waplog

Avropa Nüvə Tədqiqatları Mərkəzi yeni superkollayder tikəcək


Avropa Nüvə Tədqiqatları Mərkəzi (CERN) Böyük Adron Kollayderindən dörd dəfə böyük və altı dəfə güclü olacaq yeni hissəciklər sürətləndiricisinin tikintisi ilə bağlı planı əks etdirən hesabat təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, texniki hesabatda Gələcək Dövri Kollayder (Future Circular Collider - FCC) üçün bir neçə ilkin layihə təklif olunur. Layihənin dəyəri 9-21 milyard avro arasında dəyişir.

Gözlənilir ki, Böyük Adron Kollayderinin yaxınlığında inşa ediləcək yeni kollayderin çevrəsinin uzunluğu təxminən 100 km təşkil edəcək. Kollayderdə tədqiqat işlərinə 2040-cı ildə başlamaq nəzərdə tutulur.  
 
“CERN” əməkdaşı, italiyalı nəzəriyyəçi fizik Can Françesko Cudisin sözlərinə görə, superkollayderin inşası üzrə planlar əhəmiyyətinə görə Uran planetinə səyahətlə müqayisə ediləcək böyük irəliləyişdir. Alim qeyd edib ki, 2012-ci ildə Hiqqs bozonunun tarixi kəşfindən sonra Böyük Adron Kollayderi yeni hissəciklər aşkarlamayıb. Bu isə daha güclü texnologiyalardan istifadəyə ehtiyac yaranmasını göstərir.

Bununla belə bir sıra ekspertlərin fikrincə, superkollayderin tikintisi üçün xərclər özünü doğrultmaya bilər. Belə ki, Frankfurt Perspektivli Tədqiqatlar İnstitutunun nəzəriyyəçi fiziki Sabina Hossenfelderin sözlərinə görə, bu vəsaitlər bir sıra mühüm layihələrə, məsələn, Ayda böyük radioteleskopun və ya Yer orbitində qravitasiya dalğaları detektorunun quraşdırılmasına sərf olunsa, daha yaxşı olar. Onun fikrincə, bu, elmə töhfə baxımından daha etibarlı variant olacaq.

Qeyd edək ki, vəzifəsi Hiqqs bozonunun axtarışından ibarət olan Böyük Adron Kollayderi (LHC) yüksək enerjili elementar hissəciklərin (sinfinə protonların da aid olduğu adronlar) sürətləndirilməsi, yığılması və toqquşması (collide) üçün nəzərdə tutulmuş dünyanın ən iri qurğusudur. Kollayder Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) rəhbərliyi ilə İsveçrə və Fransa sərhədində – Cenevrə şəhərində inşa olunub.

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL