waplog

Lütfi-Zadə: “Mən bakılıyam, Azərbaycan və azərbaycanlılarsa mənə doğmadır”.


Süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Kaliforniya Berkli Universitetinin professoru, azərbaycanlı tanınmış professor Lütfi-Zadə ilə müsahibə   
 
- Əfsanəvi Lütfi-Zadəni hamı kitablardan, internetdən, televiziyadan tanıyır.  Bəs o, əslində kimdir? Zəhmət olmasa, həyatınız haqqında  danışın. Deyirlər ki, Sizin əsliniz İrandandır. Sizdən xahiş edirəm ki, bu sayiələri  təkzib edəsiniz...
 
- Mən 1921-ci ildə Bakıda anadan olmuşam və burada  həyatımın ilk 10 ilini keçirmişəm.   Həmin illər mənim  görüşlərimi və məsləklərimi formalaşdırıb. 

Altı yaşım olanda  mən mühəndis, ya da alim olmaq istəyirdim.  Mənim valideynlərim İran vətəndaşları idilər.

Atam Ərdəbildə anadan olub və türk dili onun doğma dili olub.  1931-ci ildə Sovet İttifaqında mürəkkəb iqtisadi vəziyyətin yaranması səbəbindən mənim valideynlərim İrana qayıdıblar. 

10 yaşımdan 21 yaşımadək mən Tehranda yaşamışam və oxumuşam. Əvvəl Amerika kollecində, sonra isə Tehran universitetində.  

1942-ci  ildə bakalavr dərəcəsini alandan sonra mən təhsilimi davam etmək üçün Birləşmiş Ştatlara mühacirət etmək qərarına gəldim. 

Artıq İranda təhsilimi davam edə bilmirdim.1944-çü ildə mən aspirant kimi Massaçusets  Texnoloji İnstitutuna daxil oldum və 1946-cı ildə magistr dərəcəsini aldım.   

Massaçusetsdə təhsilimi davam etmədim, çünki valideynlərim 1946-cı ildə Nyu-Yorka köçdülər və mən onların yanında olmaq istəyirdim.  
 
Elə 1946-cı ildə mən Feylə evləndim və bu günədək biz bir yerdəyik.Həmin vaxt mən Kolumbiya Universitetində köməkçi müəllim kimi işləməyə başladım.

Mən orada 1959-cu ilədək işlədim. 1959-cu ildə Kaliforniya Universitetinin elektrotexnik mühəndislik fakültəsində işləməyə başladım və indiyədək orada işləyirəm.  

Mən Bakıda anadan olduğumdan özümü bakılı hesab edirəm, Azərbaycana və Azərbaycan xalqına olan münasibətim yaxşıdır. 
 
- Aristotelin vaxtından olan bütün əvvəlki versiyalarla tamamilə zidd olan “Qeyri-səlis” məntiq nəzəriyyəsini irəli sürəndə siz nəyə əsaslanırdınız?  

- Baxmayaraq ki mən ixtisasca riyaziyyatçı deyiləm, amma həmişə riyaziyyatın üstünlüyünə inanmışam. Mən 60-cı illərin əvvəlində riyaziyyatın dəqiqliyi ilə real dünyanın qeyri-dəqiqliyi arasındakı olan boşluğu anlamağa başladım.

Problem ondadır ki, riyaziyyatda siniflər dəqiq sərhədlərə malikdirlər, lakin real dünyada bir çox siniflərin sərhədləri qeyri-dəqiqdir.    
 
“Qeyri-dəqiq çoxluq” konsepsiyası riyaziyyatın əsaslarının genişləndirilməsi üçün  imkan yaradır. 
Mən “qeyri-dəqiq” terminini seçdim, çünki o, sinif sərhədlərinin boşluğunu aydın izah edir. 

Əlbəttə ki, mən başa düşürdüm ki, “qeyri-dəqiq” ifadəsi problem yaradacaq, belə ki, o, adətən kiçildici mənada istifadə olunur.Bu səbəbdən “qeyri-səlis” məntiq anlayışı, həmçinin mübahisəli sayılır.
 
- Azərbaycan haqqında hansı xatirələriniz yadda qalıb?
 
- Mənim Bakı haqqında uşaqlıqla və l965 və 2008-ci illərdə bu şəhərə etdiyim səfərlərlə bağlı çoxlu xatirələrim var. 

Bakıda çoxlu yaxşı dostlarım var,  l965 və 2008-ci illərdə mənə göstərilən yaxşı münasibəti yüksək qiymətləndirirəm. Bu səfərlər zamanı mən gördüklərim və eşitdiklərimdən heyran olmuşdum.   
 
- Azərbaycan mətbəxinə münasibətiniz necədir,  sevimli yeməyiniz hansıdır?

- Mən plov və kababı xoşlayıram. Mənim həyat yoldaşım Fey çox yaxşı aşpazdır.  
O, məni sevindirmək istəyəndə plov hazırlayır.

 Bizim Berklidə ən sevimli restoranlarımızdan biri Alborzdur. Mən orada həmişə badımcan dolması sifariş verirəm.

Azərbaycana olan son səfəriniz xatirənizdə nə ilə yadda qaldı? Ziyarət etdiyiniz yerlərdən hansılar dəyişilmişdi və hansılar eyni idi?  -  Təəssüf ki, mən Bakıya 90 illiyim ilə əlaqədar gələ bilmədim, çünki 2008-ci ilin dekabr ayında, Bakıdan Berkliyə qayıdışımdan təxminən bir ay sonra ürək tutması keçirdim.
Mən sağaldım və iş rejiminə qayıtdım. Lakin mən uzunmüddətli uçuşların sayını azaltmağa məcbur oldum. 

2008-ci ildə Bakıya səfərim zamanı məni heyrətləndirən o idi ki, insanlar dəyişilməmişdilər, lakin şəhər 1965-ci illə müqayisədə çox gözəlləşmişdi. 

Eyni zamanda, ölkənin prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə idarə olunması, Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun iş fəaliyyəti çox xoşuma gəldi.   
 
- Siz həyatınızda etdiyiniz hansısa bir əmələ görə təəssüflənirsinizmi?  Və hələ də həyata keçməyən arzunuz varmı?

- Həyatda qazandığım nailiyyətlərdə uğur böyük rol oynayıb.  Mənim həyatımda baş verən bəzi hadisələr  irəliləyişimə mənfi yox, müsbət təsir göstərib.

Həyatda nail olduqlarıma görə Uca Tanrıya minnətdaram: mənim sevimli həyat yoldaşım,  oğlum və çoxlu dostlarım  var. Həyatımda daha nə arzu edə bilərəm?!  



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL