12px13px15px17px
Tarix:14/08/14

Azərbaycanın debüt sərgisi “ADEX 2014”də elektron mühafizə vasitələri, kosmik texnologiyalar, telekommunikasiya, optik elektron cihazlar nümayiş etdiriləcək

Sentyabrın 11-13-də Bakıda ilk dəfə Azərbaycan beynəlxalq müdafiə sənayesi “ADEX 2014” sərgisi keçiriləcək.
 
Milli müdafiə qüdrətimizin - müasir silah və texnikaların möhtəşəm nümayişi Azərbaycan Müdafiə Sənayesi və Müdafiə Nazirliyinin təşəbbüsü və dəstəyi ilə “Bakı Ekspo”  mərkəzində təşkil olunacaq.
 
“ADEX 2014” sərgisinin təşkilati tərəfdaşı isə “Iteca Caspian” və “Caspian Event Organisers” (CEO) şirkətləridir. “ADEX” sərgisində hərbi silahlar, radar qurğuları, döyüş sursatları, hərbi təchizat, mina əleyhinə sistemlər, elektron mühafizə vasitələri, yerdə, suda və havada mühafizə sistemləri, kosmik texnologiyalar, hərbi-dəniz texnikası və silahlar, aviasiya texnikasının modernizasiyası və təmiri üzrə proqramlar, texniki kəşfiyyat vasitələri, telekommunikasiya, optik elektron cihazlar, mühəndis qurğuları, xüsusi texnika, simulyatorlar və təlim proqramları, eləcə də bir çox digər məhsullar nümayiş etdiriləcək.
 
Təşkilat Komitəsindən qeyd edilib ki, son illərdə Azərbaycan Silahlı Qüvvələri böyük inkişaf yolu keçib, ordunun maddi-texniki təchizat bazası kompleks şəkildə müasirləşdirilib və döyüş qabiliyyəti artırılıb. Azərbaycan xaricdən ən müasir hərbi texnika almaqla yanaşı, yerli hərbi sənayeni də inkişaf etdirərək genişləndirir. Dünya sərgilərində Azərbaycan müdafiə sənayesinin məhsulları nümayiş etdirilir və respublikanın ixrac imkanları ildən-ilə artır:
 
“Müdafiə sənayesi sahəsində ölkənin uğurlarını və sənayenin aparıcı xarici fiqurlarının hazırkı sahədə Azərbaycanla əməkdaşlığa olan marağını nəzərə alaraq, “ADEX 2014” sərgisinin təşkili barədə qərar qəbul edildi. Debüt sərgi yeni qlobal nailiyyətlər və yerli istehsalın ən böyük nümayiş meydançasına  çevriləcək. Sərgiyə böyük maraq göstərilir. Dünyanın 33 ölkəsindən 170-dən artıq şirkət qarşıdan gələn “ADEX 2014” sərgisində öz iştirakını təsdiq edib”.
 
Azərbaycan, Türkiyə, Belarus, Koreya, Polşa, İsrail, Ukrayna və Rusiyadan 8 milli qrup sərgidə öz ekspozisiyalarını nümayiş etdirəcəklər. Sərgi iştirakçıları arasında dünyaca məşhur “MBDA”, “Thales”, “Damen Shipyards Group” şirkətlər qrupu, “Rostexnologiya” korporasiyası, “Rosoboroneksport” (Rusiya), “Denel” (Cənubi Afrika), “Norinco” (Çin), “Bell Helicopter” (ABŞ), “Flir Systems” (ABŞ), “Roketsan” (Türkiyə), “Havelsan” (Türkiyə), Çinin “Tochmash” Dəqiq Maşınqayırma Korporasiyası (“Precision Mechanical Engineering Corporation”), “Ukroboronprom” (Ukrayna), “Yugoimport” (Serbiya), “Paramount Group” şirkətlər qrupu (Cənubi Afrika) və digərləri yer alır. Sərginin platin sponsoru qismində bütün dünya üzrə həm hərbi-dəniz, həm də kommersiya sektorunda keyfiyyətli gəmiqayırma işlərinə görə məşhur olan “Damen Shipyards Group” çıxış edir. Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin nümayəndələri Azərbaycanın milli pavilyonunda öz nailiyyətləri və perspektivləri barədə danışacaqlar. Sərgi sahəsində sənaye nazirliklərinin rəhbərləri, istehsal şirkətləri və sifarişçilərlə çoxsaylı ikitərəfli görüşlərin keçirilməsi planlaşdırılır. “Müasir müharibə metodları və təhlükəsizlik çağırışları” adlı konfrans isə işgüzar proqramda mərkəzi yeri tutur. Konfransın proqramına mütəxəssislər, hərbi ekspertlər, dövlət strukturları və biznes nümayəndələrinin çıxışları daxildir.
 
Ümumilikdə, konfransda 300-dən artıq insanın iştirakı gözlənilir. Konfrans “Jumeirah Bilgah Beach Hotel” mehmanxanasında keçiriləcək. “ADEX” sərgisi ölkənin hərbi potensialının nümayişi, biliklərin mübadiləsi və təhlükəsizlik məsələlərinin müzakirəsi üçün ideal meydançaya çevrilməklə yanaşı, hazırkı sənayedə gələcək əməkdaşlıq üçün silah və hərbi texnikanın istehsalçı və sifarişçilərinin də diqqətini cəlb edəcək.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 749

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






26 May 2020

25 05 2020