waplog

Kosmosa mobil rabitə şəbəkəsi buraxılacaq


ABŞ-ın “UbiquitiLink” startapı yerətrafı orbitdə min minipeykdən ibarət qruplaşma yerləşdirərək kosmosda mobil rabitə qüllələri yaratmaq niyyətindədir. Planetin genişzolaqlı internetə qoşulmasını nəzərdə tutan “SpaceX Starlink”, “OneWeb” və ya “Amazon Project Kuiper” aerokosmik layihələrindən fərqli olaraq bu startapın vəzifəsi Yer kürəsinin ən ucqar guşələrini mobil rabitə ilə təmin etməkdən ibarətdir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, şirkətin həmtəsisçisi və rəhbəri Çarlz Millerin sözlərinə görə, “UbiquitiLink” şəbəkəsinə bütün mobil telefonlar birbaşa qoşularaq mahiyyət etibarilə peyk telefonlarına çevriləcək. Onlar siqnalı adi mobil telefonlar əhatə zonasından kənar olan yerlərdə qəbul edə biləcəklər. Bununla belə, mobil qurğulara dəyişikliklərin edilməsi tələb olunmayacaq.

 

Ç.Miller qeyd edib ki, “UbiquitiLink” layihəsi əhatə dairəsi geniş olan yerüstü baza stansiyalarına alternativ yox, onlara əlavədir. İdeya adi qüllələrin əhatə dairəsindən kənar olan kənd və ucqar regionları etibarlı rabitə əlaqəsi ilə təmin etməkdən ibarətdir. Onun qiymətləndirməsinə görə, dünyada 750 milyona yaxın mobil qurğu daimi internet qoşulmasından məhrumdur.

 

Siqnalın yerüstü qüllədən peykə yönəldilməsi vəzifəsi mobil rabitə operatorunun üzərinə düşəcək. Telefon baza stansiyasından ~35 km məsafə uzaqda olan zaman ondan ayrılaraq 500 km məsafədə uçan kosmik aparata qoşulacaq. Lakin “kosmos” rabitə xidmətlərinə görə əlavə ödəniş tələb olunacaq.

 

Sistemin sınağı üçün lazım olan avadanlığı bir müddət əvvəl “SpaceX Falcon 9” raketdaşıyıcısı Beynəlxalq Kosmik Stansiyanın göyərtəsinə çatdırıb. “UbiquitiLink” peykinin prototipinin testi bu həftəyə planlaşdırılır. Əvvəlcə aparatın “2G”, daha sonra “LTE” şəbəkələrində sınağı nəzərdə tutulur.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL