waplog

“Samsung Galaxy Note 8” smartfonunun “olimpiya” versiyası hazırlanıb


Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunlarının rəsmi tərəfdaşı qismində çıxış edən “Samsung” şirkəti qabaqcıl “Galaxy Note 8” smartfonunun “olimpiya” dizaynlı xüsusi modelini hazırlayıb. Açıq satışa çıxarılmayacaq eksklüziv qurğunun idmançılara və Olimpiya oyunları nümayəndələrinə, o cümlədən Beynəlxalq Olimpiya Komitəsi və təşkilat komitəsinin üzvlərinə hədiyyə edilməsi nəzərdə tutulur.

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, Paralimpiya Oyunlarının iştirakçılarına da yarışların loqotipinin təsvir olunduğu futlyarın hədiyyə olunması planlaşdırılır. Şirkət nümayəndələrinin sözlərinə görə, xüsusi “Note 8” modeli təxminən 4 min ədəd sayda məhdud tirajla buraxılacaq. Qurğu Olimpiya oyunlarının qızıl loqotipi ilə bəzədilən parıldayan ağ şüşə, eləcə də quraşdırılmış tematik şəkillər və bir sıra faydalı əlavələrlə təchiz ediləcək. Smartfon digər texniki xüsusiyyətlərinə görə istehlakçılar üçün nəzərdə tutulan versiyadan fərqlənməyəcək.

“Samsung” şirkəti 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Yay Olimpiya Oyunları münasibətilə “Galaxy S7 edge Olympic Games” smartfonunu təqdim edib. Qurğunu ABŞ, Braziliya, Çin, Cənubi Koreya və Almaniya mağazalarında əldə etmək mümkün olub, lakin ölkələrin hər birinə 2016 ədəd belə qurğu verilib.

Xatırladaq ki, Qış Olimpiya Oyunları fevralın 9-25-də Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək. “Galaxy Note 8” smartfonu 2017-ci ilin avqustunda nümayiş olunub.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL