakiadasının təntənəli açılış mərasimi keçiriləcək.

Spartakiadanın keçirilməsində məqsəd rabitəçilərin sağlamlığının möhkəmləndirilməsi, onları bədən tərbiyəsi və idman məşğələlərinə cəlb etməklə asudə vaxtlarının səmərəli keçirilməsini təmin etmək, eləcə də ən yaxşı idman kollektivlərini müəyyən etmək və AHİTA-nın keçirəcəyi nazirliklərarası spartakiadada rabitə işçilərinin yığma komandasını formalaşdırmaqdan ibarətdir.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi aparat rəhbərinin müavini İlham Mərdanov bildirib ki, nazirlik tərəfindən “Sağlamlıq-2011” Respublika Spartakiadasının keçirilməsi ilə əlaqədar artıq hazırlıq tədbirlərinə başlanılıb.

Onun sözlərinə görə, əvvəlki illərdə olduğu kimi, ənənəvi olaraq bu il də spartakiadanın yüksək səviyyədə təşkili nəzərdə tutulub. Artıq bu məqsədlə tədbirlər planı təsdiq edilib. Spartakiadada bölgələrdən olan idmançılarla yanaşı, rabitəçi veteranların da iştirakı nəzərdə tutulub.

«Sağlamlıq-2011» Respublika Spartakiadasının təşkili Təşkilat Komitəsi tərəfindən həyata keçirilir. Spartakiadanın proqramına daxil olan idman növləri üzrə yarışların keçirilməsinə rəhbərlik bilavasitə «Spartak» İC-nin Respublika Şurasına və Baş Hakimlər Kollegiyasına həvalə olunub.

Spartakiadanın kütləviliyinin təmin olunması ilə əlaqədar RİTN-nin kollegiyasının, RİHMİRK-nın və «Spartak» İC-nin Respublika Şurasının rəyasət heyətlərinin birgə qərarları ilə təsdiq olunmuş idman növləri üzrə yarışların əsasnamələri spartakiadada iştirak etmək üçün rabitə idarə, birlik, müəssisə və təşkilatlarına,o cümlədən özəl qurumlara göndərilib.

İdmanın atletiko-kross, voleybol, mini-futbol, kəndirdartma, nərd, şahmat, dama, ağırlıqqaldırma növü üzrə keçiriləcək builki spartakiadada RİTN birlik, idarə və müəssisələrinin, o cümlədən özəl rabitə sektorunun nümayəndələrinin iştirakı gözlənilir.

Spartakiadanın ümumkomanda birinciliyində 1-3-cü yerləri tutan komandalar xatirə kubokları, ayrı-ayrı idman növlərində 1-3-cü yerləri tutan komandaların üzvləri və şəxsi yarışlarda 1-ci yeri tutan idmançılar qiymətli hədiyyələrlə təltif olunacaqlar.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL