waplog

Azərbaycanın vergilər naziri: “Bu ildən vergi və rüsumlar internet vasitəsilə ödəniləcək”


Azərbaycanın vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov xarici KİV-ə müsahibə verib.

- Azərbaycan regionun inkişafda olan dövləti, eləcə də fəal avrointeqrasiya prosesi yürüdən bir ölkə olaraq çox dinamik dəyişikliklər dövrünü yaşayır. Rəhbərlik etdiyiniz Vergilər Nazirliyi ölkənizdə müasir menecmentin tətbiqi sahəsində müəyyən nailiyyətlərə malikdir. İqtisadi proseslərinin fəal iştirakçısı olan vergi xidmətində bunu həyata keçirmək çətin olmadı ki?
 
- Azərbaycanda vergi xidmətinin modernləşdirilməsi prosesinə təxminən 10-11 il bundan əvvəl başlanıb. O zaman Azərbaycanın prezidenti, mərhum lider Heydər Əliyev Vergilər Nazirliyinin yaradılması barədə fərman imzalayarkən qarşımıza çox ciddi vəzifələr qoymuşdu.

Ölkəmiz dirçəliş dövrünü yaşayırdı, Azərbaycan istər regional müstəvidə, istərsə də dünya enerji məkanında öz sözünü deməyə başlamışdı. İqtisadiyyatın strukturu dəyişir, şaxələnir, özəl biznes ölkənin iqtisadi həyatında əsas amilə çevrilirdi.

Belə bir dönəmdə vergi xidmətinin modernləşdirilməsi ölkə rəhbərliyinin qarşısında duran mühüm bir vəzifə idi. Bu prosesə start verərkən qarşıya bir neçə əsas məqsəd qoyulmuşdu. Bunlar vergi qanunvericiliyinin təkmilləşdirilməsi, vergi menecmentinin müasir standartlar əsasında qurulması və geniş spektrli vergi xidmətlərinin formalaşdırılması idi.
 
Ölkə prezidentinin simasında ciddi siyasi dəstək alaraq tədricən vergi sistemində genişmiqyaslı islahatlar həyata keçirilməyə başlandı. Bilirsiniz, bu amil iqtisadiyyatda aparılan hər bir ciddi islahat üçün önəmlidir.

Hesab edirəm ki, əslində vergi xidmətinin nail olduğu bütün uğurlarda ölkə rəhbərliyinin aparılan işlərə münasibəti mühüm rol oynayıb. Bu baxımdan bizim əslində bir qədər bəxtimiz də gətirib.

Çünki istər ümummilli lider Heydər Əliyev, istərsə də prezident İlham Əliyev iqtisadiyyatdakı islahatlara münasibətdə olduqca tələbkar, açıq və praqmatik baxışlara malik şəxslər olub.
 
Qısa müddət ərzində ölkənin bu sahədə başlıca qanunvericilik aktının - Vergi Məcəlləsinin qəbul edilməsinə nail olunub. Bu mürəkkəb bir prosesdir, belə bir məcəllənin qəbulu uzun müddət və böyük zəhmət tələb edən prosesdir.

Biz bu prosesi nəinki qısa zaman kəsiyində yekunlaşdırdıq, eyni zamanda Vergi Məcəlləsini qəbul etmiş digər ölkələrin sonradan rastlaşdığı problemləri öyrənərək xətaları əvvəlcədən düzəldə və Azərbaycan ödəyiciləri üçün daha adaptasiyalı bir qanunvericilik sənədini ortaya qoya bildik.
 
Azərbaycan son 10 ildə ölkədə vergi yükünün aşağı salınması, vergi menecmentinin müasirləşdirilməsi, vergi xidmətində informasiya texnologiyalarının tətbiqi və genişləndirilməsi istiqamətində çox ciddi nailiyyətlərə imza atıb.

Biz səmərəli nəzarət mexanizmləri qurmağa, iqtisadiyyatın dəyişən və sürətlə artan həcminə adekvat çevik vergi sistemi qurmağa nail olmuşuq. Bu gün Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 80%-ni təşkil edir.

Ölkəmizdə 400 mindən çox vergi ödəyicisi var. Azərbaycanın vergi xidməti regionda ən böyük iqtisadi sistemə xidmət edir.
 
- Vergi xidməti Azərbaycanda elektron hökumətin qurulması prosesində fəal iştirakçılardan biridir. Son illər Vergilər Nazirliyi müasir standartların tətbiqi sahəsində hansı addımları atıb?
 
- Vergi sistemində son illər ərzində apardığımız islahatların əsas xətti xidmətin texnoloji baxımdan inkişafına nail olmaqla bütövlükdə vergi xidmətinin bütün sahələrində uğurun təmin edilməsinə nail olmaqdır.

Vergilər Nazirliyi elektron hökumətin tərkib hissəsi hesab ediləcək xidmətlərin elektronlaşdırılması prosesinə 2005-ci ildən başlayıb, vergi sistemində vergi inzibatçılığının təkmilləşdirilməsi üzrə geniş bir Dövlət Proqramı həyata keçirilib.
 
Beynəlxalq maliyyə institutları, eləcə də xarici tərəfdaşlarımızla apardığımız dialoqun və geniş təcrübə mübadiləsinin nəticəsi olaraq öncə vergi sisteminin mobil, geniş diapazonlu texniki imkanları özündə cəmləşdirə bilən texnoloji bazası yaradılıb.

2006-cı ildə vergi inzibatçılığı proseslərinin elektron qaydada aparılmasına imkan verən Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) tətbiqinə nail olunub.

Bu, bizə vahid informasiya məkanında məlumatların saxlanılması və emalı imkanı yaradıb, elektron sənəd dövriyyəsini, operativ informasiya mübadiləsini təmin etməyə imkan verib. Qısa müddət ərzində biz sistemdaxili bütün prosesləri tam şəkildə elektronlaşdırmağa nail olmuşuq.
 
AVİS-in texniki imkanları olduqca geniş layihələndirilib. Biz bu sistemi qurarkən qarşıdakı dövrdə onun vasitəsilə vergi ödəyicilərinə elektron xidmətlər sahəsində mövcud olan ən müasir təcrübələri tətbiq etməyi nəzərdə tutmuşduq.

Bütün bunlar təbii ki, büdcə qarşısında olan fiskal vəzifələrin yerinə yetirilməsi prosesi ilə paralel şəkildə aparılırdı. Əlbəttə, ölkədəki iqtisadi artım, iqtisadi münasibətlərin fəallığı sistemin daha radikal şəkildə dəyişdirilməsi imkanlarına təsir göstərirdi.

Bununla belə, yaranmış dövr bu islahatların həyata keçirilməsi üçün əlverişli idi və bunu həyata keçirmək üçün, bir daha qeyd edim ki, ölkə rəhbərliyinin simasında siyasi dəstəyimiz var idi.

Buna görə də sonrakı 5 ildə daha ciddi layihələrin reallaşdırılmasına başlandı. 2007-ci ildə ölkəmizin ən böyük dövlət portallarından biri olan Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı istifadəyə verildi və bəyannamələrin elektron variantda göndərilməsinə başlandı.

Elektron bəyannamə sisteminin tətbiqi ümumilikdə bəyannamələrin tərtib edilməsi və onların vergi orqanına göndərilməsi üçün lazım olan vaxtı əhəmiyyətli şəkildə azaltdı. Hazırda vergi ödəyiciləri tərəfindən Vergilər Nazirliyinə daxil olan bəyannamələrin orta hesabla 90%-i elektron formatda göndərilir.
 
Ötən müddət ərzində vergi ödəyicilərinə elektron vergi hesab-fakturalarından istifadə etmək, vətəndaşlarla dövlət qurumu arasında elektron formada məktublaşma imkanı verən "On-line kargüzarlıq" sistemindən faydalanmaq imkanı yaradılıb.

Hər bir vergi ödəyicisi üçün nazirliyin www.e-taxes.gov.az internet səhifəsində şəxsi elektron qutu yaradılıb ki, onun vasitəsilə vergi ödəyiciləri vergi sisteminə aid informasiya xarakterli istənilən sənədi əldə edirlər.
 
2008-ci ildən sahibkarlıq subyektlərinin qeydiyyatının "bir pəncərə" prinsipi tətbiq edilməklə aparılması göstərdiyimiz elektron xidmətlərin mühüm tərkib hissəsidir və vergi ödəyiciləri və beynəlxalq təşkilatlar tərəfindən çox müsbət qiymətləndirilir.

Qeyd edim ki, "bir pəncərə" sisteminin təqdimat mərasimində şəxsən Azərbaycan prezidenti İlham Əliyev iştirak edib. Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatında bu sistemin uğurlu tətbiqi sonradan "bir pəncərə" prinsipinin digər sahələrdə də tətbiqinə təkan verib.
 
Bu prosesin təkmilləşdirilməsi daim davam etdirilir. 2011-ci ilin iyulun 1-dən sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin dövlət qeydiyyatı elektron formata keçirilib. İndi fərdi sahibkar olmaq istəyən istənilən şəxs bir neçə dəqiqə ərzində biznesə başlamaq üçün rəsmi qeydiyyat prosesini tamamlaya bilir.

Bu il sahibkarlıq subyektləri üçün nəzərdə tutulan ərizələrin böyük hissəsinin elektron qaydada təqdim edilməsi imkanları yaradılıb. Azərbaycanda nağd ödəmələr prosesində geniş tətbiq edilən nəzarət-kassa aparatlarının qeydiyyat prosesi də elektronlaşdırılıb.
 
2008-ci ildə Azərbaycanda ilk dəfə ƏDV inzibatçılığı prosesində vergi nəzarətinin tam elektronlaşdırılmasına imkan verən ƏDV depozit hesablarının tətbiqinə başlanıb.

Vahid ƏDV depozit hesabının tətbiqi ƏDV üzrə vergidən yayınmaların qarşısının alınmasına, eyni zamanda vergi ödəyicilərinin ƏDV üzrə inzibati yükünün azaldılmasına da şərait yaradıb.
 
Tətbiq etdiyimiz informasiya texnologiyaları sayəsində bir çox dövlət qurumları, eləcə də əksər banklarla elektron əlaqə sistemi yaradılıb və onlayn rejimdə məlumat mübadiləsi həyata keçirilir. Bunlar son illər ərzində elektron xidmətlər sahəsində həyata keçirdiyimiz islahatların yalnız bir qismidir.
 
- Elektron xidmətlərin tətbiqi ölkənizin sahibkarlarına nə verib? Bu gün Azərbaycanda əlverişli biznes mühiti yaratmaq istiqamətində görülən işləri necə qiymətləndirirsiniz?
 
- Vergi sistemində müasir texnologiyaların tətbiqi ilə müşayiət olunan islahatlara iki prizmadan baxmaq olar. Vergi orqanlarının nəzərindən yaxınlaşsanız, bu, daha təkmil nəzarət mexanizmlərinin qurulmasıdır.

Bu, məsafədən nəzarət, proqram təminatlarından istifadə etməklə ödəyicilərin bəyannamələrinin təhlili, vergilərin ödənilməsinin hərəkət həlqəsi üzərində şəffaf nəzarət mexanizmlərinin müəyyən edilməsidir.

Düzgün işlənib hazırlanmış və tətbiq edilmiş analitik tədbirlər vergi yığımının səmərəliliyini artırır, çox qiymətli məlumatların toplanmasına imkan verir ki, bu da vergi siyasətinin gələcək istiqamətlərinin düzgün müəyyən edilməsində böyük əhəmiyyət kəsb edir.
 
Vergi ödəyicilərinin nəzərindən baxanda, aparılan islahatlar daha çox vergi ödənilməsi ilə bağlı proseslərin vergi ödəyicilərinin vaxtının və xərclərinin azaldılmasına şərait yaratması, eyni zamanda vergi ödənilməsi prosesinin sadə və rahat olması ilə bağlıdır.

Fikrimizcə, bu, vergi ödəyicilərinin öz ödəmələrini həyata keçirməsi prosesində daha loyal olmağa və könüllü əməletmə səviyyəsinin artmasına birbaşa təsir edir. Bu gün Azərbaycanda vergi ödəyicilərinin 90%-i bəyannamələrini vaxtında təqdim edir, 80%-i isə vergi ödəmələrini vaxtında həyata keçirir.

Bu, inkişaf etmiş ölkələrlə belə müqayisədə yüksək göstəricidir və hesab edirəm ki, əslində bizim əldə etdiyimiz ən mühüm nailiyyətlərdən biridir.
 
Digər tərəfdən, informasiya-kommunikasiya texnologiyaları dövlət qurumlarının fəaliyyətində şəffaflığın təmin olunmasında mühüm rol oynayır.

Elektron xidmət dövlət qurumuna olan inamı möhkəmləndirir, eləcə də korrupsiya və süründürməçiliyin qarşısının alınmasına şərait yaradır. Eyni zamanda bu proses vergi ödəyicilərinin də fəaliyyətinin şəffaflaşmasına, onları yeni texnologiyalardan faydalanmağa və istifadəyə stimullaşdırır.
 
Bütövlükdə biznesin uğurlu inkişafı onun dövlət qurumları ilə iş prosesində rastlaşdığı bütün problemlərin maksimal tez və rahat şəkildə aradan qaldırılmasına imkan verən işlək mexanizmlərinin yaradılmasından asılıdır.

Vergi sistemində biz bu prosesi maksimum dərəcədə sadələşdirməyə çalışmışıq. İndi Azərbaycanda sahibkarlıqla məşğul olmaq istəyən hər kəs asanlıqla dövlət qeydiyyatından keçə bilir, vergi orqanlarına gəlmədən bəyannaməsini göndərir, vergilərini ödəyir, onu narahat edən məsələlərlə bağlı xüsusi xidmətimiz olan 195 saylı telefon xidməti vasitəsilə sutkada 24 saat ərzində məlumat ala bilir.

Yeri gəlmişkən, bu ilin sentyabr ayında nazirliyin 195 telefon məlumat xidməti "Austrian Standards Plus" təşkilatının təmsilçisi olan "Beynəlxalq Sertifikatlaşdırma və Sorğu Mərkəzləri İnstitutu" tərəfindən "EN-15838 keyfiyyət Standartı"na layiq görülüb.
 
Azərbaycanda biznes qurmaq keçən hər gün daha asan, daha gəlirlidir. Əgər vergitutma baxımından qiymətləndirsək, Dünya Bankının "Doing Business 2012" və PWC şirkətinin "Paying Taxes 2012" hesabatlarına əsasən, vergi qanunvericiliyinin normalarına riayət edilməsinin sadəliyi sub-indikatorları üzrə Azərbaycanın göstəriciləri istər regional, istərsə də orta dünya göstəricilərindən yüksəkdir.

Ölkəmiz "Paying Taxes 2012" hesabatında 2011-ci ildə vergi ödəmələrinin sadəliyi reytinqində ölkəmiz 26 pillə irəliləmişdir. Hesab edirəm ki, bu, ölkəmizdə vergitutma proseslərinin sadələşməsini göstərən əyani qiymətdir.
 
- 2012-ci il Azərbaycanda elektron hökumətin qurulması istiqamətində mühüm bir il olacaq. Vergilər Nazirliyi yaxın gələcəkdə hansı yenilikləri tətbiq etmək niyyətindədir?
 
- Azərbaycan prezidenti cənab İlham Əliyevin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli fərmanı dövlət orqanları qarşısında yaxın perspektivlər üçün ciddi vəzifələr qoyub.

Biz 2012-ci ilə elektron hökumətin qurulması sahəsində ciddi dəyişikliklər ili kimi baxırıq. Hesab edirəm ki, siz qısa müddətdə bu sahədə Azərbaycanda böyük dəyişikliklərin şahidi olacaqsınız.
 
Azərbaycanın vergi xidməti də bu prosesin fəal iştirakçısı olacaq. Vergilər Nazirliyi yaxın gələcəkdə vergi sisteminin tam şəkildə yeni texnologiyalar üzərinə keçirilməsini başa çatdırmaq və vergi orqanları ilə vergi ödəyiciləri arasında qarşılıqlı əlaqələrin də əsasən kontaktsız, elektron vasitələrlə həyata keçirilməsinə, elektron auditin tətbiqinə nail olmaq niyyətindədir.
 
2012-ci ildə hüquqi şəxslərin dövlət qeydiyyatı elektron formata keçiriləcək. Kommersiya hüquqi şəxslərin e-qeydiyyatının tətbiqindən sonra istər prosedurlar, istərsə də xərc tutumu və sərf olunan müddətlər xeyli azalacaq.

2012-ci ildən Azərbaycanda vergi və rüsumların internet üzərindən ödənilməsi tətbiq ediləcək. Yaxın gələcəkdə vergi yoxlamaları elektron şəkildə aparılacaq. Müasir dünyada tətbiq olunan ən son və mütərəqqi xidmətlərin hamısı ölkəmizdə tətbiq olunacaq.
 
Biz rəqabət qabiliyyətli, sərmayəçilər üçün cəlbedici, sadə və eyni zamanda şəffaf və sabit bir vergi sistemi qurmağa çalışırıq. Ölkəmizin vergi siyasəti regionda səmərəli və rəqabətli iqtisadi siyasət aparılmasına zəmin yaradır.

Məsələn, iqtisadiyyatın cəlbediciliyinin və rəqabətliliyinin əsas amili olan gəlirlərin repatrasiyası üçün heç bir məhdudiyyətin olmaması, xarici və yerli vergi ödəyiciləri arasında diskriminasiyanın yolverilməzliyi də bu vacib şərtlərdəndir.

Bu baxımdan investorların ölkəmizin vergi sisteminə adaptasiyası kifayət qədər sadədir. Vergi Məcəlləsində ikiqat vergitutmanın yolverilməzliyi təsbit olunub. Hazırda dünyanın 41 ölkəsi ilə əmlaka və gəlirlərə görə ikiqat vergitutmanın aradan qaldırılması barədə beynəlxalq sazişlər imzalanıb və daha 17 ölkə ilə belə saziş layihələri üzərində işlər davam etdirilir.
 
Ölkə prezidentinin qarşımıza qoyduğu tələblərə uyğun olaraq biz Azərbaycanda partnyorluq, qarşılıqlı faydalara söykənən dövlət-biznes münasibətləri qurmağa çalışırıq.

Vergi inzibatçılığında vergi ödəyiciləri üçün etibarlı, müasir informasiya texnologiyalarına söykənən xidmətlərin təklif olunmasına, bu xidmətləri istənilən zaman kəsiyində, istənilən məkanda əldə etmək imkanlarının formalaşdırılmasına bundan sonra da xüsusi önəm veriləcək.
 
Biz həm də ona nail olmağa çalışırıq ki, vergi ödəyicisi vergi xidmətinə təkcə nəzarətedici qurum kimi deyil, həm də problemləri ilə bağlı istənilən zaman müraciət edə biləcəyi tərəfdaş kimi yanaşsın. Bu baxımdan vergi xidmətinin peşəkar kadrlarla formalaşdırılması prosesi davam etdiriləcək.
 
Müasir dünyada kapital axınının hərəkəti, maliyyə resurslarının kifayət qədər geniş arealda bölünməsi, iqtisadiyyatda qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün sərmayələrin cəlbi, eləcə də müasir biznesin daha çox elektron əlaqələr üzərinə keçirilməsinə başlanması vergi sisteminin də fəal şəkildə bazar konyunkturuna və iqtisadi tələblərə uyğunlaşdırılmasına, çevik adaptasiya imkanlarına malik bir dövlət xidmətinə çevrilməsinə zəmin yaradır. Qarşıdakı dövrdə hökumətimiz bu siyasəti daha aktiv şəkildə davam etdirəcək.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL