waplog

İdmançılar üçün yeni “Samsung” qurğuları təqdim olunub


“Samsung” şirkəti Berlində keçirilən “IFA 2017” sərgisi çərçivəsində üç yeni daşınan qurğu təqdim edib: idman funksiyaları genişləndirilən “Gear Sport” “ağıllı” saatı, suyadavamlı “Gear Fit 2 Pro” fitnes bilərziyi və simsiz “Gear IconX” (2018) qulaqcığı.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, istehsalçı nümayəndələrinin sözlərinə görə, “MIL-STD-810G” hərbi standartına uyğun hazırlanan “Gear Sport” “ağıllı” saatı “5 ATM” səviyyəsi üzrə suyadavamlıdır ki, bu da ona istənilən hava şəraitində işləməyə imkan verir.
 
Məlumata görə, 360 x 360 pikselli 1,2 düym diaqonallı dairəvi “Super AMOLED” ekranla təchiz edilən model 1 QHs takt tezlikli ikinüvəli prosessor əsasında işləyir. Bundan başqa, saat 768 meqabaytlıq operativ və 4 giqabaytlıq quraşdırılmış yaddaşa və 300 milliamper/saat tutumlu akkumulyatora malikdir.
 
“Gear Sport” ilə istifadəçilər qarşılarına qoyduqları fitnes məqsədlərinə (məsələn, məşqdə müəyyən məsafəni üzmək) çata, eləcə də düzgün qida haqqında bildirişlər və fiziki formanın saxlanılması ilə bağlı məsləhətlər ala bilərlər.
 
Bundan əlavə, “ağıllı” saatdan universal idarəetmə pultu kimi və bir toxunuşla alış-veriş üçün ödənişin edilməsinə görə istifadə etmək olar. Qara və göy rənglərdə olacaq yeni qurğunun satışa çıxarılma müddəti və qiyməti barədə hələlik məlumat verilmir.
 
Öz növbəsində “Gear Fit2 Pro” fitnes bilərziyinin aktivliyin analizi üçün imkanları təkmilləşdirilib. Yenilənmiş qurğu idman məşqlərinin keçirildiyi ərazinin qrafika və xəritəsini göstərməklə yanaşı, məşqin qət edilən marşrutun hər hissəsində effektivliyini təhlil edəcək.
 
Bildirilir ki, 216 x 432 pikselli 1,5 düymlü sensor “Super AMOLED” displeylə təchiz edilən fitnes bilərzik “Gear Sport” “ağıllı” saatı kimi 1 QHs takt tezlikli ikinüvəli prosessor əsasında işləyir. Qolbaq 512 meqabaytlıq operativ və 4 giqabaytlıq quraşdırılmış yaddaşa və 200 milliamper/saat tutumlu akkumulyatora malikdir.
 
Həmçinin, qurğunun suyadavamlılığı yaxşılaşdırılıb, eləcə də oflayn rejimdə “Spotify” musiqi servisini dəstəkləyir. Qara-qırmızı rəngdə təqdim ediləcək “Geat Fit2 Pro” bilərziyinin təxmini qiyməti və satışa çıxarılma vaxtı barədə hələlik açıqlama verilmir.
 
Digər yeni qurğu - simsiz “Gear IconX” (2018) qulaqcığı kənar qurğulardan istifadə etmədən musiqi dinləməyə imkan verir. Musiqi kompozisiyalarını həm onlayn servislərdən, həm də 4 giqabaytlıq quraşdırılmış yaddaşdan səsləndirmək mümkündür.
 
İstehsalçı nümayəndələrinin sözlərinə görə, qulaqcıq əlavə enerji toplamadan 7 saat işləyir. Qara rəngdə təklif edilən yeni modelin satışa çıxarılma müddəti və qiyməti barədə məlumat verilmir.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL