waplog

Dünyanın ən güclü smartfonu təqdim edilib


"Asus" şirkəti "ROG Phone 5" adlı oyun smartfonları seriyasını təqdim edib. Bu barədə "The Verge" nəşri şirkətin materiallarına istinadən məlumat yayıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, qurğular 2448х1080 pikselli 6,78 düym diaqonallı "AMOLED" ekranla təchiz edilib. Həmçinin smartfonlar "HDR10 " texnologiyası dəstəyinə malikdir və maksimal 144 giqahers takt tezliyində işləyir. Displey "Corning Gorilla Glass Victus" qoruyucu şüşəsi ilə örtülüb. Qurğular qabaqcıl "Snapdragon 888" prosessoru üzərində qurulub. Arxa panelinə 64, 13 və 5 meqapiksel obyektivli üçlü kamera quraşdırılan smartfonlar 65 vatlıq sürətli enerjidoldurmaya malik 6 min milliamper/saat tutumlu qoşa akkumulyatorla təchiz olunub.

 

Əsas model – "ROG Phone 5" minimum 8 giqabaytlıq operativ və 128 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz edilib. "ROG Phone 5 Pro" ilkin versiyadan 16 giqabaytlıq operativ və 512 giqabaytlıq quraşdırılmış yaddaşla fərqlənir. Qabaqcıl qurğu – "ROG Phone 5 Pro Ultimate" dünyanın ən güclü smartfonu hesab edilir: model 18 giqabaytlıq operativ və 512 giqabaytlıq quraşdırılmış yaddaşa malikdir. Lakin "Asus" şirkətinin qabaqcıl modeli dünya bazarında 18 giqabaytlıq operativ yaddaşa malik yeganə smartfon deyil. Belə ki, martın əvvəlində "ZTE" şirkətinin 18 və 512 giqabaytlıq yaddaşa malik "RedMagic" brendli "RedMagic 6" və "6 Pro" qurğuları buraxılıb.

 

Qabaqcıl "Asus" modelləri əsas versiyadan arxa paneldə əlavə proqramlaşdırılan "PMOLED" ekranının mövcudluğu ilə fərqlənir. "ROG Phone 5 Pro" rəngli sensor, "ROG Phone 5 Pro Ultimate" isə monoxrom ekranla təchiz edilib.

 

Beşinci nəsil mobil rabitə şəbəkələrində işi dəstəkləyən oyun qurğularının ekranına daktiloskopik sensor quraşdırılıb, "NFC" texnologiyasına və qulaqcıq üçün çıxışa malikdir. İstifadəçinin arzusundan asılı olaraq smartfonların oyunlar zamanı aktiv soyudulması üçün nəzərdə tutulan "AeroActive Cooler 5" xarici ventilyatorunu qoşmaq mümkündür.

 

"ROG Phone 5" seriyalı qurğuların minimal qiyməti 800 avro təşkil edir. "ROG Phone 5 Pro" və "ROG Phone 5 Pro Ultimate" modellərinin qiyməti müvafiq olaraq 1200 və 1300 avroya bərabərdir. Smartfonların mayda satışa çıxarılması planlaşdırılır.

 

Nizam Nuriyev



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL