waplog

Azərbaycan Respublikasının Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov: “İnkişaf rəqabətin məhsuludur”


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən düşünülmüş, gələcək inkişafa hesablanmış ardıcıl və məqsədyönlü sosial-iqtisadi siyasət digər sahələrdə olduğu kimi, informasiya-kommunikasiya texnologiyaları  (İKT) sektorunda da öz bəhrəsini vermişdir. Son illər sektor üzrə uğurlu nəticələr əldə edilmiş, ölkə və region üçün böyük əhəmiyyət kəsb edən layihələr həyata keçirilmişdir. Əldə olunan uğurlar və gələcək perspektivlər barədə "İCTnews" elektron xəbər xidmətinin suallarını Azərbaycan Respublikasının Rabitə və informasiya texnologiyaları naziri cənab Əli Abbasov cavablandırmışdır.
 
- Cənab nazir, Azərbaycanda İKT sektorundakı inkişafı necə xarakterizə edərdiniz?

-Azərbaycanda İKT sahəsində beynəlxalq təcrübəyə, qabaqcıl texnologiyalara və səmərəli tərəfdaşlığa əsaslanan fəaliyyət sayəsində əksər istiqamətlərdə müsbət nəticələr əldə edilmişdir.
 
Təkcə 2004-2010-cu illərdə ölkədə İKT-dən əldə olunan gəlirlərin orta illik artım tempi ümumdünya göstəricisini 2,5-3 dəfə qabaqlamış və bu dövrdə özəl sektorun İKT bazarında payı artaraq 80%-ə çatmışdır. İKT bazarında azad rəqabət mühitinin formalaşdırılmasına xidmət edən islahatların, o cümlədən səmərəli özəlləşdirmə və tənzimləmənin həyata keçirilməsi ölkədə yeni sabit və mobil rabitə operatorlarının, İKT məhsul və xidmət istehsalçılarının yaranmasına və onların bölgənin İKT bazarının fəal iştirakçılarına çevrilməsinə səbəb olmuşdur.
 
 Dünyanın aparıcı İT şirkətləri və nüfuzlu texniki və proqram məhsulları istehsalçıları ölkəmizdə öz nümayəndəliklərini açaraq çoxşaxəli fəaliyyət qurmuşlar.

Azərbaycan İKT-nin əsas infrastruktur göstəricilərinə görə dünya üzrə orta səviyyəni keçmişdir. Məsələn, hazırda Azərbaycanda hər 100 nəfərə 110 mobil telefon düşür, əhalinin 65 faizi internet, onların yarısı isə genişzolaqlı internet istifadəçisidir və bu, ümumdünya orta göstəricisindən təxminən 2 dəfə yüksəkdir.  Ölkədə ən müasir standartlara uyğun milli telekommunikasiya, poçt və teleradio infrastrukturu formalaşmış və inkişaf etmişdir. MDB regionunda ilk dəfə olaraq Azərbaycanda bütün yaşayış məntəqələri telefonlaşdırılmış, sabit telefon şəbəkəsi tam elektronlaşdırılmış, ölkə üzrə  vahid 7 rəqəmli nömrələmə sistemi  və bir kanal vasitəsilə telefon, internet və televiziya xidmətlərindən istifadə imkan verən "Yeni nəsil şəbəkələri (NGN)" texnologiyası tətbiq olunmuşdur.

Respublikanın bütün ərazisini əhatə edən  fiber-optik magistral şəbəkələrinin qurulması və regional informasiya serverlərinin ölkəmizdə yerləşdirilməsi Azərbaycandan region ölkələrinə internet xidmətlərinin ixracını fəal surətdə artırmışdır.
 
Əhalinin 85 faizdən çoxunun yaşadığı ərazilərin rəqəmli televiziya yayımı ilə əhatəsi, poçt şöbələri tərəfindən bank-maliyyə xidmətləri göstərilməsi, "elektron hökumət"in formalaşdırılması ilə bağlı görülən işlər çərçivəsində "elektron imza"nın tətbiqi, "Elektron hökumət" portalının yaradılması, həmçinin "E-təhsil", "E-səhiyyə", "E-vergilər", "E-gömrük", "E-ədliyyə" və s. layihələrin reallaşması İKT sahəsində inkişafa təkan verən mühüm nailiyyətlər olmuşdur.

- ABŞ-ın Milli Kəşfiyyat direktoru Ceyms Klepper belə bir bəyanatla çıxış edib ki, ABŞ da daxil olmaqla hökumət və təhlükəsizlik xidmətləri kiberhücumların qarşısını tam ala bilmir. Cənab nazir, necə hesab edirsiniz, kibercinayətkarlıqla daha mütəşəkkil formada necə mübarizə aparmaq olar? 

- İnformasiya təhlükəsizliyinin lazımi səviyyədə təmin edilməsi dövlətin, cəmiyyətin və insanların fəaliyyətinin vacib şərtlərindən biridir. Qlobal informasiya cəmiyyətinin formalaşması nəticəsində dövlətlərarası ziddiyyətlər və münaqişələr virtual məkana da keçir. 
 
İnformasiya-kommunikasiya texnologiyalarının geniş yayılması və istifadəsi nəticəsində virtual məkanda formalaşan şəbəkəni, həmçinin istifadəçiləri informasiya resursları və sistemlərini  mümkün təhdidlərdən qorumaq məqsədilə informasiya təhlükəsizliyi olduqca vacibdir. İnformasiya təhlükəsizliyini təmin edən proqram təminatlarının (vasitələrinin) daxili mexanizmlərinin öyrənilməsi, həmçinin şəbəkədə mövcud hücumları nəzərə alaraq şəbəkənin müdafiə mexanizminin işlənilməsi vacibdir.
 
Qloballaşan dünyada informasiya texnologiyalarının yaratdığı imkanlardan sui-istifadə etməklə cinayətin yeni növləri yaranır, dövlətin ərazi bütövlüyü ilə bağlı məlumatlar təhrif edilir,  terrorizm ideologiyasının təbliğ edilməsi və terror aktlarının planlaşdırılması üçün internet şəbəkəsindən fəal şəkildə istifadə edilir.
 
 İnformasiya təhlükəsizliyinin təmini məsələlərində cəmiyyətin bütün qüvvələrinin − dövlət, biznes və vətəndaş cəmiyyətinin, xüsusən cəmiyyətin intellektual potensialının səfərbər edilməsi vacibdir. Bundan başqa, son zamanlar fişinq, botnet, saxtalaşdırma, fırıldaqçılıq hadisələri sürətlə artmaqdadır. Bu kimi hallara qarşı mübarizə siyasətinin işlənməsi mühüm əhəmiyyət kəsb edir.

Kompyuter sistemi şəbəkələrinin çoxalması, əhalinin sıxlığı, mobil telefonların sayı, internetin inkişafı  cinayət əməllərinin artımına gətirir ilə səciyyələnir. Məsələn, adambaşına düşən mobil telefon sayının çoxluğu, əhalinin ondan internet vasitəsi kimi istifadə etməsi nəticəsində Cənub-Şərqi Asiyada cinayət əməllərinin sayı da çoxdur. Azərbaycana gəlincə, bizim ölkədə kompyuter cinayətkarlığı ilə bağlı Cinayət Məcəlləsində 271, 272, 273-cü maddələr kimi xüsusi maddələr var. Bu, sahə üzrə mübarizə tədbirlərinin görülməsinə əsas verir.
 
Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2011-ci il tarixli 1938 nömrəli Sərəncamı  ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nın 1.2.4-cü bəndində   informasiya texnologiyalarından istifadə etməklə insan hüquqlarının pozulmasına qarşı mübarizənin səmərəliliyinin artırılması məqsədilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin "Kompyuter informasiyası əleyhinə olan cinayətlər" fəslinin yenidən işlənməsi və onun "Kibercinayətkarlıq haqqında" 2001-ci il 23 noyabr tarixli Konvensiyanın tələblərinə uyğunlaşdırılması barədə təkliflərin hazırlanması Azərbaycan Respublikası Prezident Administrasiyasına tapşırılmışdır. Bu bəndin icrasında RİTN 13 yanvar 2012-ci il tarixli 7 saylı Əmrlə təsdiq edilmiş "Tədbirlər planı"na əsasən iştirak edəcəkdir.

Amma bir məsələ də var ki, hüquq-mühafizə orqanları, telekommunikasiya xidməti göstərən operatorlar, bu sahədə siyasəti müəyyənləşdirən dövlət orqanları bir-biri ilə əlaqəli şəkildə işləməlidir. Bundan əlavə, hər bir ölkə gördüyü tədbirlərin effektiv olması üçün Avropa Şurası, Beynəlxalq Telekommunikasiya İttifaqı, NATO kimi kompyuter təhlükəsizliyi sahəsində geniş təcrübəyə malik olan beynəlxalq qurumlardan da bəhrələnməlidir.

Yeri gəlmişkən, xatırladım ki, Azərbaycan Respublikası 2008-ci ildə Avropa Şurasının "Kibercinayətkarlıq haqqında" Konvensiyasını imzalamışdır və 2009-cu ildə Konvensiya təsdiq edilərək 1 iyul 2010-cu il tarixindən ölkəmizdə qüvvəyə minmişdir. Azərbaycan Respublikası Konvensiyanın  6, 24, 27, 29, 35, 38 və 42-ci maddələrinə əsasən qeyd-şərtlər və bəyanatlarla Konvensiyaya qoşulmuşdur.

Müasir dövrdə informasiya təhlükəsizliyinə təhdidlər təhlükəli amilə çevrilmişdir. Ona qarşı mübarizə aparmaq  üçün bütün maraqlı tərəflərin fəal səylərini birləşdirmək, habelə müasir təhdidlərin aradan qaldırılması və qarşısının alınması probleminə əsaslı yeni strateji yanaşmanın formalaşması zəruridir.

- Cənab nazir, bu gün süni peykin orbitə buraxılması istiqamətində əsaslı işlər görülür və yaxın perspektivdə ölkəmizdə kosmik sənayenin yaradılması nəzərdə tutulub. Məsələnin texniki və kommersiya tərəfi aydındır. Maraqlıdır, sadə Azərbaycan vətəndaşı peykin orbitə buraxılmasından sonra sosial həyatında hansı dəyişikliyi hiss edəcək? 

-Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 17 avqust tarixli, 443 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"na uyğun olaraq cari ilin sonunda ilk telekommunikasiya peykinin orbitə çıxarılması nəzərdə tutulur.

Nəzərinizə çatdırım ki, kosmik sənayenin yaradılması və uğurla inkişaf etdirilməsində beynəlxalq əlaqələrin yaradılması, o cümlədən beynəlxalq təşkilatlarda Azərbaycanın üzvlüyü, təmsil olunması və iştirakı məqsədi ilə məqsədyönlü işlər görülmüş və Birləşmiş Millətlər Təşkilatının (BMT) 12 yanvar 2012-ci il tarixli 66/71 saylı qətnaməsi ilə Azərbaycanın BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə (Committee on the Peaceful Uses of Outer Space – COPUOS)  üzvlüyü təsdiq edilmişdir.

Qeyd edim ki, 1959-cu ildə təsis edilmiş BMT-nin kosmik sahədə hökumətlərarası orqanı olan "COPUOS" kosmik fəzanın sülh məqsədləri ilə istifadə edilməsi sahəsində beynəlxalq əməkdaşlığın miqyaslarını təhlil edir, proqramlar hazırlayır, məlumatların yayılmasına və təhqiqatlara yardım edir, eləcə də beynəlxalq kosmik hüququn inkişafına töhfə verir və bu təşkilatın fəaliyyəti kosmik fəzanın sülh məqsədləri ilə istifadəsi təhqiqatı ilə əlaqədar meydana gələn hüquqi problemlərin müzakirə edilməsi üçün vacib beynəlxalq mexanizm hesab edilir. Hazırda Azərbaycan da daxil olmaqla komitənin 70 üzvü vardır.

Bundan başqa, ilk telekommunikasiya  peykinin hazırlanaraq "Kuru" kosmodromuna gətirilməsi bu ilin oktyabr ayında  və sonrakı 3 ay müddətində isə  orbitə çıxarılması planlaşdırılmışdır. İkinci telekommunikasiya peyki ilə bağlı araşdırma işləri başa çatmaq üzrədir və peykin orbitə çıxarılması isə 2015-ci ilə planlaşdırılır. Yer səthinin müşahidə və tədqiqatı üzrə aşağı orbitli  kiçik həcmli  peykin orbitə çıxarılması isə 2013-cü ilə planlaşdırılır.

 Bu sahədə xarici peykin region üzərində icarəyə götürülməsi isə bu il həll olunmalıdır. Əsas və  ehtiyat idarəetmə mərkəzlərinin tikintisinə başlanılmışdır və bu ilin avqust ayında idarəetmə sisteminin qurulması üçün peyk şirkətinə təhvil veriləcəkdir. Peyk və  peykin idarəetmə və istismarı üçün ABŞ, Fransa və Malayziyada mütəxəssislərin hazırlığı aparılmış  və bu proses bu il də davam etdiriləcəkdir.

Qeyd edim ki, Azərbaycanın ilk telekommunikasiya peyki olan "Azerspace" orbitə buraxılacaqdır. "Azerspace" ABŞ-ın "Orbital Sciences" korporasiyası tərəfindən ən son texnoloji yeniliklərə əsaslanan "Star-2 Bus" platforması üzərində yığılır. Hazırda bu platforma üzərində yığılmış 22 peyk böyük müvəffəqiyyətlə istismar edilməkdədir. Həmçinin qeyd edim ki, peyk geostasionar orbitə Fransanın "Arianespace" şirkətinin öz yüksək etibarlılığı ilə seçilən "Ariane-5" raket daşıyıcısı ilə çıxarılacaqdır.

Hazırda ölkə ərazisində peykin idarə edilməsini həyata keçirmək üçün ən yüksək beynəlxalq tələblərə cavab verən əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə mərkəzləri inşa edilir. "Azerspace" peyki Malayziya hökumətinə məxsus və Malayziyanın "Measat Satellite Systems" şirkəti tərəfindən istifadə edilən 46 şərq uzunluğu orbital mövqesinə çıxarılacaqdır.
Peykdə C və Ku tezlik zolaqlarında fəaliyyət göstərən 36 transponder mövcud olacaq və peyk üzərindən Şərqi Avropa, Şimali Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionuna yüksək keyfiyyətli yayım xidməti göstəriləcəkdir.

Sualın ikinci hissəsinə gəldikdə isə bildirim ki, hazırda Azərbaycanda beynəlxalq və şəhərlərarası rabitənin bir hissəsi, radio-televiziya yayımının isə əsas hissəsi peyk rabitəsi vasitəsilə təşkil olunur. Böyük həcmli informasiyanın respublika daxilində və eləcə də tranzit olaraq digər ölkələrə ötürülməsində mövcud fiber-optik kabel şəbəkələrinə yeganə alternativ olaraq məhz peyk sistemlərindən istifadə olunur.

Bu baxımdan, Azərbaycanda televiziya və radioyayım, eləcə də telekommunikasiya xidmətləri göstərən qurumlar tərəfindən müxtəlif peyklərdən tutumlar icarə edilir və buna böyük vəsait xərclənir. Həmçinin, ölkə ərazisinin relyefinin 50%-dən artıq hissəsinin dağlıq ərazi olduğu və peyk rabitə sistemlərinin daha operativ təşkilinin mümkünlüyü nəzərə alınarsa, gələcəkdə bu xidmətə olan tələbatın təxminən 4 dəfəyə qədər artacağı gözlənilir.

Buna görə də, Azərbaycanda peyk rabitəsi xidmətlərinin daha geniş və keyfiyyətli təşkili istiqamətində ölkəyə məxsus geostasionar peyklərin orbitə çıxarılmasının ölkə iqtisadiyyatına böyük töhfəhəsi olacağını düşünürəm. "Azerspace" peyki orbitə buraxılandan sonra Naxçıvan MR-in ərazisi də daxil olmaqla Azərbaycanın bütün ərazisində keyfiyyətli televiziya və radioyayımı, o cümlədən sürətli İP xidmətlərin, VPN və digər data xidmətlərin göstərilməsi təmin ediləcək, ötürülən məlumatlara daha yaxşı nəzarət ediləcək, distant təhsil və "e-səhiyyə" kimi digər proqramlar üçün ideal platforma yaradılacaq, yerüstü fiber-optik şəbəkənin zədələndiyi hallarda fəlakətin aradan qaldırılması üçün səmərəli və sürətli həll yolu olacaq, habelə rabitənin təhlükəsizliyinin təmin edilməsi üçün müasir şifrələmə texnologiyası ilə mühafizə olunan rabitə qurulacaq və ya hər hansı potensial təhlükəyə qarşı dərhal tədbirlər görülməsi mümkün olacaqdır.
Bundan başqa, telekommunikasiya peykinin hazırlanaraq orbitə çıxarılması siyasi, iqtisadi, texniki sahədə əldə ediləcək əhəmiyyətli uğurlarla bir çox  sahələrin inkişafına təkan verəcəkdir.

Bura qlobal informasiya məkanına inteqrasiyanın genişləndirilməsi, hüquqi və fiziki şəxslərin peyk şəbəkələrinə qoşulma imkanlarının təmin edilməsi, respublika ərazisində yaşayan əhalinin yüksək keyfiyyətli peyk rabitəsi, radio və televiziya yayımı ilə təmin edilməsi, ölkəmizdə ətraf mühitin monitorinqi və texnogen mənşəli fövqəladə halların proqnozlaşdırılması, dənizdə və quruda neft dağılmalarının miqyasının müəyyənləşdirilməsi kimi məsələlər daxildir. Yeni iş yerlərinin yaranması və  sahə üçün mütəxəssislərin hazırlanması məsələrini də əlavə etsək, onda süni peykin orbitə buraxılmasının həm əhali, həm də ölkəmiz üçün yeni  töhfələr verəcəyini  qeyd etmək lazımdır.

Qeyd edilən və digər məsələlər bilavasitə respublikanın sadə vətəndaşlarının sosial həyatı ilə əlaqədar olduğundan peykin orbitə çıxarılması ilə bu məsələlərin həllinə nail olunacaqdır.
 
Azərbaycan hansı beynəlxalq layihələrdə iştirak edir və onun respublikamıza faydası nədir?

Bu gün Azərbaycan bir neçə böyük regional layihələrə cəlb olunub. Onlardan
xüsusi olaraq "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM), Regional İnnovasiya Zonası (RİZ), Azərbaycanın ilk telekommunikasiya peyki olan "Azerspace" və "Avropa-Asiya Yüksəksürətli İnformasiya Magistralı" layihələrini qeyd etmək olar.   

Avrasiya regionunda dünyanın inkişaf etmiş cəmiyyətləri ilə müqayisədə insanların səmərəli qiymətlərlə internetə qoşulma imkanlarının məhdud olmasını, istehlakçıların qoşulma üçün həddən artıq yüksək haqq ödəməsini və regionun beynəlxalq qoşulmalarla zəif təchizatı sahəsində dünyada mövcud olan "rəqəmli fərqliliyi" nəzərə alaraq Azərbaycanın  "Trans-Avrasiya Super İnformasiya Magistralı"nın" (TASİM) yaradılması təşəbbüsü ilə  çıxış etməsi regional əhəmiyyətə malikdir. Bu layihə İKT-nin çox yüksək inkişafına malik olan iki nəhəng regionu - Qərbi Avropanı və Sakit okean hövzəsində olan Şərqi Asiyanı birləşdirərək magistral üzərində yerləşən, qonşu olan və qeyd olunan regionlarla müqayisədə zəif inkişaf etmiş təxminən 20 ölkəni əhatə edəcəkdir. Hazırda layihənin reallaşdırılması və beynəlxalq dəstəyin əldə olunması üzrə region ölkələri və beynəlxalq təşkilatlarla birgə işlər görülür.

Avrasiya regionunda "rəqəmli fərqliliyi" aradan qaldırmaq və ümumilikdə iştirakçı ölkələrin bu layihənin sosial-iqtisadi səmərəliliyindən bəhrələnməsi məqsədilə Azərbaycan hökuməti sözügedən layihənin BMT-nin Baş Assambleyasında müzakirə edilməsinə və Assambleyanın 64-cü sessiyasında bu barədə qətnamənin yekdilliklə qəbul edilməsinə nail olmuşdur.

Qətnamədə bu layihənin regionda nəinki İKT-nin, həmçinin minilliyin məqsədlərinə - yoxsulluğun və savadsızlığın azaldılmasına, ümumiyyətlə, sosial-iqtisadi inkişafın sürətlənməsinə təkan verəcəyi, eləcə də Azərbaycanın layihənin həyata keçirilməsi üzrə regional səyləri koordinasiya etmək təşəbbüsü alqışlanmışdır. Hazırda layihənin reallaşdırılması üzrə işlər davam etdirilir.
Azərbaycanın  "Europe Persia Express Gateway"  layihəsində iştirak etməsi, ölkəmizin "texnoloji hub"a çevrilməsi strategiyasının bir hissəsi olaraq, Azərbaycanı yeni tranzit marşrutunun yaradılması üçün istifadə etməyə imkan yaradır.

Güman edirik ki, Azərbaycanın bu layihədə iştirakı ölkəmizin beynəlxalq interneti  ilə bağlantını yaxşılaşdıracaq. Ümumiyyətlə, layihə sayəsində Avropadan Omana, Frankfurt şəhərindən başlayaraq Polşa-Ukrayna-Rusiya-Azərbaycan-İran və Oman ərazisindən keçməklə çox böyük tutumlu, keyfiyyətli rabitə kanallarının Asiya ölkələrinə çatdırılması təmin ediləcəkdir. Bu marşrut Avropadan Asiyaya olan dənizaltı kabellərə alternativ olaraq ən qısa yoldur. Azərbaycan bu layihədə tranzit ölkə kimi həm əsas, həm də ehtiyat marşrut olaraq seçilmişdir. Adı çəkilən layihədə iştirak, Azərbaycanın "Delta Telekom"  operatorunun yüksək texnoloji səviyyəsini  göstərir.

Ümumilikdə Azərbaycan böyük coğrafi və kommersiya potensialına malikdir ki, bu da ölkənin "texnoloji hub" olmasına təkan verir. TASİM, "Azərkosmos", "Avropa-Asiya Yüksəksürətli İnformasiya Magistralı" və Regional İnnovasiya Zonası layihələri qarşıya qoyulan məqsədlərə çatmaqda bizə dəstək olacaq.
 
- Bu gün ölkədə "Rəqəmli TV"-nin tətbiqi ilə bağlı həyata keçirilən işlər deməyə əsas verir ki, Beynəlxalq Telekommunikasiya İttifaqının müəyyənləşdirdiyi vaxtdan əvvəl Azərbaycanda analoq yayım dayandırılacaq. Bir neçə versiyalar səslənir; dəqiqləşdirmək istərdik, "Rəqəmli TV" yayımı hansı formada həyata keçiriləcək?
 
-Beynəlxalq Telekommunikasiya İttifaqının 2006-cı ildə qəbul etdiyi qərara uyğun olaraq dünyanın bütün ölkələrinin 2015-ci ilədək rəqəmli televiziya yayımına keçid nəzərdə tutulmuşdur. Respublikada informasiya texnologiyalarının  sürətlə inkişaf etdiyi bir dövrdə qeyd olunan keçidin daha qısa müddətdə həyata keçirilməsi üçün potensial imkanların  olduğunu nəzərə alaraq, bu sahədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir.

Belə ki, Nazirlər Kabinetinin 10 fevral 2011-ci il tarixli qərarında rəqəmli yayıma keçidin 2013-cü ilin sonuna qədər başa çatdırılması nəzərdə tutulsa da, RİTN tərəfindən görülən tədbirlər nəticəsində artıq respublikanın əhali yaşayan ərazisinin  85%-dən çoxu rəqəmli televiziya yayımı ilə təmin edilmişdir və 2012-ci ilin sonuna qədər analoq yayımının dayandırılması  üçün tədbirlər davam etdirilir.

Əhali tərəfindən rəqəmli televiziyanın qəbulu məqsədilə hazırda geniş izahat-təbliğat işləri aparılır, analoq yayımını qəbul edən televizorlardan istifadə üçün çevirici qurğuların respublikada istehsalı və respublikaya gətirilməsi işlərinə başlanılmışdır. Eyni zamanda əhali tərəfindən  yalnız rəqəmli televizorların alınması vacib sayılır. Aztəminatlı ailələrin çevirici qurğularla dövlətin yardımı ilə  təmin edilməsi üçün  Milli Teleradio Şurası tərəfindən aidiyyəti üzrə təkliflər verilmişdir. Hazırda analoq və rəqəmli yayım paralel aparılır və rəqəmli televiziya yayımına keçidin başa çatdırılması ilə analoq yayımın dayandırılması nəzərdə tutulur.

-"E-imza"nın tətbiqi artıq uğurla reallaşıb. Bizdə olan məlumata görə, bu günədək 900-ə qədər elektron imza sertifkatı reallaşdırılıb. "E-imza" insanlara nə kimi üstünlüklər verəcək? Cənab nazir,  Siz özünüz "e-imza"dan istifadə edirsinizmi?

-Bu gün dövlət orqanları tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin böyük bir qismi, məsələn, rəsmi sənədlərin verilməsi, bəyannamələrin, ərizələrin təqdim olunması və s. xidmətlərə müraciət edən şəxslərin birmənalı olaraq identifikasiyasını tələb edir, həmçinin dövlət orqanları arasında elektron sənədlərin dövriyyəsini şərtləndirir.

Bu baxımdan elektron imzanın tətbiqi əsas etibarı ilə əhalinin "elektron hökumət" xidmətlərindən geniş istifadəsinə şərait yaradacaq və informasiya mübadiləsi prosesində onların fərdi məlumatlarının təhlükəsizliyini və etibarlılığını təmin edəcəkdir. Elektron imza elektron xidmətlərə istifadəçilərin çıxış imkanlarını artıracaq, onlara daha müasir, rahat və keyfiyyətli xidmətlərin göstərilməsini, eləcə də "e-hökumət" və "e-ticarət" həllərindən istifadəni  genişləndirəcəkdir.
Sualınızın ikinci hissəsi ilə bağlı deyə bilərəm ki, bəli, "elektron imza"m var.

-2011-ci ilin yekunları zamanı məlum oldu ki, İKT sektoru üzrə istehsal potensialı 50 faiz artıb. Məlumdur ki, bu gün ölkəmizdə yerli istehsal hökumət səviyyəsində stimullaşdırılır. Yaxın gələcəkdə İKT sahəsində yerli istehsalın həcmini nələrin hesabına daha da artırmaq olar?

-İqtisadiyyatın bütün sahələrində İKT-nin intensiv istifadəsi və əhalinin gündəlik həyatına nüfuz edən texnoloji yeniliklər ölkə iqtisadiyyatının İKT məhsullarına və xidmətlərinə olan tələbatını artırmışdır.

Bunun nəticəsidir ki, ölkənin İKT bazarının həcmi sürətli dinamika ilə artır, İKT məhsullarına olan tələb isə davamlı olaraq artan templə yüksəlir. Bu isə öz növbəsində istehsalın artmasına şərait yaradan amilə çevrilir. RİTN tərəfindən iqtisadiyyatın müasir meyilləri nəzərə alınmaqla İKT sahəsində yerli istehsalı stimullaşdırmaq məqsədilə bir neçə layihə üzərində ciddi işlər aparılır.

Bildiyiniz kimi, 2009-cu ildə "Xüsusi iqtisadi zonalar haqqında" Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir. Bu qanuna əsasən XİZ-lərdə fəaliyyət göstərən şirkətlər bir sıra iqtisadi güzəştlər əldə edirlər. İKT şirkətlərinin qanunda əks olunan güzəştlərə sahib olması üçün RİTN-də Regional İnnovasiya Zonası (RİZ) layihəsi həyata keçirilir. RİZ layihəsi çərçivəsində İKT məhsullarının istehsalı üzrə ixtisaslaşmış texnoparkın yaradılması nəzərdə tutulur.

 Yerli istehsalın stimullaşdırılması və yerli şirkətlərin rəqabət qabiliyyətini artırmaq məqsədi ilə RİTN-in mütəxəssisləri və ekspertlər tərəfindən bir sıra araşdırmalar aparılmışdır. Bu araşdırmalara əsasən müəyyən edilmişdir ki, ixracyönümlü istehsalın artımı məqsədilə xüsusi iqtisadi güzəştlərə ehtiyac vardır. Araşdırmaların nəticəsi olaraq, İKT sektoru üzrə xüsusi iqtisadi rejim haqqında təkliflər paketi hazırlanmış və Azərbaycan Respublikası Prezidenti Administrasiyasına təqdim edilmişdir. Bu təkliflər paketində İKT şirkətlərinin fəaliyyətinin təşviqi məqsədilə tətbiq olunması mümkün olan vergi və gömrük güzəştləri qeyd edilmişdir. RİTN-in həyata keçirdiyi sonuncu layihə isə ekspertlərin də müsbət qarşıladığı İKT sektoru üzrə İnvestisiya Fondunun yaradılmasıdır.

-İKT sektoru üzrə İnvestisiya Fondunun yaradılması fikri maraqla qarşılanıb. Bu fondun yaradılmasında məqsəd nədən ibarətdir?

-Bu fondu yaratmaqda əsas məqsəd İKT sektoruna daxil olan yeni Azərbaycan şirkətlərinə dəstək olmaq və bu yolla İKT sahəsinin inkişafına təkan verməkdir. İnvestisiya Fondunun qarşısında yeni elmtutumlu və innovasiyayönümlü layihələrin yaradılması, ixtisaslı mütəxəssislərin layihələrə cəlb olunması, mikro və nanoelektronika sahəsində istehsal, proqram təminat və region bazarlarına informasiya verilməsi kimi vacib məsələlər üzrə dövlətin maliyyə resurslarından istifadə imkanı yaratmaq məqsədi qoyulmuşdur.

İKT sahəsində fəaliyyət göstərən yerli şirkətlərin rəqabət qabiliyyətini artırmaq və bu şirkətlərə xarici investisiyaların cəlb olunmasına xidmət göstərmək fondun İKT sektorunun iqtisadi durumunun inkişafına yönələn prioritet fəaliyyət istiqaməti olacaqdır.

RİTN-in diqqət mərkəzində saxladığı əsas məqam İKT sahəsi üzrə yüksək biliklərə malik olan azərbaycanlı mütəxəssislərin işlə təmin olunmasıdır. İxtisaslaşmış İnvestisiya Fondunun vacib məqsədlərindən biri belə gənc istedadların yeni layihələr ətrafında cəmləşməsini təmin etməkdir. Fondun dəstəyi sayəsində elmi-tədqiqat və innovativ işlə məşğul olmaq istəyən mütəxəssislərin startap-layihələrə cəlb olunması, bu kimi yeni firmaların qısa müddət ərzində uğurla möhkəmlənməsi və mənfəət əldə edilən səviyyəyə çatmasına nail olmaq mümkün olacaqdır.

-Təbii sərvətlərdən texnoloji və innovasiya tutumlu iqtisadiyyata keçid hansı formada reallaşdırılmalıdır? 
 
-Təbii ehtiyatlar xalqımızın ən qiymətli sərvətidir, amma neft-qaz ehtiyatlarının artım potensialı  tükənmək xüsusiyyətinə malikdir və yaxın illərdə təbii ehtiyatların hasilat səviyyəsi stabil olaraq qalacaqdır. Bu səbəbdən ölkə iqtisadiyyatının təbii ehtiyatlardan texnoloji və innovasiya tutumlu iqtisadiyyata transformasiya olunması hökumət qarşısında duran vacib  məsələlərdən biridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təbii sərvətlərə əsaslanan iqtisadiyyatdan texnoloji tutumlu və biliklərə əsaslanan iqtisadiyyata keçid yolunda İKT-ni prioritet sahə elan etmişdir. Cənab Prezidentin İKT sahəsinə göstərdiyi diqqət və qayğı, məqsədyönlü və uzaqgörən siyasət, həyata keçirilən region əhəmiyyətli layihələr və dövlət proqramları İKT-ni iqtisadi transformasiyanın vacib həlqəsinə çevirmişdir.

Hesab edirəm ki, təbii sərvətlərdən texnoloji və innovasiya tutumlu iqtisadiyyata keçidin reallaşdırılması üçün hüquqi bazanın təkmilləşdirilməsi ilk addım olmalıdır. Burada texnoloji və innovativ tutumlu şirkətlərin dövlət tərəfindən xüsusi güzəştlər ilə dəstəklənməsi böyük əhəmiyyət kəsb edir. Bu güzəştlər öz növbəsində texnologiya, elm və innovasiya tutumlu şirkətlərə xarici və yerli investisiyaların qoyulması prosesini sürətləndirməlidir.

Yüksək texnologiyalara və innovasiyalara əsaslanan iqtisadiyyatın bərqərar olması insan resursunun inkişafı ilə bilavasitə əlaqədardır. Yalnız insan faktoru innovasiyanın daşıyıcısı rolunda çıxış edir və yeni ideyaların yaranmasına şərait yaradır. Bu səbəbdən ölkə iqtisadiyyatında səmərəliliyə nail olmaq üçün istifadə olunan texnika və texnologiya ilə yanaşı, həmçinin insan resursunun inkişafına da ciddi diqqət ayrılır.

- İnternetin kəmiyyət, keyfiyyət və tarif siyasətində hər hansı bir yenilik gözlənilirmi?

-Hazırda Azərbaycanda internetin inkişafı üçün böyük potensial mövcuddur. Respublika ərazisinin fiber-optik magistral şəbəkələrlə tam əhatə olunması, bütün yaşayış məntəqələrinin telefonlaşdırılması və telefon şəbəkəsinin elektronlaşdırılması və mobil telefon şəbəkələrində "3G" texnologiyasının, həmçinin yaxın gələcəkdə "4G" (LTE) xidmətlərinin tətbiqi ölkənin istənilən nöqtəsində yüksəksürətli internetə çıxış imkanı yaradır.

Bu seqmentdə özəl sektorun rolu davamlı olaraq artmaqdadır. Ölkədə 40-a yaxın internet xidmət provayderi və 600-dən çox internet-klub fəaliyyət göstərir. Hazırda ölkəmizin qlobal internet şəbəkəsində qoşulma  sürəti 100 Gbit\saniyəni ötmüşdür ki, bu da respublikamıza bölgə ölkələrinə internet xidmətlərini ixrac etməyə imkan verir. Əhalinin internetdən istifadəsini genişləndirmək məqsədilə ölkədə son 4 ildə internetin qiyməti 10 dəfəyədək azaldılmışdır.

Bu sahədə gözlənilən yeniliklərə gəldikdə isə, ilk növbədə genişzolaqlı internet xidmətləri ilə bağlı mövcud vəziyyət, 2015-ci ilədək proqnozlar  və eyni zamanda, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Rəqəmli İnkişaf üzrə Genişzolaqlı Komissiyasının müəyyənləşdirdiyi hədəflərə uyğun olaraq hazırladığımız "Azərbaycanda genişzolaqlı internet xidmətlərinin inkişafı üzrə Fəaliyyət Proqramı"nı qeyd etmək istəyirəm.

Bu proqramın reallaşması ilə ölkəmizin BTİ və digər mötəbər beynəlxalq təşkilatlarda reytinqinin, genişzolaqlı internet infrastrukturunun potensialının və ondan istifadə imkanlarının artırılması, habelə ictimai yerlərdə yüksəksürətli internetə simsiz çıxış təmin ediləcəkdir. Bununla yanaşı, milli kontent inkişaf etdiriləcək və ölkədaxili trafikin həcmi artacaqdır.

-Dünyanın bir çox ölkəsində stasionar telefonlardan danışıqlara limit tətbiq edilir və əhali danışdığı dəqiqəyə görə ödəniş edir. Bu sistemin tətbiqinin əhali üçün  üstünlükləri mövcuddur. Bilmək istərdik, bu üstünlüklər nədən ibarətdir və ölkəmizdə belə bir tarif planının tətbiqi reallaşa bilərmi? 

-Bu gün ölkəmizdə rabitənin müasir standartlara uyğun inkişafı və yeni xidmət növlərinin tətbiqi şəraitində çevik tarif siyasəti yürüdülür. Bu tarif  siyasətinin əsasını  telekommunikasiya operatorlarının şəbəkənin inkişafına şərait yaratmaq və göstərilən xidmətlərin bütün kateqoriyadan olan istifadəçilər üçün sərfəli olması təşkil edir.

Bu istiqamətdə atılacaq addımlardan biri də limitli tarif paketidir. Qeyd edim ki, dünya ölkələrində bu tarif planının tətbiqi üzrə müxtəlif variantlardan istifadə olunur və müxtəlif yanaşmalar mövcuddur. Hazırda MDB ölkələrində limitsiz tariflərlə yanaşı, limitli tarif paketindən də istifadə olunur və bu tarifin ölkəmizdə də tətbiqi zəruridir.

Limitli tariflərin tətbiqi ölkəmizdə telekommunikasiya şəbəkəsinin artıq yüklənmədən azad olmasına və israfçılığın qarşısının alınmasına səbəb olacaqdır ki, bu da öz növbəsində əhalinin internet, o cümlədən digər yeni xidmətlərdən daha keyfiyyətli istifadəsinə imkan verəcəkdir.
Hazırda əhalinin telefondan istifadə səviyyəsinin analizi və şəbəkədə bu sistemi dəstəkləyən yeni texnologiyaların tam tətbiqi istiqamətində işlər aparılır.

Qeyd olunan sistemin tətbiqi ilə əlaqədar hazırlanacaq təkliflərdə əhalinin aztəminatlı hissəsinin maddi vəziyyəti, abunəçilərin seçim imkanlığının yaradılması və rabitə operatorlarının investisiya imkanlığının genişləndirilməsi faktorları nəzərə alınacaqdır.

- Cənab nazir, ölkədə fəaliyyət göstərən mobil operatorlar dəfələrlə "3G" xidmətinin göstərilməsi üçün texniki baxımdan tam hazır olduqlarını bildirdilər. Nazirlik lisenziya təqdim etdi və ölkədə bu xidmətin tətbiqi rəsmən təsdiqləndi. Xeyli müddət keçməsinə baxmayaraq, "3G" xidməti əhali arasında populyarlaşmadı. Bu gün "4G" texnologiyasının tətbiqi gündəmdədir. Buna münasibətiniz?

-Ötən ilin noyabr ayında respublikamızda fəaliyyət göstərən digər iki mobil operatora da 3-cü nəsil (3G) mobil rabitə xidmətləri sahəsində fəaliyyət üçün xüsusi razılıq  (lisenziya) verildi. 

Qısa müddət ərzində Azərbaycanda "3G" xidmətindən istifadə edənlərin sayı təxminən 2 milyonu ötmüşdü. Təqdim olunan xidmət səviyyəsinin daha da artırılması, telekommunikasiya bazarının təhlil edilərək vaxtında uyğun tədbirlərin görülməsi onu deməyə əsas verir ki, yaxın gələcəkdə həmin xidmətdən istifadə edənlərin sayı daha da artacaqdır.

 Yeni texnologiyalar nazirlik  tərəfindən daim öyrənilir və tətbiqi üçün lazımi işlər görülür. "4G" (LTE) xidmətinin tətbiqi ilə bağlı hazırda araşdırmalar və məsləhətləşmələr aparılır. Nəticəyə uyğun xidmətin respublikamızda tətbiqi məsələsi ilə bağlı yaxın vaxtlarda  qərar veriləcəkdir.

- İKT sahəsində fəaliyyət göstərən özəl şirkətlərin  fəaliyyəti ilə bağlı münbit şəraitin yaradılması üçün hansı işlər görülüb və bu gün onların fəaliyyəti qənaətbəxşdirmi? 

-"Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının  Qanununa əsasən, telekommunikasiya sahəsində fəaliyyət göstərən operatorlar, provayderlər,  digər hüquqi və fiziki şəxslər, habelə avadanlıqların istehsalçıları və təchizatçıları telekommunikasiya şəbəkələrinin yaradılmasında və inkişaf etdirilməsində, xidmətlərin göstərilməsində bərabərhüquqlu subyektlər hesab edilirlər.

Hazırda respublikamızda İKT sahəsində fəaliyyət göstərən özəl şirkətlərin fəaliyyətinə dövlət tərəfindən lazımi dəstək verilir.
Təsadüfi deyildir ki, bu sahədə çox sayda  özəl müəssisə, operator və provayderlər fəaliyyətdədir. İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin çoxu qeyri-dövlət rabitə müəssisələrinin payına düşür. Yuxarıda qeyd etdiyim kimi, 3-cü nəsil (3G) mobil rabitə xidmətləri üzrə özəl operatorlara lisenziyaların verilməsi,  internet xidmətləri üzrə tariflərin son illər ərzində dəfələrlə aşağı düşməsi , genişzolaqlı internetin çəkisinin sürətlə artması, regionlarda provayderlərin fəaliyyəti üçün əlverişli şəraitin yaradılması bu bazarda rəqabət şəraitini yaxşılaşdırmaqla yanaşı, provayderlərin istifadəçilərə göstərdiyi xidmətlərin keyfiyyətinin artırılmasına xidmət edir.

- Bu il BMT-nin təşəbbüsü ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan İnternetin İdarə Olunması üzrə Beynəlxalq Forum haqqında fikirlərinizi bilmək maraqlı olardı...

-Çox sevindirici haldır ki, İnternet İdarəçilik Forumu (Internet Governance Forum-IGF) kimi mötəbər tədbir bu il Azərbaycanda keçirilməsi planlaşdırılır. 

Qeyd edim ki, respublikamızda informasiya cəmiyyətinin qurulması istiqamətində dövlət səviyyəsində məqsədyönlü işlərin aparılması nəticəsində, forumun Azərbaycanda keçirilməsi üçün təşəbbüs irəli sürülmüşdür. "İGF" katibliyi və bəzi ölkələr, xüsusilə də ABŞ, "İGF"-nin növbəti, yəni 2012-ci ildə keçirilməsi nəzərdə tutulan forumuna məhz Bakı şəhərinin ev sahibliyini tövsiyə etmişdir. "İGF" prosesini BMT-nin Baş katibinin müavini cənab Şa Zukanq əlaqələndirir və o, növbəti forumun iclasının Bakı şəhərində keçirilməsini arzulayıb.

Bu gün "İGF" qlobal internet şəbəkəsinin dayanıqlı inkişafı və təhlükəsizliyinin təmin olunması funksiyasını yerinə yetirir və gələcəkdə internetin beynəlxalq idarə edilməsi prinsiplərini formalaşdırır. Tədbir genişmiqyaslı olub dünya ölkələrindən hökumət, özəl sektor, ictimai və beynəlxalq təşkilatlardan 2500-dək iştirakçını cəlb edir.

- İldən-ilə  İKT sektoru yüksək templə inkişaf edir. Təbii ki, belə olan halda kadr potensialına da tələbat yaranır.  İKT sahəsində kadr məsələsi necə həll olunur?

-Müasir tələblərə cavab verən İKT infrastrukturunun qurulması ilə bərabər, insan kapitalının da formalaşdırılması  zəruri məsələdir.

 Bu istiqamətdə xüsusi olaraq  "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" təsdiq olunmuş və  bu Proqram çərçivəsində çoxlu sayda gənc  dünyanın tanınmış universitetlərində təhsil alırlar.  RİTN- də  "İKT-nin İnkişafı Naminə İnsan Resursları Fondu" yaradılmış və dünyanın nüfuzlu informasiya texnologiyaları universitetləri ilə anlaşma memorandumları imzalanmışdır. Artıq  160 yaxın gəncin bakalavr və magistr pillələrində dünyanın aparıcı universitetlərində təhsil almalarına dəstək verilir.

Həmçinin, RİTN-in Azərbaycan Milli Elmlər Akademiyası ilə birgə həyata keçirdiyi "AzGRİD" layihəsi çərçivəsində yüksək texnologiyalar üzrə gənc alim və mütəxəssislərin  hazırlanmasına, onların tanınmış beynəlxalq elmi mərkəzlərdə təcrübə keçməsinə dəstək göstərilir.

-Cənab nazir, demək olar ki, bu gün dünyanın hər bir ölkəsində İKT sahəsində şəhərlə kənd arasında rəqəmsal  fərq var.  Bunu necə izah edərdiniz?

- Bu gün nəinki şəhər və kəndlər, həm də qitələr, regionlar və ölkələr arasında rəqəmsal uçurum mövcuddur. Qeyd edim ki, Beynəlxalq Telekommunikasiya İttifaqının 2011-ci il üzrə qiymətləndirmələrinə görə, internetin yayılma səviyyəsi inkişaf etmiş ölkələrdə 73,8%, inkişaf etməkdə olan ölkələrdə isə 26,3%, sabit telefon şəbəkəsinin inkişaf səviyyəsi Avropa ölkələrində 39,1%, MDB ölkələrində 26,3%, Afrikada 1,4%, mobil şəbəkənin yayılma səviyyəsi Avropa ölkələrində hər 100 nəfərə 119 ədəd, MDB ölkələrində 143 ədəd, Afrika ölkələrində isə 53 ədəd təşkil edir. Dünyada mövcud olan rəqəmsal fərqi qeyd etmək üçün daha çox nümunələr göstərmək olar.

Təbii ki, bu uçurum şəhər və kəndlər arasında da mövcuddur. Hər bir dövlətin İKT siyasətində əsas hədəflərdən biri də ölkədə sosial təbəqələr və coğrafi məkanlar arasında olan rəqəmli fərqi aradan götürmək və İKT-nin yaratdığı üstünlüklərindən ölkənin hətta ən ucqar yaşayış məntəqələrində yaşayan insanların istifadəsinə imkan yaratmaqdır.
 
Bu istiqamətdə Azərbaycanda da çox ciddi tədbirlər görülür və layihələr həyata keçirilir. Bu gün artıq ölkənin ən ucqar yaşayış məntəqələrində belə telefon rabitəsi imkanlığı yaradılmışdır, ölkənin telefon şəbəkəsi tam elektronlaşdırılmışdır və 1200 kənd ATS-dən 720-də optik bağlantı və ADSL xidməti göstərilməsi təmin edilmişdir.

Görülmüş işlərin nəticəsidir ki, son 5 il ərzində kənd ATS-lərinin elektronlaşma faizi 71%-dən 100%-ə, hər 100 nəfərə düşən sabit şəbəkə abunəçilərinin sayı kəndlərdə 5,9-dan 7,1-ə yüksəlmişdir. Bu bir dövlət, iki özəl şirkət tərəfindən Azərbaycan ərazisi optik kabel vasitəsi ilə informasiya şəbəkələri ilə təmin olunur. Artıq bütün rayon mərkəzləri və 30 faiz kəndlər optik şəbəkəyə qoşulub.  Bürün kəndlərin optik şəbəkə ilə tam əhatə olunması isə 2013-cü ilin birinci yarsına planlaşdırılıb.

Hesab edirəm ki, şəhər və kəndlər arasında rəqəmsal uçurumun olmaması hər bir ölkənin İKT siyasətinin əsas istiqamətlərindən biridir və bu sahədə Azərbaycanda işlər məqsədyönlü şəkildə həyata keçirilir.

- Ölkədə İKT xidmətlərinin tətbiqi ilə bağlı lazımi işlər  həyata keçirilir. Ancaq bu xidmətlərdən lazımi səviyyədə istifadə olunmur. Sizcə, səbəb nədir? 

-Məlum olduğu kimi, kommunikasiya texnologiyaları, kompyuterlər, mikro-elektronika, nanotexnologiya və s. informasiya cəmiyyətinə keçidi təmin edən və informasiya texnologiyaları inqilabına səbəb olan texnologiyalardır.

Sözügedən inqilablar meydana gələndə onlardan ilk olaraq bəhrələnən və ya çox keçmədən müəyyən nəticələr əldə edən İngiltərə, Fransa, Almaniya, İsveç, ABŞ və s. ölkələr iqtisadi inkişafı təmin edən yeni texnologiyalar yaratdılar və dünya iqtisadiyyatında əhəmiyyətli yer əldə etdilər. Həmin ölkələr bunun məntiqi davamı kimi bu gün də İKT sahəsində dünyada lider ölkələrdəndir.

Deməli, burada əhəmiyyət kəsb edən xüsusiyyət, dövrün mövcud müasir texnologiyalarının istifadə və istehsalını doğru şəkildə həyata keçirməkdir. Beləliklə, İKT sahəsində lider olmaq və iqtisadi inkişafı təmin etmək üçün informasiya cəmiyyətini səciyyələndirən informasiya və kommunikasiya texnologiyaları və digər yeni texnologiyaların ilk mərhələdə istifadəçisi və daha sonra istehsalçısına çevrilmək həyati zərurətdir. Yalnız belə olduğu halda ölkələr yüksək standartlar çərçivəsində inkişafı təmin edə bilirlər.

Son illərin statistikası göstərir ki, Azərbaycan İKT sahəsində regionda liderliyini qoruyur. Bu, şübhəsiz ki, müəyyən faktorlara söykənir. Hələ bir neçə il bundan əvvəl Azərbaycanda İKT sektorunu inkişaf etdirmək barədə formalaşan "İKT sahəsi üzrə dünya standartlarına uyğun qanunvericiliyin formalaşması Azərbaycanı yaxın bir zamanda İKT üzrə regional liderə çevirə bilər" fikri zaman keçdikcə geridə qalmış oldu  "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında", "Elektron imza və elektron sənəd haqqında", "Elektron ticarət haqqında", "İnformasiya əldə etmək haqqında", "Telekommunikasiya haq¬qında", "Poçt haqqında",  "Azərbaycan Respublikası əhalisinin dövlət reyestri haqqında", "Biometrik informasiya haqqında", "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının qanunları qəbul olundu.

Bu qanunlarda rabitə və informasiya texnologiyaları sahəsi üzrə geniş islahatların aparılması, telekommunikasiya şəbəkələrində geniş modernləşmə işlərinin həyata keçirilməsi, xüsusiləşdirilmiş sərbəst iqtisadi zona-texnopark yaratmaq və s. nəzərdə tutulması gələcək perspektivlərin konturlarını müəyyənləşdirdi.

Azərbaycanda İKT sahəsində əldə olunan uğurlar müvafiq olaraq cəmiyyətin xarakterinə də təsir etdi. Azərbaycanda informasiya cəmiyyətinin formalaşmasını daha da sürətləndirən və onun İKT sahəsində regionda liderliyini möhkəmləndirən amillərin sırasında insan faktorunu və rəqabəti unutmaq olmaz. İnkişaf rəqabətin məhsuludur və hər bir mərhələ müəyyən zaman tələb edir. İnnovasiya sistemlərindən bəhrələnərək İKT infrastrukturunun durmadan yüksəldilməsi əlaqəli olaraq digər proseslərin, o cümlədən istifadəçilər tərəfindən yeni texnologiyaların mənimsənməsi ilə bağlıdır.

Fikrimizcə, Azərbaycanda İKT istifadəçilərinin xidmətlərdən lazımi səviyyədə istifadə etməməsi barədə fikri təsdiqləmək mümkün deyildir. İzahatdan da göründüyü kimi, bütün dünyada yeni texnologiyalar o qədər sürətlə inkişaf etməkdədir ki, ilk növbədə, onun istifadəçilər tərəfindən mənimsənilməsi müəyyən vaxt tələb edir.

Məsələn, "3G"-dən istifadədə olduğu kimi. Bütün mobil operatorlar tərəfindən tətbiqinə cəmi bir neçə ay bundan əvvəl başlanılmasına baxmayaraq, artıq 2 milyondan çox istifadəçisi vardır. Bu müddət üçün heç də aşağı göstərici deyildir. Başqa bir misal internet-bankçılığı göstərmək olar. Çox az müddət içərisində respublikada bu xidmətlərdən yararlanan istifadəçilərin sayı artmaqdadır.   
 
-İKT-nin cəmiyyətimizin demokratikləşməsində rolu barədə nə deyə bilərsiz?

Qloballaşma proseslərinin cəmiyyətin bütün fəaliyyət sahələrinə nüfuz etməsi ilə geniş vüsət aldığı dövrdə dünyada, o cümlədən də Azərbaycanda əsas məqsəd elmi-texniki tərəqqinin nailiyyətlərindən bəşəriyyətin rifahı naminə istifadə olunmasıdır. Müasir texnologiyaların, internetin  mədəniyyətin, milli-mənəvi dəyərlərin qorunması, azərbaycançılıq ideologiyasının beynəlxalq aləmdə təbliği, Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılması, dünya azərbaycanlılarının həmrəyliyi ideyalarının yayılmasında rolu böyükdür.
İctimai fikrə təsir imkanları baxımından televiziya və radio ilə yanaşı, müasir dövrdə elektron kütləvi informasiya vasitələri xüsusi çəkiyə malikdir.

Bu gün milli informasiya məkanının formalaşması, dünya informasiya məkanına inteqrasiyası, qlobal informasiya sistemlərinin yaradılması proseslərində Azərbaycan fəal iştirak edir. İKT-nin dinamik inkişafı digər sahələrlə yanaşı, televiziya və radio, KİV-in rəqəmsallaşması, fəaliyyət sahəsinin genişlənməsi, KİV-in fəaliyyətində peşəkarlığın artırılması üçün böyük imkanlar yaratmışdır.

Müasir dövrdə ölkəmizin iqtisadi cəhətdən güclənməsi və vətəndaşların maddi rifahının təmin edilməsi vasitəsilə cəmiyyətin mərhələli demokratikləşməsindən və keçid demokratiyasından möhkəmlənmiş, yəni konsolidasiya olunmuş məkana transformasiyası barədə danışmaq olar. İKT-nin cəmiyyətə, sosial-iqtisadi, siyasi, mədəni-mənəvi inkişafa təsiri yeni XXI əsrin insanını, insanlar arasında münasibətləri və yeni istehsal vasitələrini formalaşdırır.

Beləliklə, İKT yeni sosial-iqtisadi formasiyanın- informasiya cəmiyyətinin yaranması və formalaşmasının əsasını, bünövrəsini qoyur. Bu gün fərəhlə deyə bilərik ki, bütün dünyada olduğu kimi, İKT-nin cəmiyyətin demokratikləşməsində, insan hüquqlarının qorunmasında və söz azadlığının təminatındakı rolu ön plana çəkilmişdir.

- Prezident İlham Əliyev bütün yerli və hətta mötəbər beynəlxalq tədbirlərdə,  konfranslarda Azərbaycanda İKT sektorunun prioritet olduğunu, iqtisadiyyatın və gələcək inkişafın birbaşa bu sahə ilə bağlı olduğunu bəyan edir.  Sizcə, cənab Prezidentin bu uzaqgörən siyasəti nəyə və nələrə hesablanıb?
 
-Son illərdə dünyada informasiya və biliklərə əsaslanan rəqabətədavamlı iqtisadiyyatın qurulması, cəmiyyətin informasiya məhsulları və xidmətlərinə tələbatının dolğun ödənilməsi məqsədilə İKT infrastrukturuna və xidmətlərinə çıxışının təmin olunması mühüm əhəmiyyət kəsb edir. İnternet və texnologiyalar həyatımızın əvəzolunmaz tərkib hissəsinə çevrilmiş və iqtisadiyyatın elə bir sahəsi qalmamışdır ki, orada İKT-nin imkanlarından istifadə edilməsin.
Bu məqamlar İKT-nin prioritet elan edilməsini şərtləndirən vacib amillər olublar. Həmçinin, bu siyasət informasiya cəmiyyətinin inkişaf etməsinə, milli informasiya və kommunikasiya infrastrukturunun mütərəqqi texnologiyalar əsasında müasirləşdirilməsinə və  ölkə üzrə əhatəsinin genişlənməsinə xidmət edir.
Cənab Prezident İlham Əliyev ilk dəfə İKT sektorunun prioritet sahə olduğunu elan edərkən Azərbaycan iqtisadiyyatının gələcəyinin bilavasitə bu sahə ilə bağlı olacağını vurğulamışdır. Bu gün tarixən təbii ehtiyatlara əsaslanan Azərbaycan iqtisadiyyatının texnoloji və innovasiya tutumlu iqtisadiyyata keçid  məsələsi aktualdır.
Təbii ehtiyatlardan əldə edilən gəlirlərin qeyri-neft sektorunun inkişafına yönəldilməsi uzunmüddətli inkişafa hesablanmış uzaqgörən siyasətin tərkib hissəsidir və iqtisadiyyatın bir çox sahələri arasından məhz İKT sektorunun ön plana çəkilməsi bilavasitə onunla əlaqədardır ki, İKT müasir həyatımızın ən gəlirli fəaliyyət sahəsinə çevrilmişdir. Fikirlərimi  Prezident İlham Əliyevin  "Euronews" telekanalına verdiyi müsahibə zamanı səsləndirdiyi bu fikirlə yekunlaşdırmaq istəyirəm.  "Mən Azərbaycanda informasiya texnologiyalarının gələcəyini neft və qazı öz zamanında əvəz edə biləcək bir sektor kimi görürəm". 
 



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL