waplog

İKT sahəsində istehsal həcminin artırılması nə vəd edir?!


Dünya sivilizasiyasının müxtəlif dövrlərində iqtisadiyyatın müəyyən sahəsi daha çox inkişaf edib. Tarixən aqrar-sənaye cəmiyyətləri mövcud olub və heç kimə sirr deyil ki, həmin vaxt sivilizasiyanın ən yüksək zirvəsi sənayeləşmiş cəmiyyət sayılırdı. Yüksək inkişaf tempi zamanla mövcud hədəfləri də dəyişib. Keçən əsrin əvvəllərində dünyanın bir sıra inkişaf etmiş ölkələrində sənayenin sürətli inkişafı, informasiyalaşdırma vasitələrinin və xidmətlərinin genişlənməsi, informasiyalaşdırma məhsullarının sənaye malı kimi meydana çıxması sosial inkişafa gətirib çıxarıb və idarəetmədə yeni keyfiyyət tələbini qarşıya qoyub. Bu isə öz növbəsində yeni yanaşmalar və yeni texnologiyaların tətbiqini labüd edib. Bu da danılmaz faktdır ki, hazırda istehsalın idarə olunmasının avtomatlaşdırılması müasir şəraitdə ən vacib istiqamətlərdən biridir. Çünki hazırda bizi əhatə edən aləmdə təsərrüfatın elə bir sahəsi yoxdur ki, orada informasiya texnologiyalarının (İT) tətbiqindən istifadə olunmasın. Biz informasiyalaşdırılmış cəmiyyətdə, informasiya aləmində yaşayırıq. İnformasiyalaşdırma isə insan sivilizasiyasının yeni inkişaf mərhələsidir. Məhz buna görə də informasiyalaşdırma elə bir vasitədir ki, onun köməyi nəticəsində cəmiyyət özünü kifayət qədər tez və adekvat dərk edir, bu vasitə ilə müasir şəraitdə lazım olan əsas məsələlər həllini tam və effektiv tapa bilir. Daha konkret desək, insana məxsus xüsusiyyətlər - nitq, təsəvvür, istehsal, elm və incəsənət, idrak və dərketmə, yadda saxlama, informasiyanın işlənib hazırlanması və ötürülməsi çoxobrazlı və mürəkkəb proseslərdir. Yazının yaranması və yayılması, kitab çapı, dövri mətbuat, teleqraf, telefon, fotoqrafiya, sonralar radio, televiziya və kompyuter texnikası İT sahəsində əldə edilən ən mütərəqqi istehsal vasitələri hesab edilir. Kompyuter texnikasının və verilənlərin ötürülməsi vasitələrinin inkişafı isə sürətinə və miqyasına görə fenomenal sayıla bilər. Belə ki, bu proseslərin həyata keçirilməsində yeni informasiya texnologiyalarının tətbiqi cəmiyyətin bütün fəaliyyət sahələrində öz bəhrəsini verməkdədir.

MADDİ İSTEHSAL SAHƏSİ İKİNCİ PLANA KEÇİB

Son illər informasiya xidmətləri sferası cəmiyyətin həyatına elə daxil olub ki, artıq o, maddi istehsal sahəsini ikinci plana salıb. Bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr informasiya və kommunikasiya texnologiyalarının tətbiqinin verdiyi böyük üstünlüklərdən uğurla istifadə edirlər. İnformasiya cəmiyyətinə istiqamətlənmiş yolun bəşər sivilizasiyasının gələcəyinə gedən yol olduğu artıq heç kimdə şübhə doğurmur.

Müasir cəmiyyətin inkişaf səviyyəsi onun informasiya infrastrukturunun inkişaf dərəcəsi ilə təyin olunur. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə demək olar ki, insan fəaliyyətinin bütün sahələrini əhatə edən güclü informasiya infrastrukturu sürətlə inkişaf edir. Qərbdə və Yaponiyada cəmiyyətin informasiyalaşdırılması işi 40 il əvvəl başlanıb, son illərdə isə ümummilli proqramlar işlənib hazırlanıb və dövlət bu proqramlara uyğun külli miqdarda vəsait ayırıb. İnformasiyalaşdırma nəzəri analizetmə obyekti çərçivəsindən çıxıb ölkənin iqtisadi, siyasi və hərbi üstünlüyünü göstərən, daxili və xarici strategiyanın mühüm istiqamətlərini təyin edən bir sahəyə çevrilib.


Hal-hazırda ABŞ-da informasiyalaşdırmaya kapital qoyuluşunun ümumi həcmi (yaratma, istehsal, montaj, kompyuterin istifadəsi, müxtəlif səviyyəli informasiya sistem və şəbəkələri, verilənlər və biliklər bazası) hərbi xərclərin ümumi həcmini aşır. Avropada, ABŞ-da, Yaponiyada və dünyanın bir sıra inkişaf etmiş ölkələrində informasiyalaşdırmanın həlledici rolunu, onun insanların həyatındakı əhəmiyyətini, elmi tutumlu texnologiyalardan istifadəsini, milli məhsulun istehsalında verdiyi töhfənin iqtisadi səmərəsini vaxtında qiymətləndirə bildilər. Bu ölkələrdə informasiya və kommunikasiya vasitələrinin inkişafı əsasında əmək məhsuldarlığı artdı, təhsildə, məişətdə, səhiyyədə, ticarətdə, istehsalda həyat səviyyəsi yeni inkişaf müstəvisinə qədəm qoymuş oldu.


ABŞ-da personal kompyuterlərin sayı 200 milyona yaxındır və informasiya texnologiyaları (kompyuter və kommunikasiya) Amerika sənayesinin çox böyük bir hissəsini təşkil edir. Hətta bu ölkədə İT sənayesi həcminə görə yeyinti, tikinti, avtomobil sənayesini qabaqlayır. Məlumdur ki, Cənubi Koreya İT məhsullarının istehsalı üzrə böyük təcrübəyə malikdir. Cənubi Koreya yarımnaqil, mobil telefon, monitor, LCD, kompyuter, yayım peyklər və s. istehsal edən ölkədir. Hələ, 1987-ci ildə Cənubi Koreyanın Elm və Texnologiya Nazirliyi ölkənin elmi-texniki siyasətinin əsas istiqamətlərini əks etdirən 15 illik plan işləyib hazırlayıb. Ötən əsrin 80-ci illərində ölkədə elmi-istehsalat parkları, yüksək texnologiya sahəsi üzrə firmalar yaradılmağa başlayıb. Bu gün də ölkədə İKT sektorunun liberallaşdırılması istiqamətində böyük yol keçib.


ÖLKƏMİZDƏ İT SAHƏSİNDƏ İSTEHSAL HƏCMİ 50 FAİZ ARTDI

Bu gün də bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr İKT-nin tətbiqi nəticəsində böyük nailiyyətlər əldə edirlər. Dünya təcrübəsi göstərir ki, İKT-nin geniş tətbiqi ölkənin ümumi sosial-iqtisadi inkişafına təkan verir və o, yoxsulluğun azaldılması üçün təsirli vasitədir. Bu gün informasiya cəmiyyətinə keçid üçün müvafiq mühitin yaradılması Azərbaycan Hökumətinin siyasi kursunun tərkib hissəsidir və "Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)"nın işlənməsi bu istiqamətdə atılmış ilk addım kimi mühüm əhəmiyyətə malikdir. Azərbaycanda İT-in təşəkkülü keçən əsrin ikinci yarısından sonra başlayıb.


Keçən dövr ərzində bu sahə üzrə uğurlu nəticələr əldə olunub. Belə ki, hazırda respublikada dövlət səviyyəsində dövlət və özəl qurumlarda informasiya və kommunikasiya texnologiyaları sahəsində bir sıra əhəmiyyətli dövlət proqramları və layihələr həyata keçirilir. Müasir şəraitdə ölkənin sosial-iqtisadi, elmi-texniki inkişafının əsas məsələlərinin kompleks həlli və müdafiə qabiliyyətinin artırılması üçün yeni istehsal sahələrinin yaradılması zəruridir.


Dünya təcrübəsi aydın şəkildə göstərir ki, informasiya və kommunikasiya texnologiyaları üzrə istehsal həcminin artırılması ölkənin hərtərəfli inkişafına xidmət edir və məhz bu texnologiyalar əhalinin sosial-iqtisadi vəziyyətində mövcud olan problemlərin həll olunması və yoxsulluğun aradan qaldırılması üçün tutarlı vasitələrdəndir. Yeri gəlmişkən, qeyd edək ki, hazırda respublikada İKT sektorunun inkişaf tempi bu sahədə ümumdünya göstəricilərini təxminən üç dəfə qabaqlayır. Ölkədə İKT-nin inkişafını və geniş tətbiqini təmin etmək yolu ilə informasiya və biliklərə əsaslanan, rəqabətə davamlı iqtisadiyyatın qurulması və inkişaf etdirilməsi üçün şərait yaradılması, dövlət idarəetmə mexanizmlərinin səmərəliliyinin artırılması və qərarların qəbulu prosesində vətəndaşların və sosial institutların iştirakı imkanlarının genişləndirilməsi, cəmiyyətin informasiya məhsulu və xidmətlərinə olan tələbatının ödənilməsi hədəf seçilib.


Qeyd etdiyimiz kimi, sürtəli inkişaf kontekstində qeyri-neft sektorunun aparıcı sahəsi olan İKT-nin müstəsna yeri vardır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2011-ci ildə rabitə və informasiya texnologiyaları sahəsi qeyri-neft sahələri arasında ən sürətlə inkişaf edən sahələrdən biri olub. Ötən il İT sahəsində istehsal həcmi 50 faiz artaraq 120 milyon manat olub. Bu məhsullara əsasən radioelektron elementlər, optik daşıyıcılar, kompyuterlər, proqram modulları və s. daxildir. İKT sektorunda istehsalın - həm texniki qurğuların, həm də proqram təminatının artırılması və onun xaricə ixrac edilməsi prosesini də sürətləndirə bilər. Bunun üçün İKT infrastrukturundan istifadənin liberallaşdırılması, azad rəqabətin təmin olunduğu İKT bazarının inkişaf etdirilməsi və beynəlxalq İKT bazarına inteqrasiyasının genişləndirilməsi qarşıya məqsəd qoyulub və əməli işlərə start verilib. Bütün bunlar deməyə əsas verir ki, yaxın illərdə ölkə iqtisadiyyatının inkişaf bazasını yüksək texnologiyalar təşkil edəcəkdir.

SAHƏ ÜZRƏ İSTEHSAL POTENSİALI HANSI YOLLA ARTIRILMALIDIR?

Kiçik və orta biznesin imkanlarının genişləndirilməsi və elmi nəticələrin kapitallaşdırılmasının ən səmərəli üsullarından biri innovasiya təyinatlı texnoloji mərkəzlərin, texnoparkların yaradılmasıdır. Texnopark ölkədə yeni iş yerlərinin yaradılması və yeni texnologiyaların inkişaf etdirilməsi, dövlət üçün innovasiya əsaslı və rəqabətə davamlı iqtisadiyyatın yaradılması vasitəsidir. Texnopark yüksək texnologiyalar və innovasiyalar əsasında biznes fəaliyyəti göstərən sərbəst, kommersiya baxımından əlverişli və səmərəli müəssisədir.


Bu gün milli iqtisadiyyatın inkişaf bazasının yüksək texnologiyalar əsasında qurulması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurlu siyasət həyata keçirilir. Yüksək texnologiyalar biliyə söykənən iqtisadiyyatın yaranması istiqamətində irəli atılmış əhəmiyyətli addımdır. Bu istiqamətdə fəaliyyətin ən uğurlu təzahürü Sumqayıt texnoparkıdır. Texnopark ölkə üçün innovasiya əsaslı, elmtutumlu və rəqabət qabiliyyətli iqtisadiyyatın inkişaf etdirilməsi vasitəsidir.


Məlumat üçün bildirək ki, Sumqayıt texnoparkı 45 hektarlıq ərazidə yerləşir. Bu ərazinin 140 min kvadratmetrini parkın istehsalat korpusları tutur. Texnoparkın birinci fazasının inşaat-montaj işlərini həyata keçirmək üçün 2300 nəfərdən artıq adamın əməyindən istifadə olunub. Sənaye müəssisəsində ölkənin elektroenergetika sənayesində yeni infrastruktur layihələrinin həyata keçirilməsi üçün lazım olan müasir avadanlıqlar istehsal edilir. Burada 16 zavodun fəaliyyət göstərməsi planlaşdırılır. Onlardan bir çoxu tam istehsal gücü ilə işləyir, alternativ enerji mənbələrindən istifadə avadanlıqları (günəş kollektoru, külək generatoru), yüksək gərginlik avadanlıqları, yüksəkgərginlikli ötürücülərin dayaqları, ağır transformatorlar, hidroturbinlər, müxtəlif kabel məmulatları, geniş çeşidli plastik kütlə və metal borular, şüşə məmulatları və s. məhsullar buraxır.

Göründüyü kimi, Azərbaycan üçün kiçik istehsal biznesi böyük əhəmiyyətə malikdir, lakin iqtisadiyyatın innovasiya əsaslı inkişaf prinsiplərinə keçirilməsi gələcək inkişafın ölçü meyarı hesab edilir ki, bu istiqamətdə uğur əldə etmək üçün münbit şərait mövcuddur.

Zamirə İLQAR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL