12px13px15px17px
Tarix:28/12/13

Xaricdən kompüter proqramları alanlar hansı vergini ödəməlidir?

Azərbaycanda kompüterləşmənin, internetləşmənin  sürətlə getməsi və beynəlxalq şəbəkədən istifadə edənlərin sayının artması ölkədə fəaliyyət göstərən şirkətlərin də bu istiqamətlərdə addımlar atmasına səbəb olub.
 
Yerli şirkətlər həm əməyin yüngülləşdirilməsi, həm də fəaliyyətlərinin dəqiq qurulması üçün müxtəlif kompüter proqramlarından istifadə etməyə başlayıblar. Həmin proqramların böyük bir qismi yerli mütəxəssislər tərəfindən hazırlansa da, digərləri xarici məhsullardır. Bu baxımdan hazırda sahibkarları düşündürən suallardan da biri xaricdə yazılan proqramlarla bağlıdır. Belə ki, xaricdən tam və ya qismən alınıb ölkəyə gətirilən proqramlarla bağlı hansı vergilərin verilməli olduğu gündəmə gəlib.
 
“ICTnews” elektron xəbər xidməti olaraq sözügedən məsələni araşdırmaq qərarına gəldik.
 
Bununla bağlı ünvanlanan sualları cavablandıran Vergilər Nazirliyi bildirir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə əsasən rezident müəssisəsinin və sahibkarın muzdlu işlə əlaqədar alınan gəlirlər istisna olmaqla işlərin görülməsindən və ya xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər, o cümlədən bu Məcəllənin 13.2.16.2-ci, 13.2.16.10-cu (Azərbaycan Respublikasında saxlanılan və ya istifadə edilən əmlak üçün alınan royalti şəklində gəlir istisna olmaqla), 13.2.16.12-ci (Azərbaycan Respublikasındakı daşınmaz əmlakın icarəyə verilməsindən əldə edilən gəlir istisna olmaqla) və 13.2.16.14-cü maddələrində göstərilən xidmətlərdən alınan gəlir və Azərbaycan mənbəyindən əldə edilən digər gəlirlər üzrə ödəmələrindən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.
 
 
Vergi Məcəlləsinin 168.1.5-ci maddəsində göstərilən xidmətlər xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yerdə ƏDV-yə cəlb edilir. Belə ki, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinə əsasən, patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi, işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda bu maddənin məqsədləri üçün işlərin görüldüyü və xidmətlərin göstərildiyi yer sayılır.
 
Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi olmayan qeyri-rezident tərəfindən proqram təminatından istifadə hüququnun Azərbaycanın rezidenti olan hüquqi şəxsə təqdim edilməsi Vergi Məcəlləsinin 168.1.5-ci maddəsi ilə müəyyən edilmiş hüquqların mülkiyyətə verilməsi xidmətlərinə aid edilməli və bu Məcəllənin 169-cu maddəsinə uyğun olaraq vergi agenti proqram təminatından istifadə hüququnun alınmasına görə qeyri-rezidentə ödəməli olduğu məbləğə 18 faiz dərəcə ilə ƏDV hesablanmalı və dövlət büdcəsinə ödənilməlidir.
 
 
Vergi Məcəlləsinin 169.1-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezident Azərbaycan Respublikasının ərazisində bu Məcəllənin 169.2-ci və ya 169.5-ci maddələrində adı çəkilən vergi agenti üçün xidmət göstərirsə və ya iş görürsə, XI fəslin məqsədləri üçün işlərin görülməsi və ya xidmətlərin göstərilməsi bu maddəyə uyğun olaraq vergiyə cəlb olunur.
Vergi Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi agenti qeyri-rezidentə ödənməli olan məbləğə ƏDV hesablamalı və ödəməlidir. Verginin məbləği məcəllənin 173.1-ci maddəsinin müddəalarına uyğun olaraq vergi dərəcəsinin qeyri-rezidentə ödənməli olan məbləğə (ƏDV nəzərə alınmadan) tətbiq edilməsi yolu ilə müəyyənləşdirilir.
Vergi Məcəlləsinin 169.4-cü maddəsinə uyğun olaraq vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi, əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi Məcəllənin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən elektron vergi hesab-fakturadır.
 
 
Vergi Məcəlləsinin 169.5-ci maddəsinə əsasən vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməmişdirsə, o, hesablanan vergini bu maddəyə uyğun olaraq qeyri-rezidentə ödəmə verildikdən sonra 7 gün ərzində ödəməyə və növbəti ayın 20-dək Vergilər Nazirliyi tərəfindən müəyyən edilmiş formada ƏDV bəyannaməsi verməyə borcludur. Bu Məcəlləyə uyğun olaraq vergi agentinin qeyri-rezidentə ödənilməli olan məbləğ ƏDV-nin hesablanması üzrə əməliyyatları vergi agentinin ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmasına görə müəyyənləşdirilən vergi tutulan əməliyyatlarına aid edilmir. Vergi agenti qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV-ni hesablayaraq büdcəyə ödədikdə, ödəniş sənədlərində vergini qeyri-rezidentdə ödədiyi məbləğdən hesabladığı barədə müvafiq qeyd aparmalıdır.
 
 
Vergi Məcəlləsinin 161.1-ci maddəsinə əsasən, vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir.
Göstərilənlərə əsasən, Azərbaycanda daimi nümayəndəliyi olmayan qeyri-rezident hüquqi şəxslərdən proqram təminatlarından istifadə hüququnun alınmasına görə ödənilən məbləğlərdən alıcının olduğu yerdə rezident hüquqi şəxs tərəfindən Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmaqla yanaşı, həmin iş və xidmətlərin tam dəyərinə məcəllənin 169-cu maddəsi ilə müəyyən edilmiş qaydada 18 faiz dərəcə ilə ƏDV hesablanıb bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.
 
 
Seymur Qasımbəyli



Baxış sayı: 1867

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






27 May 2020

26 05 2020