12px13px15px17px
Tarix:15/01/13

MB elektron ödəniş məkanında bank müştərilərinin identifikasiya edilməsinin təkmilləşdirilməsi üçün yeni sistemə keçdi

Azərbaycanda banklararası hesablaşmalarda istifadə olunan bütün bank hesabları standart bank hesab nömrəsinə (İBAN) keçirilib və real rejimdə istifadəyə başlanılıb. Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə Mərkəzi Bankın mətbuat xidmətindən məlumat verilib.

MB bildirir ki, bu addım elektron ödəniş məkanında bank müştərilərinin identifikasiya edilməsinin təkmilləşdirilməsi, ödənişlərin emalı zamanı avtomatlaşdırılma səviyyəsinin yüksəldilməsi və bank hesablarının strukturundakı pərakəndəliyin aradan qaldırılması məqsədilə beynəlxalq təcrübəyə əsaslanaraq atılıb. Mətbuat xidməti bildirir ki, sistemə artıq bu ilin yanvarın 7-dən keçilib. MB vurğulayır ki, “İBAN” - Bankçılıq Standartları üzrə Avropa Komitəsi (ECBS) və Standartlaşdırma üzrə Beynəlxalq Təşkilat (İSO) tərəfindən müəyyən edilmiş “İSO 13616” beynəlxalq standartına uyğun olaraq yaradılan standart bank hesab nömrəsidir. “İBAN” hazırda Avropa ölkələri, Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan, Tunis, MDB ölkələrindən Qazaxıstan və Gürcüstan da daxil olmaqla 61 ölkədə tətbiq edilir. Mərkəzi Bank tərəfindən ölkədə maliyyə institutlarının bank hesablarına “IBAN”-ın tətbiq edilməsi barədə qərarı 17 iyun 2010-cu il tarixində qəbul edilib. “İBAN”-a keçidin təmin edilməsi məqsədilə Mərkəzi Bankın, aparıcı kommersiya banklarının, Banklar Assosiasiyasının və müvafiq dövlət qurumlarının nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb və Tədbirlər Planı təsdiq edilib.

Tədbirlər Planına uyğun olaraq, ödəniş sistemlərinin iştirakçıları üçün açılmış müxbir və submüxbir hesablar 2012-ci ilin mart ayından etibarən “İBAN” strukturuna keçirilərək real rejimdə istifadəsinə başlanılıb: «Ölkədə tətbiq olunan “İBAN” 28 simvoldan ibarət olmaqla aşağıdakı struktura malikdir:

AZ NR BANK HHHH HHHH HHHH HHHH HHHH

Burada, AZ - Azərbaycan Respublikasının ölkə kodudur (“AZ”).

NR - hesabın doğruluğunun yoxlanılması üçün nəzarət rəqəmləridir.

BANK - maliyyə institutunun SWIFT BIC -inin ilk 4 simvoludur.

HHHHHHHHHHHHHHHHHHHHH - müştəri hesab nömrəsidir».

Qeyd edək ki, “İBAN” barədə ətraflı məlumat Mərkəzi Bankın rəsmi internet saytında (www.cbar.az) yerləşdirilib.

SEYMUR



Baxış sayı: 480

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






30 May 2020

29 05 2020